Döyülən jurnalistlə bağlı Səhiyyə Nazirliyindən AÇIQLAMA





«Səhiyyə nazirinin müavini olmuş mərhum Abbas Vəlibəyovun dəfn mərasimində jurnalistin döyülməsi hadisəsi ilə nazirliyin heç bir əlaqəsi yoxdur». 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən «Şərq»in sorğusuna cavab olaraq bildirilib ki, «unikal.org» saytının əməkdaşı Famil Fərhadoğlunun döyülməsi olayında nazirliyin adının hallanması doğru deyil:

 «Mərhum A.Vəlibəyovun cənazəsi evdən çıxarılanda adıçəkilən jurnalist foto çəkiliş aparmaq istəyib. Lakin mərhumun doğmaları buna etiraz edib, çəkiliş aparılmasını istəmədiklərini deyiblər. Jurnalist çəkilişi dayandırsa da, qəbirstanlıqda (II Fəxri Xiyaban - red.) yenə davam edib. Mərhumun qohumlarından kimsə ona yaxınlaşıb və çəkilişi dayandırmasını tələb edib. Bu olayın nə səhiyyə naziri, nə də ümumilikdə nazirliyə bir bağlantısı, aidiyyəti var». 

Mətbuat xidmətindən bu da bildirildi ki, guya jurnalisti döyən şəxsin vaxtilə Milli Məclisdə şöbə müdiri vəzifəsində çalışmış Təyyar Paşayevin oğlu olması və həyat yoldaşının da Səhiyyə Nazirliyində yüksək vəzifədə çalışması xəbərləri də əsassızdır. SN-də Paşayeva soyadlı xanım çalışmır.

Məlahət