Azər Həsrət: “Elə ekspertlərə müraciət etmək lazımdır ki, onların sözü toplum tərəfindən çəkisi olan söz kimi qəbul edilsin”
Dini mövzuda “təcrübəsiz qələm”lər işləyir
Vüsal Hətəmov: “Xalqın birliyinə, möhkəmliyinə, vahidliyinə xidmət etməyən dini yazılar qara sifariş əsasındadır”
Azər Həsrət: “Elə ekspertlərə müraciət etmək lazımdır ki, onların sözü toplum tərəfindən çəkisi olan söz kimi qəbul edilsin”
Azər Həsrət: “Elə ekspertlərə müraciət etmək lazımdır ki, onların sözü toplum tərəfindən çəkisi olan söz kimi qəbul edilsin”
Niyaz Niftiyev: "Bu sahədə jurnalistlər arasında ixtisaslaşma olsa daha yaxşı olar”
Fərid Abdullah: "İndi dini ekspert seçmək çətindir”
Dini yazıların əksəriyyəti müəllifdən daha çox ekspertlərin, ilahiyyatçıların fikirlərini özündə ehtiva edir. Lakin istənilən halda dini məqalələrdə təriqət və məzhəb ayrıseçkiliyi ön plana çıxır ki, bu da dindar qruplar arasında problemlər yaradır. Bəs, problemləri aradan qaldırmaq üçün nə edilməlidir? Mövzuları seçərkən nəyə diqqət yetirilməlidir? Dini məqalələr sadəcə bu sahə üzrə ixtisaslaşmış, dini yaxşı bilən jurnalistlər tərəfindən yazılmalıdır, yoxsa istənilən jurnalist bu məsələyə toxuna bilər? Bəlkə, ümumiyyətlə mətbuatda dini mövzulara təmas etmək lazım deyil? Əksər ekspertlər hesab edirlər ki, dini məqalələrlə bağlı ortaya çıxan problemlər ölkədə dini maarifləndirmənin zəif olması, jurnalistlərin ixtisaslaşmaması və dini biliklərinin aşağı səviyyədə olması ilə əlaqəlidir.
(əvvəli ötən sayımızda)
AMEA-nın dissertantı, şərqşünas, "Birlik.az” saytının baş redaktoru Vüsal Hətəmov mediamızda dini mövzuların işlənmə çəkisinin ürəkaçan olmadığını deyib. Onun fikrincə, mediada dini yazılar, əsasən, yazarların dini-məzhəb mənsubiyyəti atmosferindən kənara çıxmır: "Hesab edirəm ki, bir sıra fakültələrdə, xüsusilə də, jurnalistika ixtisaslarında müəyyən mənada dini bilgilər tədris olunmalıdır. Bundan başqa, media rəhbərləri dini mövzuları hər qələm tutan şəxsə yox, dini bilgisi olan yazarlara tapşırmalıdır. Bundan başqa, yaxşı olar ki, media orqanları dini jurnalistika kursları təşkil etsinlər. Heç olmasa, bu sahədə yazmaq istəyən yazarlar ilkin dini biliyə malik olsunlar”. Şərqşünas vurğulayıb ki, din sahəsi həssas məsələ olduğu üçün mövzu seçimi önəm daşıyır: "Dini yazılar şou, təfriqə, şəxsi dini dünyagörüşündən asılı, reytinq xarakterli yox, maarifləndirmə əsasında olmalıdır. Dövlətçilik prizması, ənənəvi adət-ənənələr, milli məfkurə ölçülüb-biçilməlidir. Xalqın birliyinə, möhkəmliyinə, vahidliyinə xidmət etməyən dini yazılar, hesab edirəm ki, qara sifariş əsasındadır”. V.Hətəmov hesab edir ki, belə mövzular mütləq ixtisaslaşmış, dini yaxşı bilən jurnalistlər tərəfindən yazılmalıdır: "Əks təqdirdə, naşılıq və əks-effekt hiss olunacaq. Dini bilməyən jurnalist, müşahidələrə görə, adətən şou xarakterli mövzulara toxunur. Jurnalistikadan xəbəri olmayan dini yazar da, demək olar ki, yazısı ilə sürətli aktuallıq kəsb edə bilmir”. Baş redaktorun sözlərinə görə, dini mövzuları tamamilə mediadan
