Dünya mediası Azərbaycandan yazır

“Bakı 2015” 1-ci Avropa Oyunları xarici və yerli KİV-də lazımınca işıqlandırıldı




(əvvəli ötən sayda)

Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarının xarici mətbuatda və sosial şəbəkələrdə müzakirəsi göstərdi ki, bu mühüm idman yarışması bütün dünyanın diqqət mərkəzindədir. Həm dünya mediasında, həm də çoxsaylı sosial şəbəkələrdə xarici auditoriya və idman ictimaiyyəti Avropa Oyunları haqqında yüksək fikirlər və rəylər bölüşməkdə davam edirlər. Artıq "Twitter”də açılan "Bakı 2015” adlı haştaq dünya trendində top onluğa düşüb.

Azərbaycan mediası və ictimaiyyəti tərəfindən aparılan ardıcıl və qətiyyətli fəaliyyət nəticəsində anti-Azərbaycan şəbəkəsi və dünya erməni lobbisi tərəfindən mediada dərc olunan qərəzli və yanlış yazılar, Azərbaycana qarşı aparılan kampaniyalar fiaskoya uğradı. Oyunların açılışı günü və sonrasında anti-Azərbaycan dəstələrin mətbuatda və sosial şəbəkələrdə üstünlüyü ələ almasına imkan verilmədi. Dünya mediasında Azərbaycan və Avropa Oyunları haqqında həqiqəti əks etdirən pozitiv xəbərlər mütləq mənada üstünlük təşkil etdi. Təkcə "Bakı 2015” haştaqı adı altında ingilis dilində 10 minə yaxın müxtəlif tvit paylaşıldı. Anti-Azərbaycan qüvvələrin "eksperti” Ketti Piars öz profilində məğlubiyyətlərini etiraf etdi. Lakin Böyük Britaniya mediasının açılış mərasiminə münasibəti təsdiq etdi ki, onların qarşılarına qoyduqları əsas vəzifə nəyin bahasına olursa olsun, 1-ci Avropa Oyunlarını və onu keçirən ölkəni gözdən salmaqdır. Dünyaya sülh mesajı verən möhtəşəm açılış mərasimi bitər-bitməz Britaniyanın "BBC”, "The Guardian”, "Daily Telegraph”, "The Daily Mail”, "The İndependent”, "Sundy Times” və s. media orqanlarında Azərbaycan əleyhinə qərəzli və əsassız iddialarla dolu materiallar yer almağa başladı. Bununla Azərbaycanı qaralayan Böyük Britaniya mətbuatı bir daha xüsusi tapşırıq əsasında fəaliyyət göstərdiyini isbatladı. Lakin Britaniyadan fərqli olaraq, dünyanın aparıcı KİV-lərinin Oyunlar haqqındakı obyektiv rəyləri ingilis mediasını təklədi. Dünya mediasının ümumi rəyi belə oldu ki, Azərbaycan ilk Avropa Oyunlarının açılış mərasimi ilə aşılması mümkünsüz standartlar müəyyən edib. Bununla da yarışların Azərbaycanda keçirilməsi qərarı veriləndən iyunun 12-dək aparılan bütün kampaniyalar nəticəsiz qaldı. Azərbaycan dövlətinin və xalqının qətiyyəti, iradəsi sayəsində Birinci Avropa Oyunları baş tutdu və hazırda uğurla davam etməkdədir. Yarışda iştirak edən bütün ölkələr, hətta Ermənistan belə təşkilatçılıqdan və göstərilən münasibətdən razılığını ifadə edir. Azərbaycan təmkinlə və qısa müddət ərzində böyük idman tədbirinə hazırlıq dövrünü başa çatdırmaqla rekorda imza atdı və adını tarixə yazdı. Bu, Azərbaycan dövlətinin və xalqının böyük uğurudur. Artıq əksər xarici media qurumları dərc etdikləri materiallarda Azərbaycanın təşkilatçılığı və ölkədəki mövcud durum haqqında sifarişli dezinormasiyalar deyil, gördükləri həqiqəti, reallığı yazırlar.

