Deputat söz verdi: “Bu məsələni parlamentdə qaldıracam”





"Ölkəmizdə atalıq məzuniyyəti haqqında qanunun qəbul edilməsi üçün parlamentdə təkliflərimi səsləndirəcəm”.

Bu sözləri "Sherg.az”a açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Deputatın sözlərinə görə, Azərbaycanda atalıq məzuniyyətinin olması zəruridir və bunun üçün heç bir əngəl yoxdur:

"Azərbaycan ənənəvi islam dövlətlərindən biridir. Xalqımız hər zaman islam adət-ənənlərinə əməl edib. Hətta çar Rusiyasının tərkibinə daxil olanda, sovet dövründə belə milli adət-ənənələrimizi qoruyub saxlamışıq. 

Açığını demək lazımdırsa, Azərbaycanda belə bir qanunun olmaması daha çox patrialxal sistemin mövcudluğu ilə bağlıdır. Yəni, ailədə ananın evdar xanım olması, uşaqlarını böyütməsi, atanın isə çöldə işləyib evə ruzi gətirməsi kimi əmək bölgüsü olub. Bu səbəbdən analıq məzuniyyəti kimi atalıq məzuniyyətinin səslənməsi düzgün qəbul olunmayıb.

Parlamentdə övladın saxlanması üçün atanın və yaxud uşağa baxan digər şəxsin təminatı ilə bağlı qanunvericilikdə dəyişiklikləri nəzərdən keçirmişik. Əvvəllər belə fikirdə idim ki, heç olmasa atanın 40 gün anaya kömək etməsi üçün məzuniyyəti hesablansın. Ona görə də, bir sıra dövlətlər, o cümlədən İspaniya tamamilə düzgün yoldadır”.

Parlamentarinin qənaətincə, ölkəmizdə atalıq məzuniyyəti haqqında qanunun qəbulu mövcud psixoloji baryerin aradan qalxmasına şərait yaradacaq:

"Həmçinin qadın və kişi bərabərliyi təmin olunar, sosial məsuliyyətin də bərabər bölünməsinə şərait yaradılar. Azərbaycanda belə qanunun qəbul olunması üçün müəyyən əmək şəraiti var. Dövlətin imkanları da buna imkan verir. Hər bir halda bu, çox yaxşı bir qərardır. Parlamentdə belə qanun müzakirə olunsa, təbii ki, səs verərdim”.

Qeyd edək ki, İspaniyada atalıq məzuniyyəti 5 həftədən 8 həftəyə artırılıb. Ümumiyyətlə İspaniya hökuməti bu müddəti 16 həftəyə qədər uzadaraq analıq məzuniyətinin müddəti ilə bərabərləşdirmək istəyir. Məzuniyyətin artırılması ilə bağlı qanun layihəsi aprelin 1-dən etibarən qəbul olunub. Qanunda ata və ananın uşağın üzərində bərabər hüquqa malik olduğu vurğulanır.


Yeganə Bayramova