uzaqlaşdırmaq faydalı deyil: "Biz toxunmadıqca, bizə toxunurlar. Bugünkü hadisələr, Suriyada, İraq, Əfqanıstan və s. ölkələrdə din adı ilə döyüşən, əslində isə terrorçu qruplaşmaların qurbanı olan vətəndaşlarımız dövlət qarşısında həyəcan siqnalı çalır. Bunun hamısı vaxtilə din siyasətinə boş yanaşdığımız üçün olub. Hesab edirəm ki, burada medianın da böyük günahı var. Bizdə media dini mövzulara maarifçi prizmadan yox, reytinq prizmasından yanaşır. Əlbəttə, sahibkarlıq dönəmidir, reytinq məsələsi reallıqdır, amma həssas, strateji mövzular çörək ağacı ola bilməz. Çünki həmin çörək daha sonra kəfən içərisində cavan meyitə dönərək ölkəmizə qayıdır. Görün nə qədər cavanlarımız radikal dini təəssübün, dağıdıcı dini təfəkkürün qurbanı oldu?! Ümumiyyətlə, sovetlər dönəmində elə bilirdik ki, sovetlərin bizə verdiyi təhsil bizdə ideoloji təfəkkür yarada bilib. Amma sovetlərdən sonra bəlli oldu ki, insanlarımız dini ideoloji boşluq yaşayırmış. Yadınızdadırsa, 90-cı illərdə hətta zərərli din və dini sektalar da ölkəmizə ayaq açdı və bir çox insanlarımız həmin ideologiyaların missionerlərinin qurbanı oldu. Sonradan ölkəmizdə yaradılan Bakı İslam Universiteti, məscidlərdəki bəzi savadlı din adamlarının səyi nəticəsində müəyyən qədər savadlı dini təbəqə yaranmağa başladı”. V.Hətəmovun qənaətincə, mövzu ilə bağlı ekspertlər seçərkən dini təhsil bazası müəyyən edilməlidir. Yəni psevdo ilahiyyatçı olmamalıdır: "Ənənəvi, dövlətimizə yad olmayan dini təfəkkürlü ilahiyyatçılara üstünlük verilməlidir. Son olaraq onu qeyd edim ki, əsrlər boyu ölkəmizdə təbii şəkildə dinlər, məzhəblərarası ixtilaf yaşanmayıb. Neçə yüz illərdir sünni və şiələr ölkəmizdə qardaş kimi yaşayıblar. Hətta yəhudilər, xristianlar belə bu ərazidə özlərini yad hesab etməyiblər. Əfsuslar olsun ki, indi bir çox radikal təyinatlı dini cərəyanlar bu məzhəblər adı altında zərərli işlərlə məşğuldurlar”.
Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət deyib ki, bəzi qüvvələr Azərbaycanda süni şəkildə dini problemlərin olmasını tirajlamaq üçün medianın gücündən istifadə edirlər: "Geniş yayılmasa da, mediada dini mövzularla bağlı problemlər var. Nəzərə almaq lazımdır ki, dini mövzuları lazımi şəkildə işıqlandırmaq üçün yetəri qədər ixtisaslaşmış jurnalistlərimiz yoxdur. Ona görə də çıxış yolunu bu yöndə ixtisaslaşmış jurnalistlərin sayının artırılmasında görürəm”.
Ekspertin sözlərinə görə, yalnız dini deyil, bütün mövzuları seçərkən aktuallığını və cəmiyyətin ona həssaslığını nəzərə almaq lazımdır: "Mövzuya müraciət edən jurnalist məsələni nə qədər dərindən anladığını götür-qoy etməlidir ki, səhvə yol verməsin. Belə məqalələrin bu sahə üzrə ixtisaslaşmış, dini yaxşı bilən jurnalistlər tərəfindən yazılması yaxşı olar. Başqa jurnalistlər də mövzuya yer verə bilər. Yalnız bu zaman mütəxəssislərin yardımından istifadə etmək əsas şərtdir”. A.Həsrətin qənaətincə, ümumiyyətlə, belə mövzulara toxunmamaq mümkün deyil: "Əgər cəmiyyətdə din və dindarlar varsa, mövzunu gözardı etmək olmaz. Hələ nəzərə alaq ki, Azərbaycanda bu sahədə olmayan yerdən problemlər çıxarmaq istəyən qüvvələr də var. Ekspert seçimində, məncə, ən əsası həmin adamların cəmiyyət içində yeri, çəkisi və təbii ki, sahəyə bələdliyi nəzərə alınmalıdır. Yəni elə ekspertlərə müraciət etmək lazımdır ki, onların sözü toplum tərəfindən çəkisi olan söz kimi qəbul edilsin”.
