"Dünya İqtisadi Forumunda Azərbaycanın öncül yerlərdən birini tutması ölkəmizin böyük uğuru, müsbət imicinin formalaşması deməkdir”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
Azərbaycanın iqtisadi inkişafını dəyərləndirən deputatın sözlərinə görə, dünyanın bir çox beynəlxalq təşkilatları, xüsusən iqtisadi qurumları və forumları müxtəlif ölkələrin iqtisadi inkişafına, sosial tərəqqisinə həsr olunmuş ciddi hesabatlar təqdim edirlər. Beynəlxalq qurumların diqqətində olan ölkələrdən biri də Azərbaycandır:
"Azərbaycan dünyanın üzləşdiyi neft böhranından və dollar krizisindən çox az itkilərlə çıxdı və yenidən inkişaf yoluna qədəm qoydu. Bilirsiz ki, Azərbaycanda 9 istiqamət üzrə inkişaf planını hazırlanıb. Qısa zaman ərzində qeyri-neft sektorunun, aqrar sahənin, sənaye bazarının, logistika mərkəzlərinin, Şimal-Cənub və Şərq-Qərb dəmir yollarının, gəmiqayırma zavodlarının və bir sıra mühüm iqtisadi sahələrdə ciddi dəyişikliklər baş verib. Son günlər Bakı-Gəncə sürət qatarının işə salınması ilə bağlı da iş gedir. Aqrar sektorun inkişafı ixrac potensialının həcmini artırır, paralel olaraq turizm də inkişaf edir. Xüsusən, yollar sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunub. İldə min kilometrlərlə avtomobil yolunun salınması da bunun göstəricisidir. Yəni bütün sahələr üzrə Azərbaycanın tərəqqisi sürətlənir. Əlbəttə, bu cür inkişaf tempi dünyanın, beynəlxalq təşkilatların gözündən yayına bilməz”.
Qeyd edək ki, Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı tamamilə yeni metodologiya əsasında ictimaiyyətə təqdim edilib. Hesabatın 12 əsas sütun indikatorundan 7-si üzrə ölkəmizin mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Qlobal trendlər nəzərə alınmaqla, hesabatın metodologiyasında dəyişikliklər o qədər dərin və əhatəli olub ki, Dünya İqtisadi Forumu bu metodologiyanı yeni nəsil "4.0” kimi təqdim edib. Bu isə onu deməyə əsas verir ki, "Qlobal Rəqabətlilik Hesabatı-2018/2019” yeni dövrün ilk hesabatıdır.
İsmayıl