Dondurmanın içərisindən toyuq sümüyü çıxdı




Havaların isinməsi ilə əlaqədar olaraq artıq dondurma mövsümü başlayıb. Bu günlərdə isə dondurma yeyib sərinləmək istəyən Bakı sakini peşman olub. Çünki dondurmanın içindən qaymaq yerinə toyuq sümüyü çıxıb.

Paytaxt sakini Rasim Mikayılovun həyat yoldaşı dondurmanın yarısını yedikdən sonra qəribə bir dad hiss edib. Dondurmanın içindəki bərk cismi ilk baxışdan daşlaşmış şəkər zənn etsə də, sonradan diqqətlə baxdıqda toyuğun bud sümüyü olduğunu görüb.

Hadisə göstərir ki, dondurma alarkən bir daha ehtiyatlı olmaq vacibdir. Toyuq sümüyü çıxan dondurmadan daha nəyin çıxa biləcəyini təsəvvür etmək çətin deyil.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən "Şərq”ə bildirdilər ki, vətəndaş qarşılaşdığı halla bağlı müraciət edərək hüquqlarını tələb edə bilər. Araşdırma nəticəsində həmin fakt təsdiqini taparsa, istehsalçı qanunlara uyğun olaraq cəzalandırılacaq.

Baş vermiş hadisəni dəyərləndirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, məsələ ilə bağlı müvafiq qurumlar dondurma sexində ciddi araşdırmalar aparmalıdır. Birlik sədri deyib ki, belə bir hadisənin baş verməsi anti-sanitar şəraitdə dondurma istehsalının həyata keçirildiyini göstərir:
"20-yə qədər dondurma istehsalçısı var. Onların təxminən 80 faizi heç bir standarta cavab verməyən dondurmalar istehsal edib bazara çıxarır. Yəqin ki, bu dondurma da həmin istehsalçılardan birinə məxsusdur. Belə hallarda gərək müvafiq dövlət orqanları qarşısında məsələ qaldırılsın, dondurma sexində işlər aparılsın, bağlansın və yaxud təkmilləşdirilsin”.
Yeganə Bayramova