"Azadinform.az” saytının redaktoru Niyaz Niftiyev də bəyan edib ki, Azərbaycanın din sahəsində həyata keçirdiyi siyasət beynəlxalq hüququn prinsiplərinə, Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına və digər normativ-hüquqi aktlara əsaslanır. Amma bütün bu işlərin təbliği, ictimailəşdirilməsində problemlər yaşayırıq: "Media yaxşı məsələləri cəmiyyətdə təqdim etməkdən daha çox, "qara ruhlu” xəbərləri, təriqət, məzhəb mövzularını qabardır. Xüsusən də Qərb mediasının islamafobiya ilə bağlı materiallarını ağına- bozuna baxmadan "kopi-past” edirlər. Etiraz və yaxud da irad bildirəndə də deyirlər ki, bəs, bunu filan xarici media orqanı yayıb. Düşünürəm ki, bu kimi məsələlərə diqqət etməliyik. Problemləri aradan qaldırmaq və mövzular seçilərkən ilk növbədə dini tolerantlığa diqqət olunmalıdır ki, başqaları bundan sui-istifadə etməsin. Hər bir KİV-in başlıca qayəsi məhz bu olmalıdır. Çünki Azərbaycan milli və dini rəngarəngliyə malik respublikadır”.
Baş redaktorun sözlərinə görə, gündəlik qəzetlər hər gün ən az yarım səhifə, həftəlik mətbu nəşrlər isə heç olmasa ayda bir dəfə dini maariflənmə ilə məşğul olmalıdır: "Bu yayım zamanı məzhəb, əqidə təəssübkeşliyi unudulmalıdır. Müsahibələr, reportajlar daxil, dini məzmunlu məqalələrin hazırlanması zamanı subyektiv fikirlərə yol verilməməlidir. Xüsusən də bəzi şəri məsələlərin şərhi zamanı mütləq ruhanilərə müraciət etmək lazımdır. Bildiyimiz kimi, hazırda Azərbaycanda təriqətçilik meyillərinin gücləndiyi müşahidə olunur. Mətbuat bu proseslərdə tərəfsizlik nümayiş etdirərək məlum qorxulu tendensiyanın da qarşısını ala bilər. Bunun üçün də piarını yaxşı quran ekspertləri deyil, dini yaxşı bilən, tolerantlığa töhfə verən din xadimlərini danışdırmaq lazımdır. Onlar həm də məsuliyyət hiss edirlər. Bu sahədə jurnalistlər arasında ixtisaslaşma olsa və bu mövzulara onlar müraciət etsə, daha yaxşı olar. Bu kimi jurnalistləri qısamüddətli kurslara da göndərmək də mümkündür”.
İlahiyyatçı, "Quran Evi Dərnəyi”nin rəhbəri Fərid Abdullah dini məqalələrdə problemlərin çox olduğunu, bu problemləri aradan qaldırmağın elə də asan olmadığını düşünür: "Hər savadlının yazı qabiliyyəti keyfiyyətli olmur. Əgər düzgün metod seçilibsə, bu barədə hər jurnalist söz söyləyə bilər. Lakin din və ya mütəxəssis adına yox. Bu səlahiyyətdən yalnız savadlı və ali təhsilli şəxslər yararlana bilər. Məsləhətdir ki, həmin yazarlar öz yazılarını mütəxəssislərə göstərib, tənqid və təkliflər alsınlar”. Dinin insanın fitri ehtiyacı olduğunu bildirən ilahiyyatçı bu mövzuya ümumiyyətlə təmas etməməyi yanlış yanaşma adlandırıb: "Əgər düzgün din aşılanmasa, insanlar "aclıqlarını” başqa yerlərdə, missionerlərin təkliflərində axtaracaq. Dinin faydaları danılmaz olduğu kimi, onun təsir qüvvəsi də danılmazdır. Din sağlam cəmiyyət yaratmaq iqtidarındadır. Ona görə də, mövzu ilə bağlı dini ekspertləri seçərkən obyektivlik prinsipini əsas tutmalıyıq. İndi dini ekspert seçmək çətindir. Çünki bunun meyarı müəyyənləşməyib. Ekspert deyərkən daha çox tanınan və ya qalmaqal salan adam nəzərdə tutulur. Mütəxəssis təklifi təfriqə yaradacaq şəkildə olmamalıdır. Möhkəm dəlillərə əsaslanmalıdır. Bəzi ekspertlər mühakimə edərkən nəticə və səbəbləri araşdırmadan hökm verirlər. Bu isə gözlənilən nəticəni vermir. Yəni ola bilər ki, mətbu orqan bundan yararlansın. Amma zərbə alan cəmiyyət olur”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb