"Dizel yanacağı bahalaşarsa, bütün məhsulların qiyməti artacaq" - İndiki qiymət saxlansın

Vüqar Bayramov: "Çünki kənd təsərrüfatı məhsullarının istehsalında, nəqliyyat və digər sahələrdə dizel yanacağının əhəmiyyəti böyükdür"



"Dizel yanacağının qiyməti ilə bağlı qərarı Tarif Şurası verir”.

Bunu "Sherg.az”a dizel yanacağının qiymətinin bahalaşmasına dair iddiaları dəyərləndirərkən iqtisadçı-ekspert Vüqar Bayramov deyib. 

O bildirib ki, Tarif Şurasının bu məsələdə hansı qərarı verəcəyini proqnozlaşdırmaq çətindir:

"Hələlik dizel yanacağı ilə bağlı hansı qərar veriləcəyi məlum deyil. Lakin indiki məqamda dizel yanacağının qiymətinin artırılmasının tərəfdarı deyilik. Bu baş verərsə, digər məhsullarda da qiymət artımına gətirib çıxara bilər. Dizel yanacağı bahalaşarsa, kənd təsərrüfatı məhsulları da bahalaşacaq. Çünki kənd təsərrüfatı məhsullarının istehsalında, nəqliyyat və digər sahələrdə dizel yanacağının əhəmiyyəti böyükdür.

Bütün bunları nəzərə alaraq, dizel yanacağının qiymətinin artırılması arzuolunan deyil. Bu yanacağın qiyməti olduğu kimi saxlanmalıdır ki, qeyri-neft sektorunun üzləşə biləcəyi mənfi təsirlərin qarşısı alınsın”.

Qeyd edək ki, son günlər ictimaiyyətdə və sosial şəbəkələrdə dizel yanacağının qiymətinin artırılacağı ilə bağlı iddialar səsləndirilir.

Aysel Aslan