“Manatın yenidən kəskin dəyər itirməsinin qarşısını almaq üçün valyuta ehtiyatları ölkəyə gətirilməlidir”
Manatın məzənnəsinin necə dəyişəcəyi yenə də gündəmin əsas müzakirə mövzusudur. Dünən Azərbaycan manatının rəsmi məzənnəsi 1,6321 manat səviyyəsində müəyyən olunub. Ekspertlər isə manatın ucuzlaşması prosesinin davam edəcəyini düşünür.
Dolların bahalaşmasının gözlənilən olduğunu vurğulayan İqtisadi Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bu il may ayının sonundan ABŞ pulunun manata nisbətən tezliklə güclənəcəyini proqnozlaşdırdığını deyib: "May ayından sonra dollar manata nisbətən 14 faiz dəyər qazanıb. Dollara tələb yüksəkdir, bu isə nəticədə onun valyuta bazarımızda bahalaşmasına səbəb olur. Əgər banklar hərraca 700 milyon dollara təklif ilə gedirlərsə və həmin aksiondan sadəcə 50 milyon dollar aparırlarsa, deməli, ABŞ pulu bahalaşmalıdır və nə qədər ki, tələb ilə təklif arasında bu disbalans var, dollar möhkəmlənməkdə davam edəcək”.
Baş bankın prosesə müdaxilə etməkdə maraqlı görsənmədiyini vurğulayan ekspert deyib ki, son zamanlar hərraca yalnız Dövlət Neft Fondunun çıxması və Mərkəzi Bankın son aylar pul xərcləməməsi də bunun göstəricisidir: "Təbii ki, 15 milyard dollarlıq valyuta ehtiyatlarının cəmi 4 milyarddan bir az artığını qoruyub saxlayan Mərkəzi Bankın ehtiyatlı davranışı anlaşılandır. 11 milyard dollar pul xərcləyən amma hələ də manatın kursunu stabilləşdirə bilməyən Mərkəzi Bank üçün, güman ki, indi daha prioritet məzənnə siyasətini dəyişmək olacaq. Aydındır ki, tənzimlənən üzən məzənnə siyasəti səmərəli deyil. Amma Rusiya və Qazaxıstanda olduğu kimi
liberal məzənnə siyasətinə keçid də riskli görsənir. 2016-cı ilin ötən aylarında hərraclara 3.03 milyard dollar çıxaran Dövlət Neft Fondu isə sadəcə öz büdcə öhdəliklərini yerinə yetirənədək hərraclara çıxacaq”.
Manatın məzənnəsi ilə bağlı 2 mümkün yolun olduğunu deyən V.Bayramov hesab edir ki, MB mövcud tənzimlənən üzən valyuta rejimini davam etdirəcəyi təqdirdə dollar mərhələli şəkildə möhkəmlənəcək: "Bu məzənnə siyasəti son 3 ayda dolların manata nisbətən hər 100 dollarda 25 manat möhkəmlənməsinə səbəb olub. İkincisi isə MB məzənnə siyasətini dəyişir və kursu bazar müəyyənləşdirir və bu halda bazarda dollar sıçrayışla dəyər qazanır. MB yəqin ki, gec-tez liberal məzənnə siyasətinə keçəcək. Amma bunu nə zaman edəcək, proqnozlaşdırmaq mümkün deyil. Çünki bu, inzibati qərardır. Amma dollara tələb ilə təklif arasındakı gündəlik 14 dəfəlik fərq hər iki mümkün yolda dolların möhkəmlənəcəyindən xəbər verir”.
İqtisadçının sözlərinə görə, manatın yenidən kəskin dəyər itirməsinin qarşısını almaq üçün valyuta ehtiyatları ölkəyə gətirilməlidir: "Bu problemin qarşısını almaq üçün 2015-ci ildə təklif etdiyim kimi valyuta ehtiyatlarının bir hissəsinin ölkəyə gətirilərək banklar vasitəsi ilə sahibkarlara güzəştli kredit formasında verilməsinə ehtiyac var. Birinci mərhələdə 4 milyard dollar Azərbaycana gətirilə bilər. Bu bir tərəfdən imkan verəcək ki, sahibkarlar güzəştli kredit alsınlar və real sektora "isti pullar” daxil olsun, digər tərəfdən xarici valyutaya olan tələb qarşılanacaq və təklif ilə tələb arasında balans bərpa ediləcək. Nəticədə, bu zaman MB artıq daha az itkilər ilə liberal valyuta rejiminə keçə bilər. Düşünürəm ki, yalnız bu yolu seçərək manatı xilas etmək olar”.
Şəymən