“Bugünkü dərsliklər müəllimlərin yaradıcılığını əllərindən alıb”
Dərs kitabları dəyişəcək
“Dərsliklərimizdə çox böyük qüsurlar var”
“Bugünkü dərsliklər müəllimlərin yaradıcılığını əllərindən alıb”
“Bugünkü dərsliklər müəllimlərin yaradıcılığını əllərindən alıb”
Nazirlər Kabineti tərəfindən Təhsil Nazirliyinə orta məktəb dərslikləri ilə bağlı yeni səlahiyyət verilib. AMEA-nın Ümumi yığıncağı və Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasında çıxış edən təhsil naziri Mikayıl Cabbarov bundan sonra Təhsil Nazirliyinin ilk dəfə olaraq dərslik müəllifləri ilə müqavilələr bağlamaq səlahiyyətinə malik olacağını deyib.
Dərsliklərin hazırlanması zamanı AMEA-ya bir sıra ixtisaslar üzrə məqsədli sorğular veriləcəyini qeyd edən nazirin sözlərinə görə, bununla da ehtiyat dərsliklərin hazırlanmasında elmi potensialdan istifadə ediləcək: "Bundan başqa, dərsliklər hazırlanan zaman elm və təhsil qurumlarının birgə təklifləri nəzərə alınsa, nəticə daha məhsuldar olar. Dərsliklərin məzmunu daim Təhsil Nazirliyinin diqqət mərkəzindədir. Təklif edərdim ki, nazirliyin müraciəti əsasında AMEA-nın alimləri də dərsliklərin ictimai müzakirələrində iştirak etsinlər və fikirlərini Təhsil Nazirliyinə təqdim etsinlər. Biz də onların təkliflərini dərslik çap olunmamışdan əvvəl nəzərə alaq”.
Təhsil Nazirliyinə dərslik müəllifləri ilə müqavilələr bağlamaq səlahiyyətinin verilməsinin istənilən halda təhsilin xeyrinə olduğunu vurğulayan sabiq təhsil naziri Firudin Cəlilovun fikrincə, nə qədər effektiv olacağı isə qərarın necə icra olunacağından, yəni hər şey addım atandan sonra onların necə yeriyəcəyindən asılı olacaq:
"Dərsliklərimizdə çox böyük qüsurlar var. Xüsusilə də aşağı sinif şagirdləri üçün o qədər əlavə fənlər, dərsliklər var ki, uşaqlar az qala zombiləşib. Mən şagirdi çox yükləməyin tərəfdarı deyiləm. Fikir versək görərik ki, şagirdləri həddindən artıq mənasız mövzularla yorurlar. Bəzən heç əhəmiyyəti olmayan rəqəmlər, bilgiləri şagirddən tələb etmək onları təhsildən uzaq salır. Vacib məsələlərdən biri də tədris yüküdür. Bu yük yüngülləşdirilməlidir. Ədəbiyyat dərsliklərindən gərəksiz mövzular çıxarılmalı, şagirdlərə milli mənəviyyatı aşılayan mövzular salınmalıdır”. Təhsil Nazirliyində hər fənn üzrə şuralar olduğunu vurğulayan sabiq nazirin sözlərinə görə, ayrı-ayrı fənlər üzrə dərs vəsaitlərini tənzimləmək də onların işidir.
