Putin: Rusiyanın MDB ölkələri ilə ticarət dövriyyəsi 110 milyard dolları ötüb

Rusiya ilə MDB ölkələri arasında ticarət dövriyyəsi 2025-ci ildə 110 milyard dolları ötüb. 2026-cı ilin ilk yarısında isə artım 12 faiz təşkil edib.

Sherg.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında bildirib.

Putinin sözlərinə görə, MDB çərçivəsində qəbul edilən qərarlar müəyyən müddət ərzində ticarət maneələrinin qorunub saxlanmasına səbəb olsa da, xarici təsirlərdən asılı olmayan dayanıqlı maliyyə infrastrukturunun qurulmasına imkan verib. Bunun nəticəsində ölkələr arasında hesablaşmaların 90 faizindən çoxu milli valyutalarla həyata keçirilir.

Rusiya lideri qeyd edib ki, MDB ölkələri ticarət, investisiyalar və yüksək texnologiyalar sahəsində sıx əməkdaşlıq edirlər. Avrasiya məkanında yeni istehsal və nəqliyyat zəncirləri formalaşdırılır, “Şimal–Cənub” və “Şərq–Qərb” marşrutları üzrə qitələrarası logistika dəhlizləri modernləşdirilir və inkişaf etdirilir.

Onun sözlərinə görə, idxalın əvəzlənməsi prosesləri də irəliləyir, maşın və avadanlıqların, dərmanların, eləcə də kənd təsərrüfatı məhsullarının istehsalı artır.

Putin vurğulayıb ki, MDB ölkələri maliyyə və iqtisadiyyat sahələrində hüquq pozuntularına, çirkli pulların yuyulmasına və korrupsiyaya qarşı mübarizədə səmərəli koordinasiya qurublar. Rəqəmsal texnologiyalardan qanunsuz istifadəyə, narkotik qaçaqmalçılığına, terrorizmə və ekstremizmə qarşı birgə proqramlar həyata keçirilir.

Rusiya Prezidenti əlavə edib ki, MDB Dövlət Başçıları Şurasının iclasında cinayət ədliyyəsi, kibercinayətlərin qarşısının alınması və sərhədlərin mühafizəsi sahələrində yeni qərar layihələri müzakirəyə çıxarılıb. Rusiya tərəfi bu təşəbbüsləri dəstəkləyir.

Qeyd edək ki, MDB Dövlət Başçıları Şurasının iclası Türkmənistanın “Avaza” milli turizm zonasında keçirilir. Gündəlikdə Birliyin yaradılmasının 35-ci ildönümü ilə əlaqədar üzv ölkələr arasında əməkdaşlığın nəticələrinin qiymətləndirilməsi, mədəni və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi, eləcə də xarici siyasət istiqamətində koordinasiyanın gücləndirilməsi məsələləri yer alır.