Daxilən zəngin, zahirən təmkinli insan…

…və ya ruhu ellərdə dolaşan vətəndaş
Elə insanlar var ki, onlar haqqında danışmaq çox məsuliyyətli və şərəflidir. Bu insanlar şəxsi mənliklərini elə tərbiyə etmişdirlər ki, onların batini zənginliyi ilə zahiri təmkini kəsişir və bu kəsişmə nöqtəsində bütün keyfiyyətlər daha da mükəmməlləşir. Haqqında bəhs edəcəyim insan da məhz öz mənini şəxsiyyətə dönüşdürən biridir. Bu insan böyük bir elin tanınmış soyunun soydaşı, hər kəsin dost, yoldaş dediyi, hər kəsin qardaşı Ramiz Göyüşovdur. Tanrı Ramiz müəllimə gözəlliklə bağlı bütün əsrarəngiz keyfiyyətləri bəxş etmişdir. Belə ki, Ramiz müəllim hər nə olursa olsun, orada gözəllik, mükəmməllik, harmoniya axtaran insandır.Və tapdığı gözəlliyin fərqinə varan,bu gözəlliyi yaşatmağı bacaran əvəzolunmaz şəxsdir. Görkəmli inğilis yazıçısı Oskar Uayld çıxışlarının birində söyləyir ki, hər bir gözəllikdə pislik axtaranlar korlanmış insanlardır və bu günahdır. Hər bir gözəllikdə onun yüksək mənasını görənlər isə mədəni insanlardır. Əsil insan gözəllikdə elə gözəlliyi görməyi bacaranlardır... Sanki bu ibrətamiz deyimin sonuncu iki hissəsi məhz elə Ramiz müəllim haqqında söylənilmişdir.
Haqqında bəhs etdiyim insanın gözəlliklə həmahəngliyi həm davranışlarından,həm də münasibətlərindən aydın surətdə sezilir.Çünki onun özünü gözəllik xəlq edib,onu gözəllik yoğurub. Ramiz müəllimin mənsub olduğu, Qazaxda məşhur olan Göyüşovlar soyunun bütün şəxsiyyətləri, nümayəndələri həmişə el-obaya bağlı, yurda başucalığı gətirən pozitiv auralı insanlar olublar. Ramiz müəllim də o şəcərənin ən görkəmli davamçılarındandır ki,harada işləməyindən asılı olmayaraq, hörmətli insan kimi həmişə qəlblərdə özünə məskən salmışdır.
Düzü Ramiz müəllimin qardaşı Abbas Göyüşovu lap uşaq vaxtlarımdan – doğulduğum Yuxarı Salahlı kəndindəki "Vaqif” adına üzümçülük sovxozuna rəhbərlik etdiyi zamanlardan tanıyırdım. Ramiz müəllimi isə əvəllər şəxsən tanımasam da, həmişə onun haqqında müxtəlif məslək sahiblərindən xoş sözlər eşitmişdim. Əsasən də ədəbiyyatçı dostlarım bu fenomenal yaddaşa malik şəxsiyyətdən ağızdolusu danışardılar.Tale, qismət elə gətirdi ki, mən Ramiz müəllimi şəxsən 2011-ci ildə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutuna kafedra müdiri təyin olunan vaxtdan tanımağa başlamışam. İnstitutumuz Binəqədi rayonu ərazisində yerləşdiyindən və rektorumuz professor Asəf Zamanovun şəxsi dostluq əlqaələrininin olduğundan, əlamətdar günlərin əksəriyyətində YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovu əksər tədbirlərdə görə bilirdim. Səliqəli geyimli, harmonik idmançı formalı, şux qamətli, çöhrəsi nurlu, gülərüz Ramiz müəllim hər dəfə tribunaya qalxıb çıxış edərkən hamının diqqətini anidən özünə çəkməyi bir natiq ustalığı ilə bacarırdı. Ramiz müəllim hansı mövzudan danışarsa, onu sevərək, ruhundan doğan atəşlə danışırdı. O, həmçinin siyasətlə ədəbiyyatın inteqrasiyasını özünəməxsus incəliklə verə bilən dərin insandır. Hər bir siyasi hadisənin motivasiyasını ədəbi çalarlar üzərində kökləyərək bəzən şeirlə, bəzən də hansısa yazıçıdan sitat gətirməklə yorğun dinləyicidə belə, ciddi maraq oyada bilir. Dəfələrlə iştirakçısı olduğum tədbirlərdə Ümummilli lider, ulu öndər Heydər Əliyevin siyasi dəst-xəttini, ictimai fəaliyyətini özünəməxsus maneralarla elə qabarıq şəkildə təqdim edirdi ki, sanki böyük öndərlə bir auditoriyada nəfəs-nəfəsə oturmusan.
Ramiz müəllim siyasətçi, məmur olsa da onun ədəbiyyata bağlılığı dərin ruh dünyasında alovlanan təbiət və lirika harmoniyasının möhtəşəmliyindən doğur. Bu möhtəşəmlik vətən, yurd, el-oba sevgisindən yaranır. Ramiz müəllimlə söhbət etmək, sözün həqiqi mənasında insana xüsusi zövq verir. Onun şeirə, şeiriyyətə və bir sözlə ədəbiyyata vurğunluğundan doğan xarakterik əlamətlər siyasətçi xarizmasında da təzahür etmişdir.
Eşidib biləndə ki, Ramiz müəllimin "Sən bizim ellərin ruhuna bir bax...” adlı yeni kitabı çapdan çıxıb, əldə edə biləcəyim ünvanı dəqiqləşdirib bilən kimi dostum, qardaşım Əkbər Qoşalıya zəng edib mənim üçün də kitab saxlamasını xahiş etdim. Həm də gözəl eloğlum, hörmətli Məti Osmanoğlunun kitaba yazdığı "Ruhumuzun görünən və görünməyən tərəfləri” adlı rəy xaraketrli qəzet məqaləsini oxuduğumdan həvəsə gəlib, gecikmədən Atatürk Mərkəzinə yollanaraq kitabı əldə etdim. Adətim üzrə ilk olaraq kitabın mündəricat bölümünə baxdım. Elə orada adlarını gördüyüm şəxsiyyətlərə olan hörmətim kitabı mənə daha çox sevdirdi. Bu kitabı oxuduqdan sonra bəzi qeydləri verməyi gərəkli bildim.
İlk öncə onu qeyd edim ki, kitabda haqqında bəhs edilən insanların hər biri Azərbaycan ədəbiyyatında bu və ya digər formada ağır çəkisi olan insanlardır.
Səməd Vurğun və Hüseyn Arif haqqında bəlkə də onlarca kitab, yüzlərcə də məqalə oxumuşam, amma Ramiz müəllim bu iki dahini elə incə ruhla təqdim edərək qələmə almışdır ki, sanki ilk dəfədir bu iki dahini oxumuş olursan. Hüseyn Hüseynzadənin gözunün ağı-qarası, təkcə oğlu Arifin ölümünün şairin sonrakı həyatına təsirini şairin öz şeirlərində və başqa şairlərin əsərlərindən nümunələr gətirərək müqayisəli təhlillər əsasında ilk dəfə Ramiz müəllimin yanaşmasında gördüm.
Nəriman Həsənzadə haqqında yazılan məqalədə təhlillər və izahlar elə peşəkarlıqla veilmişdir ki, sanki bir elmi tədqiqat əsəridir. Şairin həyatına konseptual şəkildə varan tədqiqatçı bu varlıqda insanla zamanı, sahə ilə fəzanı qarşı-qarşıya qoyaraq, bizə cavanlıqdan müdrikləşmiş bir dahini göstərmiş olur. Onun əsaərlərindən seçilmiş ibrətamiz kəlamları ilk dəfə oxucuya yetirir.