Ötən gün Fransanın "www.francsjeux.com” idman saytında "Bakı tarix yazdı” başlıqlı məqalə dərc olunub. Yazıda bütün Azərbaycan xalqının ilk Avropa Oyunlarına dəstək verdiyi bildirilib: "Bu yarış tarixdə qalacaq. Fikir verin, Afrika ölkələri özləri üçün Afrika Oyunları, Asiya ölkələri isə Asiya Oyunları təşkil edir. Avropa ölkələrində isə belə bir yarış keçirilmirdi. Lakin sonradan bununla bağlı təşəbbüs gündəmə gəldi və onun təşkili Azərbaycana həvalə olundu. Prosesləri üzərinə götürən Bakı işlərin öhdəsindən lazımınca gəldi. Əlbəttə, burada milli səfərbərlik də çox mühüm rol oynadı. Bütün Azərbaycan xalqı buna dəstək verdi.

Yarışa 150 Olimpiya, 200-ə yaxın Dünya çempionunun qatılması Oyunların çox böyük önəmə malik olmasının göstəricisidir”.

Almaniyanın "Berlinertageszeitung” qəzeti xarici medianın ilk Avropa Oyunları üzərindən Azərbaycana qarşı hücumlarını tənqid edib. Məqalədə bildirilib ki, son həftələr bəzi xarici mətbuatda qitə tarixində ilk böyük idman hadisəsi olan Avropa Oyunlarının keçirildiyi Azərbaycan haqqında mənfi məqalələrin sayı çoxalıb. Bütün bunlar Azərbaycanı qaralama kampaniyasının tərkib hissəsidir. Halbuki, Azərbaycana qarşı insan haqları ilə bağlı ittihamların irəli sürülməsinə heç bir səbəb yoxdur. Azərbaycan 12-28 iyun tarixini əhatə edəcək ilk Avropa Oyunlarını işıqlandırmaq məqsədilə bütün xarici jurnalistləri obyektiv şəkildə akkreditasiyadan keçirib. Bu, alman jurnalistlərinə də aiddir”. Məqalədə Azərbaycana qarşı söz azadlığının boğulması ittihamlarının yanlış olduğu da qeyd olunub: "Söz və informasiya azadlığı Azərbaycan Konstitusiyasında təsbit olunub. Ölkədə çoxsaylı radio və televiziya ilə yanaşı, Azərbaycan, rus və ingilis dillərində çap olunan yüzlərlə qəzet, həmçinin, 50-dən çox xəbər agentliyi fəaliyyət göstərir. Bununla yanaşı, müxalifət qəzetləri olan "Yeni Müsavat” və "Azadlıq” gündəlik ən böyük tirajla çap olunur. Əhalinin 70 faizi internet istifadəçisidir. İnternet resurslarına heç bir məhdudiyyət yoxdur. Sərbəst toplaşmaq azadlığı təmin olunur. Azərbaycanda hər hansı icazəsiz nümayiş dinc və insidentsiz ötüşür”.

Məqalədə Azərbaycanın iqtisadi inkişafından da bəhs olunur: "Azərbaycan hökuməti əhalinin iqtisadi imkanlardan yararlanmasını yüksək dərəcədə təmin edir. Bu, neft və qaz hasilatından əldə olunan gəlirlərin bölüşdürülməsində də öz əksini tapır”. Aydındır ki, Oyunlar müddətində idman yarışlarının anbaan işıqlandırılmasında, xüsusən qərəzli yazılara cavab verməkdə əsas məsuliyyət Azərbaycan mediasının üzərinə düşür. Ötən müddət ərzində Azərbaycanda fəaliyyət göstərən əksər media qurumları müxtəlif arenalarda və fərqli saatlarda keçirilən idman yarışlarını operativ və obyektiv şəkildə ölkə ictimaiyyətinə çatdırmağa çalışır. Ancaq bəzi xarici, hətta bir sıra yerli media qurumları Azərbaycan əleyhinə yazılar tirajlayaraq, ictimaiyyəti yanıltmağa səy göstərirlər. Bu baxımdan Azərbaycan mətbuatının üzərinə mühüm öhdəlik düşür. Belə ki, Azərbaycan KİV-ləri mütəmadi olaraq Avropa Oyunlarını işıqlandırmaqla yanaşı, həm də mötəbər tədbiri qaralamağa çalışan "media qurumlarını” zərərsizləşdirməlidir. Bəs, görəsən, yerli KİV-lər bunun öhdəsindən gələ bilirmi? Ümumiyyətlə, Azərbaycan mediasının Oyunlar müddətindəki fəaliyyətini, operativliyini qənaətbəxş hesab etmək olarmı?

