"Dünya İqtisadi Forumunun son hesabatı çox mühüm göstəricidir” - Millət vəkili





"Yeni metadologiya əsasında müəyyənləşdirilən "Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın bir daha mövqeyini möhkəmləndirməsi onun sosial-iqtisadi inkişafının davamlı və dayanıqlı olmasından xəbər verir”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.

Analitik bildirib ki, Dünya İqtisadi Forumunun son hesabatda Azərbaycan bir sıra indiqatorlar üzrə öz mövqeyini möhkəmləndirib və irəliyə çıxıb:


"2018-2019 Qlobal Rəqabətlilik Hesabatı” yeni dövrün ilk hesabatıdır və əvvəlkilərdən fərqli olaraq, 68 yeni indiqator daxil edilməklə aparılıb. Azərbaycanın bir sıra yüksək göstəricilərə malik indiqatorları var. Lakin hazırda yeni metodologiyaya əsasən bunların nəzərə alımamasına baxmayaraq ölkəmiz yenə də ön sıralarda qərarlaşıb. Bütövlükdə, hesabat zamanı 12 sütun indikator üzrə qiymətləndirmələr aparılıb və 7-si üzrə ölkəmizin mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Buraya infrastruktur, səhiyyə, informasiya kommunikasiya texnologiyalarının səviyyəsi, əmək bazarı, biznesin dinamikliyi, və innovasiya potensialı daxildir. Adlarını qeyd etdiyimiz indiqatorlar üzrə Azərbaycanın mövqeyi xüsusi olaraq qeyd olunub. Hətta bir sıra göstəricilər üzrə Azərbaycan birinci yerdədir. Məsələn, elektrik enerjisi ilə təchizatın səviyyəsinə görə Azərbaycan 100 faiz bal toplamaqla, ilk pilləyə yüksəlib. Bu isə çox mühüm göstəricidir”.

Deputat bildirib ki, ətraf mühitə təsir və inklüziv inkişaf indiqatorları üzrə Azərbaycan lider mövqelərdən birinə yüksələ bilib:

"Bu, Azərbaycanda inklüziv cəmiyyətin mövcudluğundan xəbər verir. Bu o deməkdir ki, intellektual potensialına və qabiliyyətinə uyğun olaraq hər bir Azərbaycan vətəndaşı cəmiyyətin bütün sərvətindən istifadə edə bilir. Bundan başqa, Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi göstəricisinə görə, 31-ci yerdə qərarlaşıb. Bu, bir daha Azərbaycanda sahibkarlığın və biznesin inkişafı ilə bağlı yaradılmış mühüm iqtisadi islahatlarla əlaqədardır. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycanda hazırkı mərhələdə sosial-iqtisadi inkişaf istiqamətində atılan addımlar strateji baxımdan doğrudur və Azərbaycan iqtisadiyyatı bundan sonrakı mərhələdə də bütün sosial-iqtisadi parametlər üzrə inkişaf üçün yeni əsaslar yaratmaqla bunu gələcəkdə də təmin edəcək”.

İsmayıl