...dönəri o uşağa halal etməli, üstəlik maddi yardım da göstərilməli idi" - Professor





"Kasıb insanları əzən, uşaqları bir parça yeməyə görə incidən şəxslərə, restoran, mağaza sahiblərinə qarşı həssas olmaq lazımdır. Bu şəxsləri kəskin tənqid etsək, gözlədiyimizin əksinə sayları arta bilər”.

Bunu "Sherg.az”a məktəbli oğlanın aldığı dönərin pulunu ödəməyə imkanı çatmadığından restoran sahibi tərəfindən döyülməsinə münasibət bildirərkən sosioloq, professor Əhməd Qəşəmoğlu deyib.

 O qeyd edib ki, belə hadisələrin baş verməsinin səbəbi cəmiyyətdə mənəvi dəyərlərin aşınmasıdır:

"Həmin uşağı pulu ödəmədiyinə görə, döyməzdən əvvəl söhbət etmək lazımdır. Ola bilər, azyaşlının həqiqətən pulu yoxdur və yeməyə ehtiyacı var. İnsanlar ətrafında imkansızlıqdan bu cür addım atan hər kəsə xuliqan münasibəti göstərməməlidir. 

Düzdür, ola bilər, həmin uşaq dönəri xuliqanlıq zəmnində götürüb, bu, onun ilk işi deyil. İstənilən halda həmin məktəblini başa salmaq, bu yoldan çəkindirmək lazımdır. Bir müddət əvvəl yaşlı qadına qarşı da oxşar hadisə baş vermişdi. Sahibkar deyə bilər ki, bu, oğurluq halıdır. Mən malımı satıram, kimin pulu yoxdursa, almasın. Amma burada maddi gəlirdən əlavə mənəvi dəyərləri, insanlığı da unutmamaq lazımdır. İstər uşaq olsun, istərsə də yaşlı insan, söhbət etmək, problemini öyrənmək lazımdır. 

Əgər problem ortaya çıxıbsa, bu əməli törədən şəxs ən pis halda xuliqanlıq edirsə, yenə də heç kim onu döyə bilməz. Qanuna uyğun addım atıb, həmin şəxsi polisə təhvil vermək lazımdır. Dönərə pulu çatmayan məktəbliyə qarşı səbəbini dəqiqləşdirmədən aqressiv davranış sərgiləmək vəhşilikdir. O uşağın, həqiqətən, ehtiyacı var idisə, dönəri ona halal etməli, üstəlik maddi yardım da göstərilməli idi. Ola bilər, evində ac bacı, qardaşı da var – onlara da ərzaq göndərmək, köməklik etmək olardı. İnanıram ki, restoran sahibinin buna maddi imkanı çatacaqdı”.

Qeyd edək ki, iyulun 15-də Səbail rayonu, İslam Səfərli küçəsi 3-də yerləşən restoranda 14 yaşlı uşaq döyülüb. Belə ki, restoran işçiləri olan 2 nəfər naməlum şəxs 2004-cü il təvəllüdlü Mirsüleyman Rəhimovu döyüblər. Zərərçəkən uşaq xəstəxanaya çatdırılıb və ona ilkin tibbi yardım göstərilib. Polis əməkdaşlarının dindirməsi zamanı məlum olub ki, Mirsüleyman Rəhimov dönərin hesabını verməyə pulu çatmadığına görə, əvvəl təhqir olunub, sonra döyülüb.

Aysel Aslan