Zəlimxan Yaqubdan yazılmış məqalədə Ramiz müəllim sevimli şairimizin poetik dilinin gözəlliklərinə eyham vuraraq, Zəlimxan Yaqubu dilimizin zənginliklərindən, geniş imkanlarından, gözəlliklərindən ustalıqla istifadə edərək sözdən abidə yaradan sənətkar adlandırır. Şairin ulu öndər Heydər Əliyevə həsr etdiyi "Qurtuıuş dastanı” əsəri haqqında yazarkan belə deyir: "Zəlimxan Yaqub bu dastanı yazmadı, bu dastanı yaşadı...”.
Gözəl şairimiz Məmməd İlqar haqqında yazdığı "Gözünə düz baxanda ürəyinin dibi görünən şair...” (bu cür sözlər ancaq və ancaq batini dərin və zəngin insanlara xasdır) mqaləsində qeyd edir ki, şairlə şəxsən tanış olmasam da onun ədəbi yaradıcılığına dərindən bələdəm. Oxucu üçün məlum olur ki, bu dərin bələdçiliyə vəsilə olmuş səbəbkarlardan biri də Ramiz müəllimin yaxın dostu, rəssam, incə qəlbli şair Məmməd Dəmirçioğlunun varlığıdır. (Çünki Dəmirçioğlu qağamız həmişə başı üzərində Ağamalı Sadiqi, AkifSəmədi, Məmməd İlqarı "şeir əjdahası” bildiyindən, onların dərin yaradıcılığından nümunələr dedikdən sonra özünün ruhsal şeirlərini qəlblərə hopdurardı).
Davud Nəsibə həsr olunmuş "Davud Nəsibin özünü və sözünü xatırlayanda” adlı məqalədə düzünü desəm Ramiz müəllimi daha çox əsl qazaxlı kimi tanıya bildim. Davud Nəsibin yaradıcılığını, daha çox "Cavanşir” romanının çalarları üzərindən təqdim etsə də, onun şeirlərinin təhlillərini də ustalıqla vermişdir...
Könül dostum, şəxsiyyətinə dərin sayğı duyduğum Rüstəm Kamalın 50 illiyi münasibətilə yazılmış "Oğuz ruhu daşıyan adam” adlı məqalədə bu dərin insanların dostluq münasibətlərinin xronoloji ardıcıllığı da verilmişdir. Ümumiyyətlə onu deyim ki, Rüstəm Kamal mənim üçün qeyri-adi ilahi təsir imkanlarına malik şəxsiyyətdir. Rüstəm müəllimin yazdıqlarını oxuduqca mənim təsəvvürmdə üçölçülü fəzadan dördölçülü fəzaya keçid baş verir. Buna görə də Ramiz müəllim haqlı olaraq yazır ki, Rüstəm Kamal danışdığı kimi də yazır... Bir az da daha tutarlı arqumentlərə söykənən yazar qeyd edir ki, xoşbəxt o şəxslərdir ki, zəngin daxili aləmi ilə xarici görkəmi vəhdət təşkil edir. Rüstəm Kamal da belə xoşbəxt kəslərdəndi.
Hamımızın sevimlisi, şairə xanim Fəridə Ləmana ünvanlanan "İncənin incə qəlbli fədakar xanımına” adlı məqalədə Ramiz müəllim qəlbi yurd, vətən həsrəti ilə döyünən xanımın böyük xidmətlərini oxucuya ustalıqla çatdırır.
Mərhum şairimiz Eldar Nəsibli haqqında yazılan məqalədə Ramiz müəllim Eldarsevərləri ovundurmaqla bərabər, içimizdə yaşanan Eldarsızlığı azacıq da olsa unutdurmaq istəyib. Elə buna görə də Ramiz müəllim qeyd edir ki, doğrudur Eldarın haqqında yazı yazmaq üçün onun istənilən bir şeirini oxuyub fikir yürütmək, onun xarakterlərini açmaq olar. Lakin mən istədim ki, bizim tanışlığımızdan əvvəlki vaxtlardakı yaradıcılığı ilə tanış olub, onun həmin şeirləri yazdığı vaxt hansı ovqatda olduğunu müəyyənləşdirim... O qeyd edir ki, dahi Səməd Vurğundan sonra Qazax mahalından çıxmış şairlər arasında Eldar Nəsibli kimi Göyəzənin gözəlliyini və əzəmətini incəliklə vəsf edən üçüncü şair yoxdur. Lakin Ramiz müəllimin özü də məqalədə özündən xəbərsiz öz dostunun həsrət burulğanında sona qədər fırlanaraq Eldar Nəsibli həsrətimizə, sadəcə, şairin özünün dediyi kimi:
Torpağı olmaqçün anam Qazaxa,
Mən gəldim özü də vaxtında gəldim!
