Deputatdan haqlı irad: "Televiziyalar musiqili proqramlarını azaltmalı..."




"İnformasiya müharibəsinin yeni üsullarını tapmalıyıq. Yəni görülən ənənəvi işləri dəyişməliyik”.

Bunu Sherg.az-a Azərbaycan həqiqətlərinin yeni üsullarla dünya ictimaiyyətinə çatdırılmasından danışarkən millət vəkili, publisist, Elmira Axundova deyib.

 O bildirib ki, yeni filmlərin çəkilib, nümayiş olunması, müxtəlif layihələrin həyata keçirilməsi, yeni vasitələrin aşkara çıxarılması vacibdir. Ötən günlərdə nümayiş olunan "Sonsuz dəhliz” filminə diqqət çəkən xanım millət vəkili deyib ki, bu cür layihələrlə media, jurnalistlər mübarizə aparmalıdırlar:

"Mən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Taleh Heydərov və Litva Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilən "Sonsuz dəhliz” filminə baxdım, Leyla Əliyevanın nəşr etdirdiyi kitablarla tanış oldum. Hesab edirəm ki, bu addımlar daha effektivdir. Həmin kitablarda Xocalı şahidlərinin ifadələrini, başlarına gələnləri yerləşdiriblər. Onlara qarşı törədilənlərin toplandığı kitablar müxtəlif dillərə tərcümə olunub. Filmin özü də çox təsirli idi. 40 ölkədə nümayiş olunan film böyük auditoriya əldə edib. "Sonsuz dəhliz” filmi Amerika və başqa ölkələrdə ən yaxşı mükafatlara nominasiyalara layiq görülüb. Bununla demək olar ki, bütün yazılardan, konfranslardan uğurlu bir film çəkib, xaricdə yayımlamaq çox effektiv nəticə verir. Belə üsullara əl atmaqla Azərbaycan xalqının başına gələnləri xarici auditoriyaya çatdıra bilərik".

 Bundan başqa rejissor Vahid Mustafayevin "Xoca” filmindən söz açan parlament üzvü bildirib ki, bu film Türkiyə kanallarının əksəriyyətində müzakirə olunur, onun nümayişi keçirilir: 

"Bütün türkiyəli jurnalistlər onunla birlikdə konfranslarda iştirak etdilər. "Xoca” filmində Vahid Mustafayevin çıxışı bizim illərlə apardığımız təbliğat işlərindən daha faydalı oldu. Düzdü, "Xoca” filmi ideal deyil, nöqsanlar var. Amma bu bütün Türkiyəni ayağa qaldırıb, səs-küy yarada bilib. Belə üsullar tapmaq lazımdır ki, səsimizi eşitsinlər, dərdimizi dinləsinlər. Bütün beynəlxalq təşkilatlarda, ictimaiyyətdə səsləndiririk ki, ermənilər təcavüzkardır, Xocalıda soyqırımı törədiblər, təxribat işləri ilə məşğuldurlar. Bunlar həqiqət olsa da, səsimizi çatdırmaq üçün ən effektiv vasitə deyil. Azərbaycan həqiqətlərini dünyaya tanıtmaq üçün daha əhəmiyyətli işlər görmək lazımdır. Belə davam etməklə, haqq səsimizi dünyaya çatdıra biləcəyimizə inanmıram. Özümüz deyib, özümüz eşidirik. İnandırıcı faktlarla çıxış etməliyik ki, insanlara sözümüzü deyə bilək”.

E.Axundova onu da əlavə edib ki, Azərbaycanda bütün radio və televiziya öz əyləncəli verilişlərini, musiqili proqramlarını azaltmalı, efirlərdə daha çox tok-şoular olmalıdır: 

"Baxın, Rusiya kanallarına. Əyləncə proqramlarına nisbətən daha çox tok-şoular verilir. Müxtəlif siyasi proseslər müzakirə olunur, Suriya məsələsi, Ukrayna-Rusiya münaqişəsi və digər mövzular müzakirə olunur. Tanınmış siyasətçiləri, partiya liderlərini, ekspertləri dəvət edib, hər gün insanlara bu prosesləri aşılayırlar. Ruslarla ünsiyyətdə olduqda da bunları görə bilərik ki, onlar öz ölkələrini necə dəstəkləyir və bütün məsələlərdə Rusiyanın doğru addım atdığına inanır. Çünki bu onların şüuruna yeridilir. Bizdə isə belə təbliğat yoxdur. Ancaq ki, hadisələrin il dönümündə, gündəm mövzusu edirik. Məsələn, mətbuatda, televiziyalarda, Xocalı soyqırımının, 20 yanvar faciəsinin ildönümü ərəfəsində deyil, hər gün bu barədə verilişlər, sənədli filmlər, tok-şoular hazırlanmalıdır. Böyük təsirə malik addımlar atmalıyıq”. 

 Ayyət Əhməd