Əkrəm Həsənov:"Vətəndaşlar qəbzləri atır, banklar bunu bilir, dələduzluğa əl atır. Ən azından banklar bunu sınayır. Vətəndaşın əlində sənədi varsa, gətirib göstərəcək"
"...Bank əməkdaşı isə səhv olduğunu deyərək, üzr istəyəcək. Krediti ödəyən şəxs bunu sübut edə bilməsə, "çek"ləri ortaya çıxarmasa, üzərinə məsuliyyət qoyacaqlar”
"Banklar çox zaman sistem, informasiya təhlükəsizliyinə, texniki təminat məsələlərinə biganə yanaşır”.
Bu barədə "Sherg.az”a banklarda ödəmə terminallarının nasazlığından, vətəndaşların ödəniş məsələsində qarşılaşdığı texniki problemlərdən danışarkən bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bildirib.
Onun sözlərinə görə, belə problemlərin mənbəyi bankların elektorun informasiya təminatındakı qüsurlardır:
"Aydındır ki, banklarda problemlər yaşanır. Gəlirləri azalıb, xərcləri isə əksinə artır. Problemli kreditlər, əmanətlərin banklardan götürülməsi əlavə narahatlıqlar yaradır. Bütün bu səbəbləri ortaya qoyduqda, bankların informasiya texnologiyalarının saz vəziyyətdə işləməsi üçün vəsait ayrılmır. Banklar bu məsələni daim diqqətdə saxlamalı, informasiya təhlükəsizliyini qorumalıdırlar”.
Vətəndaşların ödəniş etdiyi halda kreditinin sistemə oturmaması hallarına diqqət çəkən ekspertin fikrincə, bankların vətəndaşları bu şəkildə aldatmaq ehtimalı da istisna deyil:
"Dəfələrlə vətəndaşlara xəbərdarlıq edilir ki, bank krediti müqaviləsinin müddəti bitəndən ən azı 3 il müddətində ödəniş haqqında qəbzləri atmamaq lazımdır. Çünki bu müddət ərzində bank iddia qaldıra bilər. Vətəndaşlar sənədləri, çekləri atır, banklar bunu bilir, dələduzluğa əl atır. Ən azından banklar bunu sınayır.
Vətəndaşın əlində sənədi varsa, gətirib göstərəcək. Bank əməkdaşı isə səhv olduğunu deyərək, üzr istəyəcək. Krediti ödəyən şəxs bunu sübut edə bilməsə, "çek"ləri ortaya çıxarmasa, üzərinə məsuliyyət qoyacaqlar”.
Aysel Aslan