kövrək və titrək kəlmələrlə son qoya bilmir. Kitabdakı digər məqalələrdə haqqında yazılan insanların çoxu ilə həmmüasir olsaq da onları sözün həqiqi mənasında Ramiz müəllimin zəmanəti ilə daha dərindən tanımış olduq.
Şair Taleh Həmid haqqında yazılan "Hər zaman xoş gördük, Taleh Həmid” adlı məqalədə sanki Ramiz Göyüşovu dostları, yoldaşları daha dərindən tanıyır. Bu insanın kristallik şəxsiyyətində formalaşmış mənəvi daxili dünyası özündən xəbərsiz qələmə dolaraq yazıya tökülür. O, dostuna olan sevgisini ehtiva edərək onu aysberqə bənzədir. Taleh Həmidin həyatını elə özünün əsərlərindən təhlillər apararaq verir...
Ramiz müəllim nə qədər müasirliyə, tərəqqiyə meylli bir insan olsa da, onun keçmişlə bağlı nastolji duyğuları da oxucunun diqqətindən yayınmır. "Ruhani kökü üstə düşüncələr” məqaləsində "Yadımdadır, mən hələ uşaq olanda bizim balaca kəndimiz Abbasbəylidə toyları qara zurna və saz müşayiət edərdi. Bu toylardan isə ən çox yadımda qalanı "Ruhani” havasına ağır kişilərin oynamasıdır. Həmin məclislərdə yeyib-içdikdən sonra, xüsusilə mağarlarda rəqs edirdilər və bu havaya ən çox oturub-toxtamış, yaşlı, ağır kişilər oynayardılar... Sonralar böyüdükcə, məclislərdə iştirak etdikcə bunun dəfələrlə şahidi oldum və belə qənaətə gəldim ki, bu hava elə Qazax mahalının havasıdır. Özü də ağır kişilərin”.
"Şuşada görüşmək arzusu ilə” adlı məqaləsində Ramiz müəllimin səliqə-sahmana, təmizliyə nə qədər vurğun insan olmasını görürük. Onun qələmindən çıxan bütün yazılarında bu detallar özündən qeyri-ixtiyari önə çıxır: "Yadımdadır. Dərs ili təzəcə başlamışdı. Auditoriyaya səliqəli geyimli, yaraşıqlı, üst-başından səliqə-sahman yağan, cavan bir oğlan daxil oldu...”.
Ramiz müəllimin yazılarının hamısında bir eynilik, bir oxşarlıq vardır ki, o da müəllim adına, ziyalı adına, alim adına hörmət, ehtiram və sevgidir. Çünki mükəmməl ailə tərbiyəsi almış Ramiz Göyüşov özü də ziyalı, müəllim və alim adını şərəflə daşıyır. Məhz onun ruhsal batini zənginliyini mükəmməllşdirən də şərəflə daşıdığı bu müqəddəs titullarıdır ki, buna görə də daim onun nurlu çöhrəsində, zahiri görkəmində səbr, təmkin müşahidə edirik. Həmçinin Ramiz müəllim aktiv siyasətçi kimi də öz ruhsal dünyasına borcludur. Məhz bütün bu keyfiyyətlərinə görə də Ramiz müəllimin ədəbi dünyası haqqında da bunları demək olar: O, fikrin rangərəngliyini sözün ahənginə tabe edən və onu səlis cümlələrə düzüb, axarlı olaraq sevimli oxucusuna ötürə bilən insandır.
Yusif Alı Afşar