Bu günlərdə ölkə mətbuatında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyevin "Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” başlıqlı məqaləsi dərc olunub. Sözügedən məqalədə müxtəlif istiqamətlərə toxunan Administrasiya rəhbəri vurğulayıb ki, idarəetmə islahatları ayrı-ayrı dövlət orqanlarının əsasnamələrinə yenidən baxılmasını və onların ciddi şəkildə ekspertizadan keçirilməsini tələb edir. Akademikin fikrincə, öz fəaliyyətini siyasi müstəvidəki konyunktur dəyişiklikləri üzərində quran, daha çox qeyri-səmimiliyi, süst və ətalətli fəaliyyəti ilə seçilən, komanda prinsipini qətiyyən gözləməyən məmurlarla Azərbaycanın inkişafı naminə müəyyən edilmiş ali məqsədlərə çatmaq üçün vaxt baxımından çox böyük itkilərə yol aça bilər: "Bu baxımdan Prezident İlham Əliyev yerli sahibkarlarla görüşü zamanı dövlət məmurlarının vahid komanda şəklində çalışmasının vacibliyini heç də təsadüfən söyləməmişdir. Azərbaycanın gözəl gələcəyi var. Azərbaycanda sabitlik var. Azərbaycanda gözəl insan potensialı var, çox peşəkar insanlar var. Əlbəttə, siyasi iradə də var. Əgər biz hamımız hərə öz yerində bu istiqamətdə vahid bir komanda kimi çalışsaq, əminəm ki, yaxın zamanlarda Azərbaycanda sahibkarların qarşısında heç bir problem olmayacaqdır”.
Akademik bu yanaşmasını yüksək dəyərləndirən millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli qeyd edib ki, ölkə başçısı inauqurasiya prosesindən sonra öz komandasını yenidən təşkil edəcək, baş nazir başda olmaqla bütün hökuməti istefaya göndərəcək:"Hörmətli Ramiz Mehdiyevin fikirləri də ona istiqamətlənib ki, idarəçilikdə daha dürüst, keyfiyyətli kadrlar təmsil olunsun. Akademik inkişafın Azərbaycan modeli barədə xeyli əhəmiyyətli təkliflərin müəllifidir. Hətta onun məqalələrində, kitablarında Sinqapur, Malayziya inkişafının modellərinə oxşarlıq müşahidə olunur. Hər bir halda R.Mehdiyevin təmsil etdiyi ölkənin inkişaf modelində siyasi, iqtisadi islahatlar, Azərbaycanın keçmişi və bu günü, yerləşdiyi coğrafi ərazi, insan potensialı, mentalitet məsələləri əsas götürülür. R. Mehdiyevin fikirləri konseptual baxış ifadə edir. Ciddi şəkildə əsaslandırılmış inkişaf modeli iqtisadi islahatları, böhrandan yan keçməyi, neftdən asılılığı azaltmağı, sahibkarlığı inkişaf etdirməyi təbliğ edir”.
T. Kərimlinin sözlərinə görə, bu əsasla kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar qanunvericilikdə müxtəlif dəyişikliklər hazırlanır:
"Bundan əlavə, vergi sisteminin optimallaşdırılması, logistika sahəsində əhəmiyyətli dəyişiklər müzakirə olunur. Bütün bunları reallaşdırmaq üçün yeni düşüncəli məmurlar, komanda şəklində effektiv çalışan kadrlar lazımdır. Bir neçə il əvvəl administrasiya rəhbəri təhsildə və digər sahələrdə islahatlar, kadr çatışmazlığı barədə ciddi məqalə ilə çıxış etmişdi. İndi isə o, gənc və orta nəslin nümayəndələrinin, istedadlı səriştəli kadrların önə çəkilməsinin vacibliyini vurğulayıb. İdarəçilikdə yaradıcı potensialı olan, novator insanların yer almasını təbliğ edir”.
Administrasiya rəhbərinin təkliflərinin reallaşdırılmasına gəlincə, deputat diqqətə çatdırıb ki, hər hansı bir şəxs belə nəzəri mülahizələrlə çıxış etsəydi, təkliflərinin havada qalacağı barədə şübhə formalaşa bilərdi:
"Halbuki, yüksək səviyyəli dövlət adamı bu fikirləri ortaya qoyursa, deməli islahatlara təsir edə bilər. Ölkə başçısının fikirlərinə diqqətlə yanaşdığı R. Mehdiyev bu dəfə də əhəmiyyətli təkliflərinin reallaşdırılmasına çalışacaqdır”.
Aysel Aslan