Səadət Məmmədova: “Materialların xarici mediaya təqdim olunması üçün böyük maliyyə vəsaiti lazımdır”Azər Həsrət: “Azərbaycanın xarici ölkələrdəki səfirlikləri də yarıtmaz fəaliyyət göstərir”


"Diasporumuzun xarici media orqanları ilə əlaqələri yaxşı təşkil olunmayıb. Xarici mediaya çıxışımız yaxşı vəziyyətdə deyil. Bu vəzifə diasporanın üzərinə düşür”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında deyib. Dövlət başçısı bildirib ki, xaricdə böyük azərbaycanlı jurnalist təbəqəsinin yetişməsi vacibdir: "Həmin jurnalistlər istər-istəməz Azərbaycan həqiqətlərini çatdıracaqlar. 21-ci əsrdə informasiya mübarizəsi mühümdür. Hansı ölkəyə qarşı çirkin kampaniya aparılırsa, ictimai fikir də ona qarşı yönəlir. Ermənilər həmin mətbu orqanlarla geniş əlaqələr qurublar. Bu istiqamət prioritet istiqamətdir, zəif yerimizdir və qurultayda müzakirə olunmalıdır. Azərbaycan dövləti buna dəstək verə bilərsə, biz hazırıq. Bu, Azərbaycan diaspor təşkilatları üçün birinci məsələ olmalıdır”. Prezident deyib ki, ermənilər Azərbaycanı işğalçı, Ermənistanı yazıq ölkə kimi təqdim etməyə çalışıblar: "Buna ermənilər müəyyən qədər nail ola biliblər. Belə olmasaydı, ABŞ Konqresi mənfur 907-ci düzəlişi qəbul etməzdi.
(əvvəli ötən sayda)
Azərbaycan torpaqları işğal olunub, soyqırım törədilib, ancaq bu düzəlişi qəbul ediblər ki, guya, Azərbaycan Ermənistanı blokadada saxlayır. O dövrdə Azərbaycanı idarə edənlər idarəçiliyin nə demək olduğunu bilmirdilər. Bu gün də bu düzəliş qüvvədədir. Əvvəllər bu düzəlişin qaldırılmasına çalışırdıq, sonra qərara gəldik ki, buna ehtiyac yoxdur. Çünki bizim kiminsə yardımına ehtiyacımız yoxdur, özümüz ayaqda dururuq”. Dövlət başçısı bəyan edib ki, xaricdə hələ də çoxları Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu bilmir: "Biz bu istiqamətdə iş aparırıq, həqiqətlərimizi çatdırırıq. Diaspor təşkilatlarımız da internet saytları açmalı, Azərbaycan qəzetləri dərc etməli, həmin ölkələrin ictimaiyyətləri üçün bu media orqanları maraqlı olmalıdır. Dünyada informasiya əsrində yaşayırıq. Erməni diasporu bunu özü edir, səfil Ermənistan dövləti bunu edə bilməz, öz büdcəsi üçün pul tapa bilmir. Azərbaycan dövləti isə diaspor təşkilatlarına bu məsələdə kömək edə bilər. Yeri gəlmişkən, Ermənistan nə qədər çalışdı ki, aprel döyüşləri barədə yalan məlumatları dünyaya ötürsün, buna nail ola bilmədi. Yalnız erməni diasporuna satılmış xarici jurnalistlər aprel döyüşlərini ermənilərin qələbəsi kimi qələmə verməyə çalışdılar. Ancaq bacarmadılar. Hamı bilir ki, aprel döyüşlərində nə baş verib və nəticəsi nədir. Ermənistan rəhbərliyi xalqını və dünya ictimaiyyətini aldatmağa çalışır. Bunun qarşısını almaq üçün isə xarici ölkələrdə obyektiv yazan azərbaycanlı jurnalistlərin sayı çox olmalıdır”.
Tanınmış tele-jurnalisti Səadət Məmmədova deyib ki, diaspor cinahının bu işinə xüsusi diqqət yetirmək lazımdır. Çünki olduqca mühüm məsələdir: "Təəssüflər olsun ki, məsələnin müzakirəsinə çox gec başlanılıb. Cənab Prezidentin də dediyi kimi, erməni diasporu bu cür imkanlardan, xarici medianın yaratdığı şəraitdən xeyli əvvəl maksimum yararlanmağa başlayıb. Hesab edirəm ki, bizim xarici mediaya çıxışımız təkcə ideoloji hazırlıqla, faktların, araşdırmaların, arqumentlərin toplanması və ictimaiyyətə təqdim olunması ilə bağlı deyil. Burada maliyyə vəsaiti də mühüm rol oynayır. Çünki materialların xarici mediaya təqdim olunması üçün böyük maliyyə vəsaiti lazımdır. Ona görə də düşünürəm ki, bu işə sistemli şəkildə yanaşmalıyıq. Azərbaycanın diaspor təşkilatlarında, xüsusilə lobbiçilik fəaliyyəti ilə məşğul olan strukturlarda, konqreslərdə media sahəsində ixtisaslaşmış və Vətənə bağlılığı olan insanlar cəmlənməlidir. Onlar yaşadıqları xarici ölkənin daxili media qanunlarına uyğun olaraq informasiyaları dünya ictimaiyyətinə təqdim etməyi bacarmalıdırlar. Mən Azərbaycan diasporası içində bu işi layiqli şəkildə görə bilən kifayət qədər insanlar tanıyıram. Hesab edirəm ki, sadəcə o adamları bir yerə toplamaq, təşkilatlandırmaq və fəaliyyətlərini yönləndirmək lazımdır”. S.Məmmədova bildirib ki, diasporanın xarici mediaya çıxışı ardıcıl aparılan sistemli iş tələb edir: "Fikir verin, ermənilər 100 ildən çoxdur ki, müxtəlif beynəlxalq qurumlarda, xarici media orqanlarında, icra strukturlarında öz nümayəndələrini yerləşdiriblər. Dünyada tanınmış elə bir media qurumu yoxdur ki, orada bir nəfər erməni jurnalist çalışmasın. Biz də işimizi o yöndə qurmalıyıq. Çalışmalıyıq ki, söz sahibi olan media qurumlarında Azərbaycana ürəkdən bağlı olan insanlar təmsil olunsunlar. Yalnız o halda dövlət və milli maraqlarımızın müdafiəsi mümkün olar. Amma yenə deyirəm, bu məsələ 2-3 günə həll ediləsi deyil, bunun üçün uzunmüddətli ideoloji iş aparmaq lazımdır”.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, tanınmış jurnalist Azər Həsrət də bildirib ki, diaspor nümayəndələrinin yaşadıqları ölkələrdə fəaliyyət göstərən yerli media qurumları ilə əlaqə qurması çox vacib nüansdır: "Prezidentin bu məsələyə xüsusilə toxunması bizim ürəyimizcə oldu. Biz dəfələrlə bu məsələni gündəmə gətirmişik və problemləri diqqətə çatdırmışıq. Azərbaycan diaspor nümayəndələrinin davamlı şəkildə yerli media ilə əlaqələr qurmasının zərurətini vurğulamışıq. Təəssüflər olsun ki, diaspor nümayəndələrimiz xarici ölkələrdə yerli mətbuat ilə heç bir əlaqə qurmur. Sadəcə adda-budda əlaqələrə rast gəlirik. Bu da ona gətirib çıxarır ki, Azərbaycanın səsi eşidilmir. Dövlətimizin və xalqımızın problemləri haqqında xarici ölkələrdə heç bir məlumat getmir. Bunu nəzərə alan cənab Prezident problemi dilə gətirdi və diaspor nümayəndələrinə çağırış etdi ki, olduqları ölkələrdə Azərbaycanı təbliğ etsinlər, tanıtsınlar. Bunun da yolu məhz yerli media qurumları ilə sıx əməkdaşlıq etməkdir. Nəzərdə tutulan isə hər ölkənin öz dilində fəaliyyət göstərən yerli media orqanlarına nüfuz etməkdir. Bir çox diaspor təşkilatlarımız Azərbaycan dilində media fəaliyyəti ilə məşğul olurlar. Amma bu, sırf Azərbaycan daxilinə hesablanmış məsələdir. Halbuki bizə lazımdır ki, Azərbaycanın problemləri diaspora təşkilatlarının məskunlaşdığı xarici ölkələrə çatdırılsın. Bu baxımdan Prezident ayrıca vurğuladı ki, xarici ölkələrin öz