Dördüncü dəfə iqtidar- müxalifət dialoqu olacaq

Partiyalara təklif gəlməyib, ancaq parlament seçkilərinin müzakirəsi gözlənilir



Avropa Oyunlarından sonra iqtidar-müxalifət arasında dördüncü görüşün keçiriləcəyi gözlənilir. Ancaq dialoqun hansı gün baş tutacağı barədə konkret məlumat yoxdur. Növbəti görüşü gözləyən partiya rəsmiləri də məsələdən xəbərsiz olduqlarını bildiriblər.

AMİP sədri Yusif Bağırzadə hələlik partiyaya hansısa təklifin gəlmədiyini deyib: "Yəqin ki, yaxın günlərdə görüş günü məlum olar. Hesab edirəm ki, dördüncü iqtidar-müxalifət görüşünün əsas mövzusu parlament seçkiləri olacaq. Biz də görüş olduğu təqdirdə bu barədə fikirlərimizi bildirməyi düşünürük”. ADP sədri Sərdar Cəlaloğlunun da görüş günü haqqında məlumatı yoxdur: "Məntiqlə növbəti görüşdə sadəcə parlament seçkiləri müzakirə ediləcək. Çünki ölkənin siyasi gündəmində əsas hansı məsələ durursa, partiyaların müzakirəsi onunla bağlı olmalıdır. Amma hansı məsələlərin müzakirə olunacağı daha çox iqtidardan asılıdır. Onlar hansı mövzuları məsləhət bilsələr, biz onu müzakirə edəcəyik. Əlbəttə ki, öz sözümüzü və təklifimizi də deyəcəyik”.

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı da bildirib ki, onların partiyasına bu məsələ ilə bağlı məlumat daxil olmayıb: "Görüşün yaxın zamanlarda keçiriləcəyini gözləyirik. Partiyanın lideri Qüdrət Həsənquliyev sonuncu iqtidar-müxalifət görüşündə, qurumun fikirlərini, təkliflərini bildirib. Qüdrət bəy, prezidentin köməkçisi hörmətli Əli Həsənova təklif edib ki, hökumət vaxtilə əgər çoxlu partiyaların yaranmasını stimullaşdırırdısa, indi partiyaların təmərküzləşməsini stimullaşdırmalıdır. Yəqin ki, növbəti görüşdə də digər məsələlərlə bağlı müzakirələr aparılacaq”.

İsmayıl