Mikayıl Cabbarovun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı və Təhsil Nazirliyinin kollegiyasının birgə elmi sessiyasındakı çıxışları ilə tanış olduğunu vurğulayan təhsil eksperti Kamran Əsədov ilk olaraq hazırda orta məktəblərdə istifadə olunan dərsliklərin böyük əksəriyyətinin müəllifinin məhz AMEA-nın professor və akademikləri olduğunu təhsil nazirinin nəzərinə çatdırıb:
"Əlbəttə ki, onlar Azərbaycan elminə böyük xidmətlər etmiş, töhfələr vermiş şəxslərdir. Ancaq belə olan halda orta məktəb dərsliklərindən hansısa inkişaf gözləmək olmaz. Orta məktəb kitabı akademik kitab olmamalıdır. Onda yerləşdirilən informasiyalar nə qədər sadə olsa, o qədər şagirdləri cəlb etmiş olacaq. Bu zaman da dərsliklərin inkişafından danışmaq olmaz. Çünki tenderə buraxılan alternativ dərsliklərə AMEA-nın komissiya üzvləri və ekspertləri mənfi rəy verəcək, bundan sonra onların həmkarlarının müəllifi olduqları dərsliklər qalib gələcək. Rusiyada heç bir akademik orta məktəb kitabının müəllifi ola bilməz. Bu, qeyri-etik hesab olunur. Çünki akademik adı orta məktəb dərsliyi müəllifi üçün o qədər də məqbul hesab edilmir”.
Son üç il ərzində Azərbaycan təhsil sistemində hər ay islahat və yeniliklərə şahid olduğumuzu vurğulayan təhsil ekspertinin sözlərinə görə, Təhsil Nazirliyi bir neçə ay bundan əvvəl də məhz dərslik siyasətinə təsir göstərə biləcək vacib qərar vermişdi. Daha dəqiq desəm, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən, 2020-ci ilə qədər ümumtəhsil məktəblərində təhsil alan bütün şagirdlərə planşetlərlə təmin olunacağı barədə rəsmi məlumat verilib: "Mənim fikrimcə, hansı formada şagirdə, oxucuya çatdırılmasından asılı olmayaraq dərsliklərin məzmununa ciddi nəzarət edilməlidir. Ən azından ona görə ki, keçmiş postsovet dövlətləri arasında Azərbaycanda olduğu qədər təhsilə dövlət səviyyəsində ayrılan sərmayə və diqqət heç yerdə yoxdur”.
Dərsliklərin şagirdlər üçün əsas bilik mənbələrindən biri olduğunu deyən K.Əsədov dərslərin keyfiyyətli olmasında dərsliklərin rolunun həddindən artıq çox olduğunu bildirib:
"Əgər hər hansı fənn üzrə keyfiyyətli dərslik olarsa, şagirdlər üçün həmin fənni mənimsəmək bir o qədər rahat olar. Artıq illərdir ki, Azərbaycanda ümumtəhsil məktəbləri üçün yeni kitablar nəşr olunur. Demək olar ki, bütün siniflər üzrə yeni kitablar nəşr olunub. Kitablar dizayn cəhətdən professional şəkildə olsa da, içində olan materiallar barəsində bunu deyə bilməyəcəm. Xüsusilə aşağı sinif kitablarında çoxsaylı nöqsanlar mövcuddur. Dərsliklərlə bərabər yeni test topluları, əlavə dərs materialları da çap olunur. Orta məktəb şagirdlərinə verilən test tapşırıqlarına nəzər yetirəndə şagirdlər üçün çətin olduğunu görmək olur. Bu onu göstərir ki, dərsliklər üzrə vahid strategiya müəyyən olunsa da, yekunda bu standartlar kağız üzərində qalır”.
