Xanlar Xoca: “Din xadimlərinə dini məsələlərə şərh vermək üçün də lisenziya tətbiq olunmalıdır”
Dini mövzuda “təcrübəsiz qələm”lər işləyir
Cavid Cabbarlı: “Dini ekspert və ilahiyyatçı adı xüsusi qurum tərəfindən xüsusi qaydalar çərçivəsində verilməlidir”
Xanlar Xoca: “Din xadimlərinə dini məsələlərə şərh vermək üçün də lisenziya tətbiq olunmalıdır”
Xanlar Xoca: “Din xadimlərinə dini məsələlərə şərh vermək üçün də lisenziya tətbiq olunmalıdır”
Kənan Rövşənoğlu: "Dini mövzular elə bir sahədir ki, o sahədə hər kəsin deyə biləcəyi və ya demək istədiyi nəsə var”
Azərbaycanda müxtəlif dinlərə etiqad edən, fərqli inanclara sahib olan insanlar yaşayır. Ölkəmiz dini tolerantlıq modelinə görə bir çox ölkələrə örnək sayılsa da, Azərbaycan mediasında dini mövzuların işıqlandırılması məsələsi kifayət qədər aktualdır və o qədər də qənaətbəxş deyil. Azərbaycan mətbuatında dinlə bağlı çoxsaylı materiallar son dövrlərdə, xüsusən, Suriya və İraqda baş verən hadisələrdən, İŞİD-in meydana çıxmasından sonra daha da intensivləşib. Səbəb isə ölkədə dini zəmində yaşanan müəyyən gərginliklər, Azərbaycandan radikal dini qruplara qoşulan insanların sayının çoxalması olub.
Əlbəttə, mediada bu istiqamətdə dərc olunan yazılarda məsələyə müxtəlif baxışlar meydana çıxır ki, bu da fərqli mövqeli dindarlar arasında ziddiyyət formalaşdırır. Təbii ki, jurnalistlərin məqsədi heç də bu deyil. Amma nəzərə almaq lazımdır ki, düzgün istiqamətləndirilməmiş dini yazılar cəmiyyətdə ciddi fəsadlar törədə bilər. Mətbuat Şurası da bu istiqamətdə dəfələrlə monitorinqlər aparıb və jurnalistləri peşə davranış qaydalarına əməl etməyə, din mövzusunda diqqətli və həssas olmağa çağırıb. Ümumiyyətlə, dinin özü həssas məsələ olduğu üçün bu barədə media orqanlarında gedən yazılara və informasiyalara da bir o qədər həssaslıqla yanaşılır. Hətta bəzən dini mövzular cəmiyyətdə əməlli-başlı ajiotaja səbəb olur. Məlumdur ki, dini yazıların əksəriyyəti müəllifdən daha çox ekspertlərin, ilahiyyatçıların fikirlərini özündə ehtiva edir. Lakin istənilən halda dini məqalələrdə təriqət və məzhəb ayrıseçkiliyi ön plana çıxır ki, bu da dindar qruplar arasında problemlər yaradır. Bəs, problemləri aradan qaldırmaq üçün nə edilməlidir? Mövzuları seçərkən nəyə diqqət yetirilməlidir? Dini məqalələr sadəcə bu sahə üzrə ixtisaslaşmış, dini yaxşı bilən jurnalistlər tərəfindən yazılmalıdır, yoxsa istənilən jurnalist bu məsələyə toxuna bilər? Bəlkə, ümumiyyətlə mətbuatda dini mövzulara təmas etmək lazım deyil? Suallara cavab verən əksər ekspertlər hesab edirlər ki, dini məqalələrlə bağlı ortaya çıxan problemlər ölkədə dini maarifləndirmənin zəif olması, jurnalistlərin ixtisaslaşmaması və dini biliklərinin aşağı səviyyədə olması ilə əlaqəlidir. Onların fikrincə, Azərbaycanda dini biliyə malik olan, onun tarixini bilən, bu gününü görən və gələcəkdə hansı fəsadların törənəcəyini qiymətləndirən çox az sayda media nümayəndəsi var.
