Deputatdan Tahir Əkbərin məzar yerinin dəyişdirilməsinə REAKSİYA: "Bu artıq bir siqnaldır ki..."







"Tahir Əkbərin dəfni üçün müvafiq yer verilməyibsə, Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilməli idi”.

Bunu "Sherg.az”a dünyasını dəyişən bəstəkar Tahir Əkbərin məzar yerinin dəyişdirilməsindən danışarkən millət vəkili Tahir Kərimli söyləyib. 

O vurğulayıb ki, fəxri adı olan şəxslərin vəfat etdikdə Fəxri Xiyabanda dəfn olunması məsələsi qaldırılır:

"Hər bir halda Mədəniyyət və Turizm Nazirliyi görkəmli şəxslərin harada dəfn olunması ilə maraqlanmalıdır. Elə qanun yoxdur ki, vəfat edən şəxsin harada dəfn edilməsini müəyyən etsin. Hüquqi nöqteyi-nəzərdə ittiham irəli sürmək də mümkün deyil. İnsanlar bəzən uyğun torpaq sahəsi tapa bilmir, maddi qıtlıq olur, dəfn üçün çətinlik yaradırlar.

Düşünürəm ki, elə Bakının özündə mövcud qəbiristanlıqlar dəfn üçün kifayət etmir. Qəbiristanlıq üçün yeni məkan ayrılmalıdır. Bir müddət əvvəl dünyasını dəyişən Aşıq Ədalət də Qazaxda dəfn edildi. Həmin vaxtda da narazılıq yaranmışdı. Demək, bu artıq bir siqnaldır ki, Bakı şəhər İcra Hakimiyyəti görkəmli şəxslərin dəfni üçün əlavə ver ayırsın”.

Qeyd edək ki, bəstəkarın xanımı Tahir Əkbər kimi sənətkara olan haqsızlığa etiraz əlaməti olaraq onun məzarını dəyişdirdiyini deyib:
"O, özünə layiqli yerdə dəfn edilməli idi. Bunu onun həyat yoldaşı kimi özümə borc bilirdim və borcu da yerinə yetirdim. Eyni zamanda onun vəsiyyətinə də əməl etmiş oldum. Tahir sağlığında həmişə deyirdi ki, məni Fəxri Xiyabanda dəfn etməsələr, sən məni atamın məzarında basdırarsan. İndi ürəyim sakitdir”.

Aysel Aslan