“Donuz qripi”nin ölkəmizə keçmə ehtimalı yoxdur

Buna baxmayaraq xüsusi palatalar xəstə qəbul etməyə hazır vəziyyətdədir



Türkiyədə müayinə nəticəsində bu ilin ilk üç ayında qrip şikayəti ilə müraciət edən xəstələrin 13-ündə donuz qripi aşkar edilib. Lakin bu virusun Azərbaycana da keçməsi riskləri çox azdır.

Aidiyyəti dövlət qurumları açıqlamalarında ölkəmizdə heyvanlar və insanlar arasında belə bir xəstəliyin qeydə alınmadığını, hazırda vəziyyətin stabil olduğunu bildirirlər.

Dövlət Baytarlıq Xidmətinin mətbuat sözçüsü Yolçu Xanvəli "Şərq”ə danışarkən əmin edib ki, Azərbaycanda donuzlar arasında sözügedən AH1N1 virusuna yoluxma faktı qeydə alınmayıb: "Xüsusilə də son bir neçə il ərzində Beynəlxalq Heyvanlar Sağlamlıq Təşkilatı hər hansı ölkədə və təsərrüfatda heyvanlar arasında "donuz qripi”nin qeydə alınması ilə bağlı məlumat yaymayıb. Hazırda bu xəstəliklər bəzi ölkələrdə insanlar arasında qeydə alınıb. Lakin buna baxmayaraq 2008-ci ildə Qəbələ rayonunun Nic kəndində "Afrika Taunu” qeydə alındıqdan sonra DBX bütün donuzçuluq təsərrüfatlarının qapalı şəraitdə saxlanması və onlara tam baytarlıq nəzarətinin həyata keçirilməsi barədə verilən göstəriş hələ də qüvvədədir. Həmçinin qoyulan tələblərin həyata keçirilməsinə nəzarət etmək üçün mütəmadi olaraq donuzçuluq təsərrüfatlarında reydlər keçirilir və ciddi xəstəliklərə təsadüf olunmayıb”.

Səhiyyə Nazirliyinin rəhbəri Anar Qədirli də "donuz qripi”nin ölkəmizə keçmə ehtimalının olmadığını söyləyir: "Respublikada insanlar arasında "donuz qripi” virusu aşkarlanmayıb. SN tərəfindən "Ebola” və başqa kəskin infeksiyalarla bağlı aparılan monitorinqlər də belə bir xəstəliyin insanlar arasında yayılmadığını göstərir. Ancaq hər hansı ehtimala qarşı SN-in struktur bölmələri hazırdır. Bununla yanaşı, sözügedən xəstəliklə bağlı insanların müraciət etmələri üçün xüsusi tibbi qruplar yaradılıb. Sərhəd keçidlərində də belə məntəqələr var. Bundan əlavə, SN-in xəstəxanalarında bunun üçün özəl palatalar yaradılıb və həmin palatalar lazımi dərman preparatları və avadanlıqlarla təchiz edilib”.

Vüqar Şahinoğlu