Tanınmış ilahiyyatçı-jurnalist Cavid Cabbarlı deyib ki, Azərbaycan mediası başqa sahələrdə olduğu kimi dini mövzularda da problem yaşayır: "Əslində problemin dini mövzularda deyil, mediada olduğunu xüsusi qeyd etməyi düzgün hesab edirəm. Mətbuatımızda qeyri-peşəkarlıq və sistemsizlik hökm sürür. Məncə bu məsələ zamanla bağlıdır. Heç bir yerdə iş tapmayan şəxslər mətbuata üz tutur. Bu da mətbuatda qeyri-peşəkarların sayını artırır. Nəticədə digər mövzular kimi dini mövzular da "təcrübəsiz qələm”lərlə yazılmağa məhkum olunur. Fikrimcə, peşəkar yazarlar mediada çoxaldıqca, dini mövzulardakı problemlər də azalacaq”.
Mövzu seçiminə toxunan ekspert bildirib ki, hər kəs öz sahəsi ilə məşğul olsa, problemlər də azalar: "Dini mövzularda yazanlar xüsusi olaraq diqqət yetirməlidirlər ki, dinin əsaslarına toxunmasınlar və dini müqəddəsləri təhqir etməsinlər. Buna görə də dini mövzuda yazan şəxs ən azı dinin əsaslarını bilməlidir. Yazar jurnalistikada peşəkar olmalıdır. Təcrübəli jurnalist özünə və qələminə dəyər verir və çəkə bilmədiyi yükün altına girmir. Əslində həqiqi jurnalist adını qazanan şəxs bütün sahələrdə peşəkar yazmağı bacarmalıdır. Eyni zamanda hesab edirəm ki, təkcə din deyil, bütün sahələrdə jurnalistlər üçün kurslar təşkil olunmalıdır. Dini sahədə yazmaq istəyən yazar zəhmət çəkib o kurslarda iştirak edib, ən azı terminləri və s. öyrənməlidir”.
İlahiyyatçı qələm sahibinin sözlərinə görə, ümumiyyətlə belə mövzulara toxunmamaq mümkün deyil: "Din cəmiyyətin ayrılmaz hissəsidir. Bu mövzuda necə yazmaya bilərik? Din sonradan yaranan bir şey deyil. Birbaşa insanın fitrəti ilə əlaqədardır. Yaşayışımız, həyatımız, hətta varlığımız dinlə vəhdət təşkil edir. Bəziləri bunu istəməsə də, dinlə düşmənçilik etsə də, həqiqət budur ki, dinsiz həyat yoxdur”.
C.Cabbarlı bildirib ki, dini ekspert və ilahiyyatçı adı xüsusi qurum tərəfindən xüsusi qaydalar çərçivəsində verilməlidir: "Bu məsələ çox ciddi problemlərə yol açır. Dəfələrlə dini ekspert məsələsinə toxunmuşam. Etiraf etməliyəm ki, bu sahədə xeyli boşluqlar var. Dini ekspert kimi cəmiyyətə nüfuz edən şəxsin çiyinlərinə daha ciddi və ağır məsuliyyət düşür. Amma indi yerindən duran özünü dini ekspert kimi təqdim edir. Dini ekspert olmaq üçün təkcə savadlı olmaq əsas ola bilməz. Bu sahədə daha çox davranış qaydaları, əxlaq prinsiplərinə əməl etmək və iman məsələsi önə çəkilməlidir. Cəmiyyətə dini ekspert kimi özünü təqdim edən şəxs görürsən ki, dinin ən sadə göstərişlərini ayaq altına atır. Bu da insanlarda dinə qarşı nifrət yaradır. Məsələn, bir nümunə deyəcəm. Özəl telekanalların birində tanınmış ilahiyyatçı mütəmadi olaraq dini ekspert kimi çıxış edir. Arada onun oğlunu həmin verilişdə görürəm. Uşaq, dini dərindən bilməyən, əxlaq qaydalarına əməl etməyən, hətta verilişdəki digər ekspertləri acılayan bir cavandır. Nə geyimi bilinir, nə hərəkətləri. Sizcə bu düzgün seçimdir? Təəssüf ki, atasına görə heç kim etiraz eləmir. Hesab edirəm ki, dini ekspert və ilahiyyatçı adı xüsusi qurum tərəfindən xüsusi qaydalar çərçivəsində verilməlidir”.
