"Əhalinin Ermənistandan köçüb, xarici ölkələrə getməsi, xüsusilə gənclərin burada yaşamaq istəməməsi dövlətin hərbi hissələrində ciddi əsgər çatışmazlığına gətirib çıxarıb”.
Bunu "Sherg.az”a Ermənistanın polis qoşunlarını Azərbaycanla sərhədə döyüş növbətçiliyinə göndərməsinin səbəblərini izah edərkən millət vəkili Elman Məmmədov deyib.
O qeyd edib ki, əsgər qıtlığı olduğuna görə, rəsmi İrəvan müxtəlif üsullara əl atır:

"Bir müddət əvvəl daxili qoşun birləşmələrinin sərhəd bölgələrə gətirildiyi açıqlanmışdı. İndi isə polis qoşunlarını bu işə cəlb edirlər. Düşünürəm ki, "Qarabağ klanı” Paşinyan hakimiyyətinə qarşı çıxmağa hazırlaşır. Baş nazir polisi və daxili qoşunları Dağlıq Qarabağa yeritməklə hakimiyyətini qorumağa çalışır.
Düşmənin bu addımları bizə şans verir ki, beynəlxalq təşkilatlar qarşısında yenidən məsələ qaldıraq. Azərbaycan işğal olunmuş ərazilərində antiterror əməliyyatlarına başlamalı olduğunu diqqətə çatdırmalıdır.
Ermənilər sərsəm hərəkətləri ilə özlərini beynəlxalq qanunlar qarşısında ifşa edirlər. Bununla ölkəmizə imkan yaranıb ki, bütün hərbi gücümüzü təmas xəttinə yeridək. Ermənistan qoşunlarını torpaqlarımızdan çıxarmaq üçün hərbi əməliyyatlara başlamalıyıq. İnanıram ki, Azərbaycan Ermənistanın bu addımlarının qarşısını almaq üçün yaxın vaxtlarda əhəmiyyətli tədbirlər görəcək”.
Qeyd edək ki, Azərbaycanla sərhədə döyüş növbətçiliyinə göndərilən erməni polis qoşunlarının ilk qrupun avqustun 23-də növbətçiliyə başlayacağı bildirilir. Ermənistan polisinin rəhbəri Valeri Osipyan göndəriləcək polislərin bəzilərinin aprel döyüşlərində iştirak etdiyini qeyd edib.
Aysel Aslan