Deputat təqdir etdi:"Rusiya mətbuatındakı təxribatlara hüquqi müstəvidə cavab..."







"Rusiya media quruluşlarında yol verilən təxribatlara Azərbaycanın hüquqi müstəvidə cavab verməsi təqdirolunan addımdır”.

Bunu "Sherg.az”a "İzvestiya” qəzetinin "İz.ru” informasiya portalında Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yerləşən qondarma rejimin bayrağı və digər şüarların nümayiş etdirilməsinə münasibət bildirərkən millət vəkili Zahid Oruc deyib. 

Onun sözlərinə görə, belə məsələlərə qarşı Azərbaycan elə addımlar atmalıdır ki, 90-cı illərin səhvlərindən nəticə çıxardığımız səviyyədə cavablar olsun:

"Elə həmin dövrə qayıtsaq, Rusiyanın əsas kanallarında çıxış edən simalar bu gün də Azərbaycan xalqının yaddaşında mənfi şəkildə qalıb. Onlar informasiya məkanında ermənilərin mövqeyini müdafiə etməklə diqqət çəkirdilər.

Halbuki Vladimir Putin dönəmində iki ölkə arasında separatizm cəhdlərinin qarşısının alınması, bunlara dəstək verilməməsi müşahidə olunur. Digər münaqişələrdən fərqli olaraq, Rusiya informasiya resursları Qarabağdakı prosesləri bizim iradəmizin ziddinə çəkmək istiqamətində fəaliyyət göstərmirlər. Epizodik addımlar, ermənilərin təsiri ilə çox az hallarda səsləndirilən fikirlər var. Bu isə Rusiyanın dövlət siyasətindən daha çox bizim tənbəlliyimiz, o cür siyasət, media generalları yetişdirməməyimiz, Rusiyada yaşayan azərbaycanlıların prosesə maraq göstərməməsi və s. hallardan qaynaqlanır”.

Azərbaycanın uzun illərdir Rusiya media məkanına yetərincə material təqdim etdiyini qeyd edən deputat vurğulayıb ki, KİV bu çərçivələri gözləməlidir:

"İki ölkə arasında formalaşmış yaxşı münasibətlər belə mənfi halların ayrı-ayrı şəxslərin özəl maraqlarından qaynaqlandığını deməyə şübhə yaratmır. Azərbaycanın beynəlxalq məkandakı lobbi fəaliyyətini hər yerdə linç etməyə çalışanlar belə yazılarda "erməni konyakı” kimi primitiv məqamları axtarmayacaq”.

Qeyd edək ki, Baş prokuror Zakir Qaralov "İzvestiya” qəzetinin "İz.ru” informasiya portalının redaksiyası tərəfindən 16 aprel 2018-ci il tarixdə həmin portalda yayılmış məlumatda Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yerləşən qondarma rejimin bayrağı və digər şüarların nümayiş etdirilməsi ilə əlaqədar Rusiya Federasiyasının baş prokuroru Yuriy Çaykaya müraciət edib. Müraciətdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yol verilmiş qanunazidd hərəkətlər qəti şəkildə pislənərək, informasiya portalının redaksiyası tərəfindən yol verilmiş təxribatın ictimaiyyət arasında geniş rezonans doğurması bildirilməklə obyektiv və ədalətli şəkildə araşdırma aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub.

Xatırladaq ki, "İzvestiya" qəzetinin saytında Ermənistanın eks-prezidenti, hazırda baş nazir postuna namizədliyi irəli sürülən Serj Sarkisyanla müsahibə yer alıb.

Jurnalist Aleksey Zabrodinin müəllifi olduğu müsahibəyə yerləşdirilən fotoların birində qondarma Dağlıq Qarabağ separatçı rejiminin bayrağı və "Azad Artsaxa xoş gəlmisiniz" yazılan lövhə əks olunub.

S. Sarkisyanla müsahibənin bir sualı Dağlıq Qarabağ münaqişəsinə həsr olunub.

Məlumat üçün bildirək ki, 1917-ci ildə əsası qoyulan "İzvestiya" qəzetinin baş redaktoru milliyyətcə erməni Arseni Ohanesyandır.

Aysel Aslan