"Yenilik.az” saytının təsisçisi və baş redaktoru Xanlar Xoca da hesab edir ki, Azərbaycanda dini maarifçilik sahəsində böyük boşluq var: "Bu işlə məşğul olan qurumlar ya heç nə etmirlər, ya da zəif iş görürlər. Ona görə də cəmiyyətin dindən xəbəri yoxdur. Təəssüflər olsun ki, yaranmış boşluqdan istifadə edənlər çoxdur. Məsələn, müqəddəs yerlərə ziyarətə gedən insanların çoxu qayıdandan sonra "fətva” verməyə, nəyin düz, nəyin yanlış olduğunu izah etməyə cəhd edirlər. Məncə, bu sahədə ciddi iş görülməlidir. Hər il Azərbaycandan Həccə, Kərbələya minlərlə insan ziyarətə gedir, Məşhədə isə hər ay yüzlərlə insan ziyarətə gedir. İndi bu qədər insan hərə öz anladığı formada dini hökmləri izah etsə, onda cəmiyyət heç nə anlamaz və səhv yola düşər”. Baş redaktorun fikrincə, Dini Məsələlər üzrə Dövlət Komitəsinin mövcud olması, uğurlu fəaliyyəti təqdir olunmalı və dini maarifçilik məsələsi konkret və qəti olaraq bu qurumun səlahiyyətinə verilməlidir: "Ölkədən kənara dini təhsil almaq üçün getmək istəyənlər mütləq Dini Komitədən icazə və rəy almalıdır. Hətta din xadimlərinə dini məsələlərə şərh vermək üçün də lisenziya tətbiq olunmalıdır ki, hər yoldan ötən durub özünü "ilahiyyatçı” kimi qələmə verib dini hökmlərə şərh verməsin, çünki bunlar camaatı çaşdırır. Kolbasanı reklam edənlər dini hökmləri necə izah edə bilərlər ki, bir halda kolbasanın özü haramdır?! Yəni elə məsələlər var ki, mütləq dövlət buna nəzarət etməlidir. Hətta ilahiyyat üzrə təhsil almış hər kəsin də dini izah etməsi qəbulolunmazdır. Çünki dörd il ali təhsil almaq hələ min illər boyu dünyanı öz təsiri altında saxlamış "Qurani-Kərim”i tam anlamağa kifayət etmir. Dini izah etmək üçün müəyyən təcrübəsi, zəngin biliyi olan şəxslər lazımdır”.
Baş redaktor deyib ki, Dini Komitənin icazə vermədiyi adamın sosial şəbəkələrdə, mediada dinə şərh verməsi qadağan olunmalıdır və o şəxs telekanallara buraxılmamalıdır: "Hələlik biz fərqli mənzərə görürük. Bu gün efirlərdə və mediada o qədər "dini şərh” verənlərimiz var ki, bu sahəyə əl gəzdirmək artıq zərurətə çevrilib. Mən mediadakı həmkarlarıma məsləhət görərdim ki, nə qədər ki, bu məsələdə ciddi boşluq var, dini ekspert seçərkən onların dövlətimizə və dindəki cihad anlayışına, bu gün başqa dövlətlərdə baş verən toqquşmalara münasibətini nəzərə alsınlar. Dövlətimizə mənfi münasibət bəsləyən, cihadı nəfslə mübarizə kimi deyil, konkret terror kimi anlayan, başqa dövlətlərdə baş verən hadisələrə birbaşa tərəf kimi münasibət bildirən, təriqətçiliyi təbliğ edən adamlar qətiyyən dini ekspert ola bilməz”. X.Xocanın sözlərinə görə, Dini Komitənin dini mövzularda yazan jurnalistlər üçün treninqlər təşkil etməsi və bu sahədə ixtisaslaşmalarına kömək etməsi və həmin kurslardan keçməyənlərə dindən yazmağın qadağan olunması da çox yaxşı olar.