Ekspertin sözlərinə görə, dərslikdən fərqli olaraq, standartın tələbləri mənimsənilmir, o tələblərə qeyd-şərtsiz əməl edilir. Digər tərəfdən, standart, şagirdin dərs ilinin sonuna mənimsəməli olduğu bilik və bacarıqları səviyyəsinin yalnız yol verilən aşağı həddini normalaşdıran tələblər sistemindən ibarət sənəd olub, bu bilik və bacarıqlara hansı üsullarla yiyələnməli olunduğunu təyin etmir:
"Dərslik isə həm şagirdin dərs ilinin sonuna mənimsəməli olduğu bilik və bacarıqları səviyyəsinin yol verilən aşağı həddini, həm standartın tələblərinin nəzərdə tutmadığı daha yüksək səviyyəli bilik və bacarıqları, həm də şagirdin mənimsədiyi bilik və bacarıqları əyani olaraq, nümayiş etdirməsi üçün lazım gələn metodları, yanaşmaları, vasitələri və vəsaitləri özündə ehtiva edir. Əgər dərsliklər məzmun standartlarının tələbləri əsasında işlənib hazırlansaydı, o halda, şagirdin dərs ilinin sonuna mənimsədiyi bilik və bacarıqların səviyyəsi məzmun standartlarının normalaşdırdığı səviyyənin yol verilən aşağı həddi ilə məhdudlaşar, şagird daha yüksək səviyyəli bilik və bacarıqlara yiyələnmək imkanlarından məhrum edilmiş olardı. Deməli, dərsliklər məzmun standartlarının tələbləri əsasında deyil, əvvəlcədən işlənib hazırlanmış, daha əhatəli sənəd olan fənn proqramları əsasında işlənib hazırlanmalıdır. Fənn proqramları isə kurrikulum demək deyildir”. Məzmun standartlarının dərsliklərin məzmunu əsasında işlənib hazırlanmasının vacib olduğunu deyən ekspert təklif edir ki, bir fənn üzrə müxtəlif dərsliklər olsun. Onun sözlərinə görə, bu təcrübədən Hollandiyada istifadə olunur: "Məsələn, bu ölkədə bir fənn üzrə 6 dərslik var. Sual oluna bilər ki, niyə belədir? Ona görə ki, müəllim özünün və şagirdlərin hazırlığından asılı olaraq onlardan uyğun gələnini seçə bilsin. Bu, imkan yaradacaq ki, məktəblərdə şablon, qəlibə salınmış dərsliklərdən istifadə olunmasın. Çünki məktəblərdə şablon dərsliklərdən istifadə edilməsi dərslərin də şablonlaşmasına gətirib çıxarıb. Məsələn, bu gün məktəblərdə müəllimlər hər bir dərs üçün plan tərtib edir. Həmin plan 12-13 maddədən ibarət olur. Tutaq ki, məqsəd, motivasiya, dərsin strukturu, metodları, qiymətləndirmə, nəticə, evə tapşırıq və sair. Yəni hər müəllim bu cür qəlibə salınmış 1-2 səhifəlik plan tərtib etməklə sinfə daxil olur. Əslində dərslik yaradıcı olmalıdır ki, müəllim də öz yaradıcılığını ortaya qoysun. Bugünkü dərsliklər müəllimlərin yaradıcılığını əllərindən alıb. Onlara indiki dərsliklər imkan vermir ki, özü istədiyi kimi dərs keçsin. İndi müəllimlər demək olar ki, robotlaşıblar. Bir sözlə, biz müəllimlərə müstəqillik vermirik”.
K.Əsədovun fikrincə, keyfiyyətli dərsliklərin hazırlanması hər bir təhsil sistemi üçün prioritet məsələdir. Xüsusilə də, informasiya cəmiyyətində yaşadığımız indiki dövrdə biliklərin məzmunca köhnəlmə intensivliyi artdıqca, bütün keyfiyyət meyarlarına uyğun gələn dərslik nümunələrinin hazırlanması aktuallaşır: "Artıq təhsil alan 20-30 il bundan əvvəlki kimi ancaq dərslik vasitəsilə bilik əldə etmir. Bu gün bilik qazanmağın məkan və zaman ölçüləri dəyişdiyindən dərsliklər də bu rəqabətə dözümlü ola bilməlidirlər.
Təəssüflər olsun ki, bizdə yeni standartlar əsasında yazılan kitablar elə köhnənin üzərində kiçik redaktə etməklə yeni kurikulum adı altında çap etdirilməsi ilə başa çatır”. O həmçinin Azərbaycanda vahid dərslik mərkəzinin yaradılmasının da məqsədəuyğun olduğunu deyib: "Daha dərsliklər nəşriyyatlar tərəfindən hazırlanıb təqdim edilməsin. Müstəqil olan dərslik idarəsi müxtəlif mütəxəssisləri cəlb edərək vahid standartlar əsasında dərsliklər yazsınlar”.
Şəymən