Azərbaycanda işçilər işdən çıxarılarkən onlara əmək stajlarından asılı olaraq, xəbərdarlıq ediləcək.
Eyni zamanda, işdənçıxarma müavinəti verilərkən də işçinin stajı nəzərə alınacaq.
Sherg.az-ın məlumatına görə, parlamentin iclasında Əmək Məcəlləsinə dəyişikliklərin edilməsini nəzərdə tutan qanun layihəsi barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.
Əmək Məcəlləsinin hazırki variantına görə, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən bu məcəllənin 70-ci maddəsinin "B" bəndi ilə əmək müqaviləsini ləğv etməzdən azı 2 ay əvvəl işçisini bu barədə rəsmi xəbərdar etməlidir.
Layihəyə görə isə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən əmək müqaviləsinin ləğvi barədə xəbərdarlıq edərkən onların əmək stajını nəzərə alacaq.
Layihəyə görə işçinin 1 ilədək əmək stajı olduqda ona ixtisar və ştatının ləğv olunacağı barədə xəbərdarlıq müqavilə ləğv edilməzdən azı 2 təqvim həftəsi əvvəl, stajı 1 ildən 5 ilədək olduqda azı 4 təqvim həftəsi əvvəl, stajı 1 ildən 10 ilədək olduqda azı 6 təqvim həftəsi əvvəl, stajı 10 ildən çox olduqda azı 9 təqvim həftəsi əvvəl edilməlidir.
Bundan başqa, məcəllənin hazırkı variantına görə, əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" və "b" bəndləri ilə ləğv edilərkən işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti verilir, işçilərə işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir.
Müzakirə zamanı deputat Qüdrət Həsənquluyev Əmək Məcəlləsinin 77-ci maddəsində ixtisar zamanı işçilərin xəbərdarlıq edilməsi ilə bağlı fərqli müddətlərin müəyyən edilməsinin düzgün olmadığını bildirib. O bununla razılaşmadığını söyləyib.
Deputata həmkarı Hadı Rəcəbli cavab verərək deyib ki, bu təcrübədən beynəlxalq səviyyədə də geniş istifadə olunur, narahatlığa əsas yoxdur.
Müzakirədən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Anar