Əsəd Cahangir: “Elə insan tanıyıram ki, namaz qıldığını gizli saxlayır, bunu reklam edib büruzə vermir”
Dindən reklam kimi istifadə edənlər riyakarlardır
Elşad Miri: “Quranda belə insanlarla bağlı Allahın kəskin xəbərdarlığı var”
Əsəd Cahangir: “Elə insan tanıyıram ki, namaz qıldığını gizli saxlayır, bunu reklam edib büruzə vermir”
Əsəd Cahangir: “Elə insan tanıyıram ki, namaz qıldığını gizli saxlayır, bunu reklam edib büruzə vermir”
Azər Həsrət: "Mən bir müsəlman olaraq heç bir zaman Həccə getməyəcəm”
"Həcc ziyarətinə moda xətrinə getmək olmaz. Bu ziyarət çox mühüm, mənəvi əməldir”. Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, Həcc ziyarətinə getmək üçün mənəvi, psixoloji, fiziki və maddi baxımdan hazır olmaq lazımdır: "Bəziləri Həccə ona görə gedirlər ki, qayıtdıqdan sonra onlara "hacı” desinlər. Bu, böyük günahdır. Elə insanlar var ki, az qala hamıya oruc tutduğunu, namaz qıldığını deyir. Sən bir müsəlman kimi bunları etməlisən. Bunu niyə hamıya deyirsən?”.
Qeyd edək ki, cəmiyyətimizdə sırf müəyyən adlar qazanmaq və özlərini reklam etmək üçün ziyarətə gedənlər var. Hətta borc edib, kredit götürüb Həcc ziyarətini edənlərin də sayı az deyil. Elə insanlar var ki, Həcc ziyarətini günahlarının yuyulması kimi dəyərləndirirlər. Onlar bununla da Allah qarşısında paklandıqlarını düşünsələr də, Həccdən qayıtdıqdan sonra xoşagəlməz əməllərinə davam edirlər. Şübhəsiz ki, belə hallar ictimaiyyətimizdə mənfi rezonans doğurur.
Dinimizdə bu cür insanların münafiq, yəni riyakar, ikiüzlü adlandığını deyən ilahiyyatçı Elşad Miri də bəzilərinin bu ziyarəti göstəriş üçün etdiyini düşünür: "Mübariz müəllim dediklərində haqlıdır. Təəssüf ki, bir çox insanlar bunu reklam üçün edirlər. "Qurani-Kərim”də konkret olaraq bu məsələ ilə bağlı ayə var. Bu ayədə deyilir: "Yazıqlar olsun o adamlara ki, onlar qıldıqları namazı göstəriş üçün edirlər”. Belə bir göstərişi edən insanlar təbii ki, bu dünyada nə qazanmaq istəyirlərsə, qazanacaqlar. Amma o biri dünyadan alacaqları heç nə olmayacaq. Quranda belə insanlarla bağlı Allahın kəskin xəbərdarlığı var. Əsas məqsəd niyyətin və məqsədin təmiz olmağıdır”.
Tənqidçi Əsəd Cahangir də komitə sədri ilə razılaşdığını bildirib: "Bu məsələnin birmənalı olaraq heç bir cavabı yoxdur. Belə hallardan sui-istifadə edənlər, fırıldaqçılar və Allaha iman gətirib cinayətə gedən insanlar var. Ancaq onu qeyd edim ki, qurunun oduna yaşı da yandırmaq olmaz. Hamını bu sıraya qatmaq düzgün sayılmır. Lakin bu o demək deyil ki, özlərini reklam edənlər yoxdur. Elə adamlar var hacıdırlar, amma 20 ildir heç vaxt özlərinin hacı olduqlarını bildirməyiblər.
Hacı yazıçılar, şairlər var ki, bu barədə danışmırlar. Hətta mən elə insan tanıyıram ki, namaz qıldığını gizli saxlayır, bunu reklam edib büruzə vermir. Əlbəttə, Allah kimin nə işlə məşğul olduğunu bizdən daha yaxşı bilir. Quranda Allah kəlamları qeyd olunub ki, "mən sizə sizin özünüzdən daha yaxınam”. Belə çirkin əməllərə görə hər kəsin layiqli qiyməti veriləcək. Dindən reklam üçün istifadə etmək ən böyük günah, münafiqlik və riyakarlıqdır”.
Əməkdar jurnalist Azər Həsrət Həccə getmək arzusunda olmadığını söyləyib. Onun sözlərinə görə, ziyarətə ödənilən pulları ehtiyacı olanlara vermək lazımdır: "Bir neçə il bundan əvvəl bir yazı yazmışdım və orda qeyd etmişdim ki, ümumiyyətlə mən bir müsəlman olaraq heç bir zaman Həccə getməyəcəm. Bunun səbəbi isə ətrafımızda o qədər problemi olan insanlar varsa, ölkəmiz ciddi bir işğalla üz-üzədirsə, əlimizdə olan imkanları məhz bu problemlərə yönəltməliyik. Dinimizdə də buyurulur ki, problemləri həll etmədən heç kim özünü Həccə getməyə məcbur etməli deyil. Həqiqətən Həccə gedən və şəxsən tanıdığım insanlar var ki, fırıldaqçı və yaramaz adamlardı. Bu adamların böyük çoxluğu gedir, "hacı” adını alır və özünü reklam edir. Amma baxırsan ki, ticarətdə fırıldaqla məşğuldu, rüşvət alıb-verir, yetimin malını yeyir. Belə adamlar ziyarətdən gəlirlər və iddia edirlər ki, onlar din adamlarıdı. Son illər müşahidə edirəm ki, sponsor vasitəsilə Həccə gedənlər də çoxalıb. Bunun özü də anormal bir şeydir. Həccə gedib özünü reklam edən adamlara inanmaq lazım deyil. Ümumiyyətlə, din sevgisi, islam bağlılığı şübhə doğurur. Elə insan var ki, 20 dəfə Həccə gedib. Hər il Həccə getməyi özünə borc bilənlər mövcuddur. Baxırsan ki, o adamların yedikləri-içdikləri başdan-ayağa haramdı. Hətta Həccdən gəldikdən sonra içki içənlər də az deyil. Təbiidir ki, bu adamların məqsədləri dinə xidmət deyil, sadəcə bir görüntü yaratmaq və bu yolla da özlərini reklam etməkdir. Ona görə də mən Mübariz müəllimlə tam razıyam. Bilirəm ki, cəmiyyətdə onun fikirləri birmənalı qarşılanmayacaq. Amma bir ictimai fəal olaraq düşünürəm ki, Mübariz müəllimin fikirləri qəribçiliyə salınmamalı, əksinə, dəstəklənməli, tirajlanmalı və Həcc məsələsinə yenidən baxılmalıdır. Niyə bizim bu qədər problemlərimiz varkən kimlərsə hər il 4-5 min dollar civarında dəyəri olan Həcc ziyarətinə getməlidir? Zəhmət çəksinlər, həmin pulu ordumuzun fonduna, ya da ehtiyacı olan insanlara ödəsinlər”.
Yeganə Bayramova