Bir mənzilin bir neçə nəfərə satılması halları əvvəllər daha çox olurdu
Tikinti şirkəti ilə vətəndaş arasında mütləq müqavilə imzalanmalıdır
Növbəti mənzil fırıldağının üstü açılıb. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi "AENT-E” MMC-nin direktorunun qanunsuz əməllərini üzə çıxarıb. Məlum olub ki, şirkət rəhbəri MMC tərəfindən inşa edilmiş binada əvvəlcə satılmış mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satıb. Və bu yolla 166 min 500 manat gəlir əldə edib.
Son illərdə bir mənzilin bir neçə nəfərə satılması hadisələri tez-tez baş verir. Hətta bir-iki il əvvəl Prezident Administrasiyası vətəndaşları aldadan, onların inamından sui-istifadə edən, qanunsuz əməllərlə külli miqdarda vəsait mənimsəyən mənzil-tikinti kooperativlərinin siyahısını da açıqlamışdı.
Bəs vətəndaşlar niyə belə möhtəkirlərin toruna düşür?
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev "Şərq”ə açıqlamasında bildirdi ki, bir mənzilin bir neçə nəfərə satılması halları əvvəlki illərdə daha çox olub. Tikinti dələduzları vəziyyətdən sui-istifadə edirdilər. Son zamanlarsa Tikinti Məcəlləsinə bir sıra dəyişikliklər edilib, qanunvericilikdə də təkmilləşmə aparılır. Yəni, mənzil-tikinti kooperativlərinin qanunsuz əməllərinin qarşısı alınır:
- Belə hallar ən çox ondan baş verirdi ki, MTK-ların bir neçə şəriki olurdu, onlar da ayrı-ayrılıqda gəlir əldə etmək üçün mənzilləri fərqli-fərqli şəxslərə satırdılar. Hər şərikin özünün "qara mühasibatlığı” olurdu. Səlahiyyətlərindən istifadə edib özgə əmlakının mənimsənilməsinə yol verirdilər. Vətəndaşların hüquqi savadsızlığı da aldatmaya səbəb olur. Bilirsiz ki, Respublika Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tikinti şirkətləri ilə bağlı çoxsaylı cinayət işləri qaldırıb. Sizə deyim ki, vətəndaşlara dəymiş ziyanın ödənməsinə 80 faiz nail olunur. Doğrudur, dəymiş ziyanın ödənməməsi halları da var.
Amma burada bəzən vətəndaşlar da günahkardır. MTK-larla vətəndaş arasında müqavilə imzalanmalıdır. Həmin müqavilədə tikinti və mənzillə bağlı bütün şərtlər qeyd edilməlidir. Amma bəzən vətəndaşlar müqaviləni imzalayarkən onun şərtlərinə baxmır, diqqətli yanaşmır. Bundan əlavə, vətəndaşlar alqı-satqı məsələlərini notariat kontoru vasitəsilə sənədləşdirmirlər, təsdiqlətmirlər. Bəzən ona görə ki, rəsmi şəkildə təsdiqləndikdə, rüsum ödəməli olacaq.
Rüsumu ödəməmək xatirinə özləri qanunsuzluğa rəvac verirlər, bəzən də nəticə çox pis olur. Vətəndaş MTK-dan mənzil aldığını hüquqi sənədlərlə sübuta yetirə bilmir. Problem həm də bundadır ki, korrupsiya idarəsi daxil olan şikayətlər əsasında araşdırmalara başlayır. Vətəndaş mənzilin tikintisi üçün pul ödəyir, bəzən binanın tikintisi bir neçə il uzanır, vətəndaş gözləyir, bir də məlum olur ki, şirkət sahibi pulları götürüb qaçıb. Bundan sonra əlaqədar qurumlara müraciətlər başlayır. Amma həmin şəxsin yaxalanması da vaxt aparır, bəzən yaxalandıqda dəymiş ziyanı ödəmək iqtidarında olmadığı üzə çıxır, bunun üçün müəyyən vaxt qoyulur və s.
Vətəndaş da, şirkət sahibi də bütün işlərin hüquqi sənədlərlə aparılmasında maraqlı olmalıdır, çünki bu, onun gələcəyinin təminatıdır. Şirkət rəhbərinin inşa etdiyi obyekti Dövlət Reyestri Xidmətində qeydiyyata aldırması ona daşınmaz əmlak üzərində təminat hüququ verir. Həmçinin, vətəndaş da almaq istədiyi və ya tikintisinin başa çatmasını gözlədiyi mənzili əvvəlcədən notariat qaydada rəsmiləşdirməklə, sabah baş verə biləcək hər hansı hadisədən özünü sığortalamış olacaq. Vətəndaş müqavilələrin, sənədlərin təsdiqini notarial qaydada tələb etsə və bu sahədə qanunvericiliyə əməl edilsə, mənzil fırıldaqçılarından yaxa qurtara bilərik.
Məlahət Rzayeva