"Deputatların sayı azaldılmalıdır"- ÇAĞIRIŞ

Sabir Rüstəmxanlı: "20-30 deputatın ixtisara salınması büdcəyə elə də böyük gəlir gətirməyəcək"


10 milyonluq bir ölkənin deputatlarının sayı 120-də az ola bilməz.

 Bu sözləri Sherg.az-a "növbəti palament seçkilərində deputatların sayının azaldılmasına baxıla bilər" iddiasına münasibət bildirərkən sabiq millət vəkili, xalq şairi Sabir Rütsəmxanlı deyib. 

O, qeyd edib ki, yalnız ölkədaxili məsələləri düşünmək olmaz. Azərbaycan dünya ilə geniş əlaqəsi olan, beynəlxalq qurumlarla təmas quran BMT-dən başlayaraq bir sıra böyük təşkilatlarda təmsil olunan və bir sıra dünya ölkələri ilə əlaqələrini genişləndirən bir ölkədir: 

" Dünyada 200- dən artıq dövlət varsa, onun 60-a yaxınında səfirliyimiz mövcuddur. Bir çox ölkələrdə dostluq qruplarımız var. Ən azı parlament dostluq qrupları üçün 100 dən artıq adam lazımdır. Həm qonşu Gürcüstanda və işğalçı Ermənistanda deputatların sayı Azərbaycandan çoxdur. Bu mənada 20-30 deputatın ixtisara salınması büdcəyə elə də böyük gəlir gətirməyəcək. Deputatların xərci elə də böyük deyil. Büdcəni doldurmağın ayrı yolları var. Onu düşünmək lazımdır. Milli Məclisin normal işləməsini istəyiriksə, hökmən ona uyğun da deputat sayı olmalıdır. Bu mənada "deputatların sayı azaldılmalıdır" çağırışlarını əsassız hesab edirəm".

S. Rüstəmxanlı onu da əlavə edib ki, deputatların işləyib -işləməsi isə başqa bir mövzunun müzakirəsidir: 

"Doğrudur, parlamentdə 15-20 nəfərin aktiv olması, yerdə qalanların isə susub oturması halı var. Amma deyim ki, Azərbaycan beynəlxalq əlaqələri gücləndirməlidir. Qarabağ məsələsi ilə bağlı rahatlıq bilmədən bütün dünyanı dolanmalıdırlar. Bunun üçün savadlı, sözünü deyən, işini bilən, xarici dilləri bilən, diplomatiyadan başı çıxan adamlar olmalıdır. Deputatların bəziləri zəifidirsə, bunun saya heç bir aidiyyatı yoxdur".

Qeyd edək ki, deputatların sayının azaldılması son günlər sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib.

Ayyət Əhməd