Dava məzhəb davası deyil

“ABŞ və İsrail can-başla çalışırlar”
Səudiyyə Ərəbistanındakı şiə liderinin qətli və İranda səfirliyin dağıdılması bir bəhanədir


Yanvarın 2-də şiə din aliminin edam olunması Səudiyyə Ərəbistanı ilə İran arasında gərginliyin yaranmasına səbəb olub. Hadisədən sonra iki ölkə arasında bütün diplomatik əlaqələr dayandırılıb. Ekspertlər qarşıdurmanın yaranmasını müxtəlif amillərlə izah edirlər. Bəziləri deyir ki, Səudiyyə Ərəbistanı ilə İran arasında ziddiyyətin əsas səbəbi siyasi faktor və neft amilidir. Digər bir qrup isə düşünür ki, tərəflərin qarşıdurması məzhəb fərqliliyi, yəni sünni-şiə ayrıseçkiliyi ilə bağlıdır. Onların iddiasına görə, müsəlman dünyasını parçalamaq istəyən qərəzli qüvvələr iki islam ölkənin üz-üzə gəlməsində maraqlıdırlar.

Politoloq Arzu Nağıyevin fikrincə, Səudiyyə Ərəbistanındakı şiə liderinin qətli sadəcə bəhanədir və qarşıdurmanın kökündə sırf məzhəb ayrılığı dayanmır: "Düşünürəm ki, bu tək məzhəb ayrılığı ilə və ya bu səbəbdən yaranan qarşıdurma deyil. Burada iqtisadi və siyasi məsələlər də mühüm rol oynayır. Məlumdur ki, bir müddət öncə Səudiyyə Ərəbistanı Türkiyəyə milyardlarla dollar yatırım qoyulması ilə bağlı bəyanat verdi. Eyni zamanda sanksiyalardan sonra İran ilk neftini satdı və gəlir əldə etməyə başladı. Bundan başqa, Türkiyə-Rusiya qarşıdurması davam edir və Rusiya İranla müttəfiqdir. Eyni zamanda Rusiya barışdırıcı mövqe tutmağa çalışır və bununla bağlı təkliflər irəli sürür. Yəni Səudiyyə Ərəbistanındakı şiə liderinin qətli və İranda səfirliyin dağıdılması bir bəhanədir. Bundan başqa Səudiyyə Ərəbistanında əsas neft yataqlarının yerləşdiyi ərazilərdə şiələr yaşayır”.

Politoloq maraqlı dövlətlərin müsəlman dünyasına məzhəb ayrılığı salmaq istədiyini də istisna etməyib. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, Rusiya və İran Bəşər Əsədin qələbəsini yaxınlaşdırmışdı. Eyni zamanda bir çox müsəlman ölkələrinin bir dam altında toplanması məsələsi gündəmdə idi: "Əgər bunlar baş verərdisə, islam dünyasındakı daxili ziddiyyətlər aradan qalxa bilərdi. Bundan narahat olan Qərb dairələri Səudiyyə Ərəbistanda öz işini gördü. Hamıya məlumdur ki, Səudiyyə Ərəbistanda hakimiyyətdə olan vəhhabilər Qərbin əlində oyuncağa çevrilib. Həm Suriyada itirilən mövqeni bərpa etmək, həm də islamı daha dərindən parçalamaq üçün şiə alimi edam etdirdilər. Əslində həmin şəxs çoxdan həbs edilmişdi və daha əvvəl asıla bilərdi. Onun məhz indi edam olunması heç də təsadüf deyil”. S.Cəlaloğu münaqişənin hərbi müstəviyə keçəcəyini düşünmür: "Sadəcə islam həmrəyliyinin qarşısı alınacaq. Müsəlman dövlətləri qütbləşəcək. Ərəb ölkələri Səudiyyə Ərəbistanın yanında yer alacaq. Şiə məzhəbli dövlətlər isə İranın ətrafına toplaşacaq. Yaranmış gərgin vəziyyət İslam Konfransı Təşkilatının dağılmasına da səbəb ola bilər”.

İlahiyyatçı-alim Seyid Camal Əzimbəyli də baş verənləri ürəkağrısı ilə izlədiyini deyib: "Sanki müsəlmanın müsəlmandan başqa problemi yoxdur. Bunu planlı şəkildə həyata keçirən qüvvələr var. Neft amili insanların fikirlərini dolaşdırmaq məqsədi ilə ortaya atılıb. Düşüncəm ondan ibarətdir ki, güclənən müsəlman dünyasının, hətta məzhəblərarası bütöv bir birliyin baş tutmaması üçün ABŞ və İsrail can-başla çalışırlar. Qərbin strateji beyin mərkəzləri, siyasi institutları illərdir fəaliyyət göstərir ki, proqramlı şəkildə islamı parçalasınlar və müsəlman birliyinin vəhdətinə mane olsunlar. Təəssüflər olsun ki, bu işdə bəzi islam dövlətlərinin rəhbərləri də bilərəkdən və ya bilməyərəkdən "peşəkarcasına” rol oynayırlar. Onlar məkirli qüvvələrin dəyirmanına su tökürlər”.

İlahiyyatçı mətbuatda "şiə alim” yazılmasının tərəfdarı olmadığını söyləyib: "Nə fərqi var, sünni və yə şiə alim. Əsas odur ki, haqqı deyən, insanların azadlığı uğrunda mübarizə aparan bir din mütəfəkkiri qətlə yetirilib. Bu addım nə dövlətə, nə də dinə başucalığı gətirir. Həmçinin, İranda ərəb dövlətlərinin səfirliklərinə hücum edilməsi də heç bir halda nə islam adına, nə da "əhli beyt” sevərlər adına yaraşır. Aydındır ki, xarici qüvvələr bunu bilərəkdən edirlər və təbii olaraq sünni-şiə qarşıdurmasının yaranmasını istəyirlər. O cümlədən beynəlxalq aləmə də bu cür çatdırmaq istəyirlər. Fikrimcə, müsəlmanlar bu cür həssas məsələlərdə ehtiyatlı davranmalıyıq. Məzhəb təəssübkeşliyi etməməliyik”.

İsmayıl