“Bu təkcə Azay Quliyevin deyil, eyni zamanda Azərbaycan rəhbərliyinin və Milli Məclisin uğurudur”
“Bu Qətnamənin qəbulu da əslində ATƏT-in ikiüzlülüyünün təzahürüdür”
ATƏT-in Parlament Assambleyası Azay Quliyevin müəllifi olduğu Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipini müdafiə edən Qətnaməni qəbul edib. 19 maddədən ibarət olan qətnamədə Azərbaycan, Gürcüstan, Moldova və Ukraynadakı münaqişələrin yalnız beynəlxalq hüququn norma və prinsipləri, xüsusi ilə həmin dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin dəyişilməzliyi prinsipləri əsasında həll edilməsi vurğulanır.
Həmçinin, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsinin zəruriliyi və məcburi köçkün düşmüş əhalinin evlərinə qeyd-şərtsiz qaytarılmaları qeyd edilir. A.Quliyevin müəllifi olduğu qətnamənin ən əhəmiyyətli maddələrindən biri də odur ki, sənəddə xalqların öz müqəddəratını təyin etmə hüququnun dövlətlərin ərazi bütövlüyünün pozulması hesabına və ya suverenliyinin, siyasi müstəqilliyinin əleyhinə olaraq həyata keçirilməsi yolverilməz hesab edilir. ATƏT bu qətnaməni qəbul etməklə ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını açıq və birmənalı olaraq müdafiə etmiş oldu.
Məsələyə münasibət bildirən millət vəkili Aqil Abbas deyib ki, bütün Azərbaycan ictimaiyyəti, ziyalılar, siyasətçilər, hər kəs Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bu və ya digər formada mübarizə aparırlar. Azay müəllim də bu istiqamətdə mübarizə apardı və uğur əldə etdi: "Amma bu ilk deyil, ondan əvvəl də ATƏT, BMT və digər beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar. Sadəcə olaraq Azay müəllimin Qətnaməsi bu məsələnin davamıdır, təkrarıdır. Bu baxımdan həmkarımı təbrik edir, ona uğurlar arzulayıram. Təbii ki, bu təkcə, onun uğuru deyil, eyni zamanda Azərbaycan rəhbərliyinin və Milli Məclisin uğurudur”. A.Abbas bildirib ki, belə qərarlar qəbul olunur, amma həmin beynəlxalq qurumların necə riyakar olduğu hamıya bəllidir: "Bu Qətnamənin qəbulu da əslində ATƏT-in ikiüzlülüyünün təzahürüdür. Qurum o vaxt qərar qəbul etdi ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, amma sonra həmin ifadəni çıxartdı. İndi isə yenidən fərqli mövqe sərgiləyir. Bütün bu proseslərin başında ABŞ durur, Avropa heç kimdir. Avropa Birliyi ABŞ-ın ağzına baxır. Amerika Azərbaycandakı iqtisadi inkişafa paxıllıq edir, gözü götürmür. Çünki biz türk dövlətiyik. Görürsüz, gözümüzün qabağında o boyda Türkiyə dövlətini necə dağıdırlar?! Qərb dairələri ikinci güclü bir türk dövlətinin səhnəyə çıxmasını istəmir, daha doğrusu, üçüncü türk dövlətinin. İkinci güclü türk dövləti Nazarbayevin dövlətidir, yəni Qazaxıstan. Amma Qazaxıstan uzaq bölgədədir. Azərbaycan isə Türkiyəyə qonşudur və strateji mövqedə yerləşir”.
İsmayıl