Tanınmış ilahiyyatçı-yazar Kənan Rövşənoğlu bildirib ki, son illərdə bir çox sahələrdə olduğu kimi dini mövzularda da dərin ixtisaslaşma gedib. Amma indi daha böyük problemlər ortaya çıxıb: "Əgər 7-8 il əvvəl mətbuatda dini mövzulu yazıların böyük qismi qeyri-peşəkar və ya sahəni bilməyənlər tərəfindən yazılırdısa, indi bu məsələ müəyyən qədər aradan qalxıb. Üstəlik, internet mediasının inkişafı ilə əlaqədar olaraq çoxlu sayda sahəvi saytlar, o cümlədən dini mövzularda ixtisaslaşmış saytlar, yazarlar meydana çıxıb. Bu mənada indi sahə mediası ilə yanaşı, peşəkar mətbuatın özü də dini sahədə ekspert və ya yazar çətinliyi yaşamır və ya bu məsələ xeyli dərəcədə aradan qalxıb. Ümumi olaraq dini mövzularda hələ də qeyri-peşəkar yanaşma böyük ölçüdə qalsa da, vəziyyət əvvəlki illərə nisbətdə yaxşılaşıb. Ancaq indi daha böyük bir problem ortaya çıxıb. Bu da sektant yanaşmanın dərinləşməsidir. Yəni daha əvvəl bu məsələ çox da qabarıq hiss olunmasa da, son illərdə məzhəbçi, icma və ya qrup marağı daha qabarıq hiss olunmağa başlayıb. Xüsusən də son 4 ildə Yaxın Şərqdə baş verən proseslərin təsiri altında Azərbaycanda da müsəlman icmaları arasında məzhəbi və ya siyasi məsələlərə görə bölünmə dərinləşib. Nifrət çağırışları üzə çıxıb”.
K.Rövşənoğlunun sözlərinə görə, dini mövzular elə bir sahədir ki, o sahədə hər kəsin deyə biləcəyi və ya demək istədiyi nəsə var. Ancaq təbii ki, digər sahələrdə olduğu kimi dində də peşəkarların, ixtisaslaşmış jurnalistlərin olması daha məqsədəuyğun olardı: "Ən mühüm problem olan məzhəbçi və ya qrup maraqlarından xilas olmaq üçün bir neçə məqama xüsusi diqqət olunmalıdır. İlk növbədə Azərbaycan şərtlərini nəzərə alaraq yazılarda məzhəblər arasında ayrı-seçkilik, nifrət yaradacaq məqamları qabartmamaq, dini zəmində nifrəti artıracaq ifadə və fikirlərdən imtina edilməlidir. Kifayət qədər çətin və mürəkkəb olsa da, dini məsələlərə məzhəblər və qruplarüstü yanaşma olmalıdır. Bunun üçün yazar və jurnalistlərlə yanaşı, ekspertlərin, dinşünasların da seçimi mühüm əhəmiyyət kəsb edir. Çalışıb daha sağlam mövqedə olan, məzhəbçi və ya qrup marağından çıxış etməyən mütəxəssislərlə işləmək lazımdır. Çünki əks təqdirdə media xeyli dərəcədə həssas olan din sahəsində gərginlik və nifrətin körüklənməsinə səbəb ola bilər. Bu səbəbdən də jurnalistlər, yazarlar dini sahədə daha çox birləşdirici, tolerantlığı təbliğ edən mövzulara müraciət etməlidir, nəinki məzhəblər, cərəyanlar arası nifrəti artıracaq mövzulara”.
(davamı var..)
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb