DAK niyə fəaliyyətsizdir?

“Bəzən elə vəziyyət yaradırlar ki, milli məsələ ilə məşğul olmaq günah halına gəlir”
“DAK İran kəşfiyyatının, Rusiyanın və başqa məkirli qüvvələrin maraqlarının toqquşduğu bir məkana çevrilib”


Dünya Azərbaycanlıları Konqresi dünyadakı Azərbaycan diasporunun bir hissəsini özündə birləşdirən mühüm beynəlxalq təşkilatdır. Bu təşkilat 1997-ci ildə ABŞ-da yaradılıb. 2005-ci ildə parçalanıb və DAK adlı iki qurum fəaliyyət göstərməyə başlayıb. Onlardan birinə Cavad Derəxti, digərinə Məhəmmədrza Xeşti rəhbərlik edib.

Sonradan Məhəmmədrza Xeştinin rəhbərlik etdiyi DAK adını dəyişərək Demokratik DAK adlandırılıb. 2015-ci ilin aprel ayında Türkiyənin İstanbul şəhərində DAK-ın sayca XIII qurultayı keçirilib və yeni idarə heyəti seçilib. Qurum yarandığı dövrdən etibarən mühüm işlərə imza atsa da, son dövrlərdə fəaliyyəti o qədər də hiss olunmur. Konqresin indiki fəaliyyəti ilə bağlı "Şərq”ə açıqlama verən DAK-ın İdarə Heyətinin üzvü, "Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli deyib ki, təmsil olunduğu qurumun əsas funksiyası Azərbaycanın milli maraqlarını dünyanın sivil toplumlarına və siyasi dairələrinə çatdırmaq, xaricdə yaşayan azərbaycanlıların problemlərini sistemləşdirməkdir: "Həmsədrlərdən biri Sabir Rüstəmxanlıdır, mən də İdarə Heyətinin üzvüyəm. Biz gücümüz çatanı etmişik və edəcəyik. DAK-da Güney Azərbaycanda təqibə məruz qalan 30 milyon soydaşımızın hüquqları ilə bağlı "dəyirmi masa”lar, dinləmələr keçirilir, arayışlar hazırlanır. Daha sonra bu arayışlar tərcümə olunaraq, lazımi qurumlara göndərilir. Əlbəttə, daha böyük işlər görmək mümkündür. Amma bunun üçün milli maraqları ön plana keçirməliyik. Təəssüflər olsun ki, çox vaxt şəxsi mənafelər qabağa keçir və diaspor siyasəti iqtisadi maraqlar üzərində qurulur. Dünya Azərbaycanlıları Konqresi də bu siyasətin tərkib elementi kimi daha uzağa gedə bilmir. Bəzən elə vəziyyət yaradırlar ki, milli məsələ ilə məşğul olmaq günah halına gəlir. Çox vaxt bizi susmağa, əyilməyə, tabe olmağa məcbur edirlər. Onda da işlərimiz yarıtmaz səviyyədə olur”. Z.Məmmədlinin sözlərinə görə, DAK İran kəşfiyyatının, Rusiyanın və başqa məkirli qüvvələrin maraqlarının toqquşduğu bir məkana çevrilib: "Hərə özü üçün bir "DAK” yaradıb. Bu, çox acınacaqlı haldır. Halbuki, DAK indiki zamanda Avropa dairələri ilə ən yüksək səviyyədə dialoqlar quran, milli maraqlarımızı hər yerdə müdafiə edən böyük bir mərkəzə çevrilə bilərdi. Amma buna imkan vermirlər. Dəfələrlə vurğulamışam ki, Azərbaycanın milli məsələləri həddindən artıq çoxdur. Ona görə də bu qurumun büdcəsi Azərbaycan dövlətinin büdcəsi qədər olmalıdır. Biz beynəlxalq təşkilatlara, siyasi dairələrə, xarici parlamentlərə girməyin yollarını axtarmalı və pulumuzu bu yola sərf etməliyik. Lakin bunları edə bilmədiyimiz üçün miskin vəziyyətə düşmüşük. İşimiz biri-birimizi tənqid etməkdir”.

İsmayıl