dillərində media fəaliyyəti önə çəkilməlidir”. A.Həsrət bu məsələdə geridə qalmağımızın səbəblərinə də toxunub: "Rusiyada konkret olaraq erməni təbliğatı çox güclü şəkildə aparılır. Biz bu təbliğatı aprel savaşında açıq formada hiss etdik. Rus telekanallarının anti-Azərbaycan təbliğatına qoşulmasının səbəbi o idi ki, ermənilər uzun illərdir Rusiya mediasında öz mövqelərini möhkəmləndiriblər. Hətta onlar rus mediasında rəhbər vəzifələrə yiyələniblər. Bir sıra pullu ermənilər isə Rusiyanın nüfuzlu media qurumlarını satın alıblar. Azərbaycanın varlı adamları isə hansısa yarıçılpaq müğənnini öz məclislərində oxutdurmaqları ilə öyünürlər. Faktiki olaraq bizim Rusiyada yaşayan, işləyən milyarderlərimiz var. Amma onların rus mediasına heç bir təsir imkanları yoxdur. İş adamlarının önə çəkilməsi istiqamətində ciddi iş aparmaq lazımdır”. Ekspert bəyan edib ki, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri də yarıtmaz fəaliyyət göstərir: "Mən dəfələrlə bu məsələnin üzərinə getmişəm. Azərbaycanın xarici ölkələrdəki səfirlikləri olduqları ölkələrin mediası ilə çox zəif əlaqə qurur. Burada söhbət sadəcə media ilə münasibətlərdən getmir, eyni zamanda QHT-lərlə, siyasi partiyalarla əlaqələr qurmaqdan gedir. Aldığımız məlumatlara görə, bir sıra səfirliklərimizin yüksək rütbəli əməkdaşları xarici ölkələrdə biznes fəaliyyətinə daha çox üstünlük verirlər. Bu baxımdan düşünürəm ki, Azərbaycanın xarici ölkələrdə media fəaliyyətinin təşkil edilməsində o ölkələrdəki səfirliklərimiz də ciddi fəaliyyətə keçməlidirlər. Bunun üçün isə konkret dövlət proqramı işlənib hazırlanmalıdır. Azərbaycan Xarici İşlər Nazirliyi, eyni zamanda diaspor təşkilatları bu işlə bağlı konkret plan ortaya qoymalıdırlar. Belə olan halda diaspor təşkilatları səfirliklərlə əl-ələ verib media imkanlarını genişləndirə bilərlər. Əks təqdirdə böyük uğurlardan danışmaq mümkünsüz olacaq. Çünki media fəaliyyəti böyük imkanlar və əmək tələb edir”.
"Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də deyib ki, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspora cəmiyyətləri ilə yerli media orqanları arasında əlaqələr narahatedici səviyyədədir: "Prezident haqlı olaraq bu məqama toxundu və öz göstərişlərini verdi. Xarici ölkələrdə fəaliyyət göstərən diasporamızla yerli media arasında münasibətlərin qurulması, tənzimlənməsi Azərbaycan daxilindəki medianın fəaliyyəti ilə əlaqəli deyil. Burada bizlik bir iş yoxdur. Sözügedən məsələ ancaq və ancaq xaricdəki diasporamızın fəaliyyətinin aktivləşməsindən asılıdır. Diasporamızın fəalları bu istiqamətdə çox ciddi iş aparmalıdırlar”. Baş redaktorun sözlərinə görə, bu işi əsasən iki yöndə aparmaq lazımdır: "Birinci istiqamət Prezidentin dediyi kimi xarici ölkələrin media orqanlarında işləmək üçün həmin ölkələrdə jurnalist kadrların hazırlanması və onların xarici ölkələrdəki media quruluşlarında və virtual məkanda yerləşdirilməsidir. İkinci yol isə diasporanın təşkilatçılığı ilə xarici ölkələrdəki media qurumlarında Azərbaycanla bağlı yazıların getməsini təşkil etməkdir. Bilirsiz ki, lobbiçilik fəaliyyəti dünyanın bir çox ölkələrində qanunla tənzimlənir. Bu qanun imkan verir ki, diasporamız xarici ölkələrdəki yerli media nümayəndələri ilə əlaqələr qursunlar və onları leqal əsaslarla Azərbaycanın xeyrinə lobbiçilik fəaliyyətinə cəlb etsinlər. Ümid edirik ki, diaspora öz işinin öhdəsindən gələ biləcək”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb