Natiq Cəfərli: "FED-in faiz artımına getməsi ilə ilin sonuna yaxın xüsusilə, payız ayılarında manatın valyuta dəyəri daha hərəkətli ola bilər"
"Federal Ehtiyatlar Sisteminin iyun ayında uçot dərəcəsini artırması gözlənilən idi”.
Bunu Sherg.az-a iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O bildirib ki, FED-in bu niyyətinin qəti olması artıq hər kəsə bəlli oldu:
"Ola bilər ki, FED bu ilin sonuna qədər bir dəfə hətta iki dəfə yenidən faiz artımına getsin. Bu isə daha ciddi məsələdir. Çünki faiz artımının sürəti və uçot dərəcəsinin həcmi artdıqca dollar indeksinin dünyada bahalaşması qaçılmaz olur. Bütün beynəlxalq analitik şirkətlərin belə proqnozlarında ilin sonuna kimi dolların kifayət qədər bahalaşması qeyd olunur. Doğrudan da, əgər sentyabr ayında il ərzində baş verəcək 3-cü faiz artımı olacaqsa, bu bazarlara ciddi təsir etməyə başlayacaq. Rəsmi açıqlamada qeyd olunub ki, FED bazara əlavə dolların çıxarılmasını da məhdudlaşdıracaq. Bu da dollar qıtlığının yaranmasına, dövriyyəsinin azalmasına və məzənnəsinin artmasına səbəb olacaq”.
Faiz dərəcəsinin artırılmasının Azərbaycana iki yolla təsir etdiyini diqqətə çatdıran ekspertin sözlərinə görə, valyuta birjası ölkədə nəzarət altındadır:
"Bu, Mərkəzi Bankın(MB) həftədə cəmi iki hərrac keçirməsi ilə tənzimlənir. Ona görə də həmən təsir etməni və ya manatın kəskin ucuzlaşmasını gözləmirəm. Çünki iki kəskin devalvasiya iqtisadiyyata böyük ziyan vurub. Bunu MB-da anladı. Lakin yumşaq şəkildə bu ilin yanvar ayında müşahidə olunan 1.90 -1.95 səviyyəsinə qədər manatın ucuzlaşması ola bilər. Digər tərəfdən faiz artımının Azərbaycana təsiri neftin qiymətləri ilə bağlıdır. Həmişə dünyada "baha dollar = ucuz neft” formulu keçərlidir. Ona görə dollar bahalaşdıqca, neftin daha da ucuzlaşması, yaxud bahalaşmamağı daha real olacaq və indiki qiymətlər civarında qalması ilin sonuna qədər realdır. Bu da Azərbaycanın gəlirlərini azaldır. Valyuta gəlirləri azaldıqca qiymətinin çoxalması ehtimalı çoxalır. Ona görə FED-in faiz artımına getməsi ilə ilin sonuna yaxın, xüsusilə, payız ayılarında manatın valyuta dəyəri daha hərəkətli ola bilər. Düşünürəm ki, ilin sonuna qədər FED bir daha faiz artırsa və neftin qiymətləri ucuzlaşsa, yenidən dolların 1.90- 1.95 səviyyəsinə qədər qalxdığını görərik”.
Qeyd edək ki, proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 0,75-1%-dən səviyyəsindən 1-1,25%- dək artırıb.
Xatırladaq ki, sonuncu dəfə FED martın 15-də uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1%-dək artırıb. 2016-ci ilin dekabrın 14-də isə tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0,5-0,75% artırılması barədə qərar qəbul edib.
Aysel Aslan