Yaxın gələcəkdə dünya ölkələrinin, o cümlədən ölkəmizin dollardan imtina etməsi gözlənilmir. Çünki dollardan imtina etməyin mexanizmi hazırlanmayıb və hazırda bütün əməliyyatlarda əsas rolu dollar oynayır. Ekspertlərin gəldiyi qənaət budur.
İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, yaxın illərdə dünya ölkələrinin dollardan imtina etməsi absurddur: "Rusiya və Çin kimi iri dövlətlər dolların dəyərinin aşağı salınmasında maraqlıdırlar və bunun üçün çalışırlar. Hətta bir-birilə ticarət dövriyyəsində dollardan imtina etmək haqqında ilk razılaşmalar da var. Lakin dünya üzrə bunun mexanizmləri işlənib hazırlanmadığından, dollardan imtina etmək istəyən ölkələrin milli valyutaları stabil olmadığından tez-tez məzənnə dəyişiklikləri baş verir. Məsələn, hər hansı bir ölkə Çindən yuan ilə məhsul alsa və ya satsa, o yuan ilə nə edə bilər. Əlbəttə, yenidən dünya birjasına daxil olub, forex əməliyyat sistemi ilə o valyutanı dollara, avroya, funt-sterlinqə və ya İsveçrə frankına çevirməyə üstünlük verəcək. Çünki qazancını müəyyənləşdirmək istəyəcək”.
N.Cəfərlinin qənaətincə, rubl və yuan regional valyutalar kimi indiki vəziyyətdə dünya səviyyəsində hər hansı pul əməliyyatlarında istifadə edilmə mexanizmi çox çətindir: "Məzənnənin hərəkətliliyi onların hər hansı əməliyyatlarda aparıcı valyuta olma ehtimalını çox aşağı salır. Ona görə də belə söhbətlər nə qədər davamlı olsa da, dollar hələ uzun illər əsas valyuta ehtiyatı kimi dünyada qalacaq. Buna sübut kimi bu yaxınlarda dünya ölkələrinin valyuta ehtiyatlarına nəzər salsaq görərik ki, dünya ölkələrinin 70 faizi ehtiyatlarını dollarla saxlayır. Məhz Çinin 3 trilyon valyuta ehtiyatının böyük bir qismi dollarladır. Həmçinin ABŞ-ın ən böyük borc kağızlarını alan ölkədir”.
Həmsöhbətimiz Rusiyada rublun möhkəmlənməsi səbəblərini də şərh edib: "Qonşu ölkədə rublun möhkəmlənməsi səbəbləri bir qədər fərqlidir. Rusiyada keçən ilin dekabrından və cari ilin yanvarından rublun dəyərinin aşağı düşməsi ilə başlanan ciddi ajiotaj bazarda psixoloji bir gərginlik yaratmışdı. Dollar hətta 80 rubla qədər qalxmışdı. Yəni həddindən artıq rubl dəyərdən düşmüşdü. İndiki halda isə bu psixoloji faktor ikinci plana keçir və təsirləri getdikcə azalır.
Digər önəmli faktor isə şimal qonşumuzun Azərbaycandan fərqli olaraq dünyada valyuta ilə ticarət edən onlarla dövlət və özəl şirkətləri var. Rusiya hökuməti həmin şirkətlərin əldə etdikləri valyuta gəlirlərinin bir hissəsini gündəlik bazarda satmağı tövsiyə edib. Həmin ölkədə də administrativ nəzarət olduğundan şirkətlər ticarət dövriyyəsinin bir hissəsini dollar və ya avronun bazarda satılması üçün çıxartmaq məcburiyyətində qalırlar. Bu isə rublun məzənnəsinə təsir edir. Məsələn, "RosNeft”, "Lukoyl”, "QazProm” kimi böyük şirkətlər əldə etdikləri valyutanın bir hissəsini birja vasitəsilə sataraq rubla çevirirlər. Həmin rubllarla isə şirkətin əmək haqlarını və vergilərini hesablayırlar. Bu baxımdan dollardan imtina etmə proseslərinin getməsi şansları çox azdır”.
Ekspertin proqnozuna görə, neftin qiyməti artmasa, rublla baş verən proseslər müvəqqəti xarakter daşıyacaq: "Bir müddət sonra Rusiyadakı şirkətlər külli miqdarda valyutanı birjada satmaq kimi öhdəliklərini yerinə yetirməkdən imtina etməyə məcbur olacaqlar. Ona görə ki, o şirkətlərin böyük əksəriyyətinin xaricdə dollarla borcları var. Bu borcların vaxtı çatdıqca, şirkətlər bazara satmağa daha az valyuta çıxaracaqlar. Azərbaycanda neft və neft məhsullarının 95 faizini dünya neft birjalarında dollarla satır. Belə olan halda ölkəmizin yaxın zamanlarda dollardan imtinası gözlənilmir”.
Vüqar Şahinoğlu