“Avropa Parlamenti SSRİ Ali Sovetini xatırladır, Avropa İttifaqı (Aİ) bürokratiyası çox ağır vəziyyətdədir”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze Avropa Parlamentinin ölkəsinə qarşı qəbul etdiyi qətnaməni şərh edərkən deyib.
“Bizdən tez-tez Avropa institutları ilə münasibətdə fərqli ritorikadan istifadə etməyimizi xahiş edirlər. Amma Avropa Parlamenti belə bir qətnamə qəbul edirsə, bu məzmunda müzakirələr aparılırsa, müsbət fikir bildirmək çox çətin olur. Bu cür hərəkətləri ilə Avropa Parlamenti bizə SSRİ Ali Sovetini xatırladır. Məncə, Sovet İttifaqının mövcudluğunun son illərini yaşadığı 1980-ci illərdə Ali Sovetin vəziyyəti Avropa Parlamentinin indiki durumundan xeyli yaxşı idi.
Avropa Parlamenti çox ağır vəziyyətdədir, bütövlükdə Avropa bürokratiyası böhran içindədir. Belə müzakirələr və sənədlər bunun göstəricisidir. Gürcüstan cəmiyyəti üçün isə bu, artıq ümumiyyətlə maraqlı deyil”, - Kobaxidze bildirib.
Avropa Parlamenti dünən Gürcüstanla bağlı növbəti qətnaməsini qəbul edib. Qətnamədə digər məsələlərlə yanaşı, Gürcüstan hakimiyyətini bütün siyasi məhbusların və dinc etirazlara görə saxlanılan bütün şəxslərin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırış yer alıb. Həmçinin Avropa İttifaqı ölkə rəhbərliyinə qarşı sanksiyaların tətbiqinə çağırılıb.