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli deyib ki, Azərbaycan mediası sadəcə dünya səviyyəli möhtəşəm idman yarışının müdafiəçisi qismində fəaliyyət göstərmir. Eyni zamanda mötəbər tədbirin yayımlanması, təbliğ olunması və yarışlarla bağlı araşdırma məqalələrin yazılması ilə də məşğul olur: "Təəssüflər olsun ki, Azərbaycan dövlətinə qarşı qısqanc mövqedə dayanan bir sıra beynəlxalq qurumların təhriki ilə dövlətimizə qarşı çirkin kampaniya aparılır. Bu baxımdan ölkə mediası bir tərəfdən möhtəşəm Oyunları ictimaiyyətə çatdırır, digər tərəfdən isə anti-Azərbaycan təbliğatına qarşı əks-təbliğat aparır. Artıq Avropa Oyunlarının bir həftəsi geridə qalıb. Bu müddət ərzində mediamızın fəaliyyətini qənaətbəxş hesab etmək olar. Bütövlükdə götürdükdə, istər televiziyalar, istərsə də çap və elektron mediası, Avropa Oyunlarının sülh xarakterli olduğunu həm dünya, həm də yerli ictimaiyyətə düzgün çatdırılmasında mühüm rol oynayır. Bu Oyunlar həm də bir siyasətdir, yəni dünya xalqlarının bir-biri ilə əlaqələrini sıxlaşdıran mədəni və tarixi missiyadır. Ancaq təəssüflər olsun ki, bəzi xarici media qurumları eyni mövqeyi sərgiləmirlər. "Euronews”, "Eurosport” kimi kanallar ilk gündən ölkəmizə qarşı qərəzli mövqe tuturlar. Düzdür, bu kanallar ara-sıra Oyunlarla bağlı kiçik epizodlar verirlər. Amma bütövlükdə Azərbaycana qarşı qərəzli olduqlarını gizlətmirlər və açıq formada büruzə verirlər. Həmin telekanallar bir sıra beynəlxalq qurumların və erməni diasporasının təsiri altında görülən bu qədər işə, çəkilən zəhmətə kölgə salmağa çalışırlar. Amma Avropa Oyunlarını dünyanın tanınmış, nüfuzlu 100-ə yaxın telekanalı canlı yayımlayır və əksər ölkələr Azərbaycandakı reallığı olduğu kimi görürlər”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, tanınmış jurnalist Azər Həsrət də hesab edir ki, Azərbaycan mediası üzərinə düşən missiyanı şərəfli şəkildə yerinə yetirir: "Avropa Oyunlarına hazırlıq sadəcə sözdə qalmadı, əməldə də özünü göstərdi. Ötən gün Lüksemburqun bir qəzetində həmin ölkənin idman nazirinin müsahibəsini oxudum. Lüksemburqun idman naziri deyirdi ki, Bakıda keçirilən ilk Avropa Oyunları 2012-ci il Londonda keçirilən Dünya Olimpiya Oyunlarından daha mükəmməl şəkildə təşkil olunub. Daha sonra jurnalist nazirə sual verir ki, "Azərbaycan dövləti Olimpiya Oyunlarının ev sahibliyinə də iddialıdır, sizcə, bunun öhdəsindən gələ bilərmi?”. Nazir isə cavabında bildirir ki, "Azərbaycan indiki kimi qətiyyət göstərərsə, Olimpiya Oyunlarının da öhdəsindən gələ bilər”. Həqiqətən, Azərbaycanda Oyunların hazırlanması və keçirilməsi sahəsində bütün işlər ən yüksək səviyyədə görülüb və bütün bunlar dünyanın diqqətini cəlb edib”. A.Həsrətin sözlərinə görə, Azərbaycan mediası Oyunların normal şəkildə işıqlandırılması və dünyaya çatdırılmasında mühüm işlər görür: "Media həm daxili ictimaiyyətə, həm də xarici rəyə işləyir. Daxildə elə də ciddi problemimiz yoxdur. Bəzi media orqanları və üç-beş sosial şəbəkə fəalları Oyunları gözdən salmaq üçün dəridən-qabıqdan çıxırlar. Amma ümumi işin, xüsusən də Azərbaycan idmançılarının gündəlik qızıl medallar qazanması fonunda həmin qüvvələrin qara piar kampaniyası heç bir işə yaramır”. Jurnalistə görə, xaricdə müəyyən dairələr var ki, onlar Azərbaycanın uğurlarını, ümumiyyətlə, istənilən əməlini, gözdən salmaq üçün ciddi canfəşanlıq edirlər: "Oyunlar ərəfəsində həmin mərkəzlər boş dayanmadılar, hətta açılış günündə Oyunları boykot etmək çağırışları etdilər. Amma onların hücumu baş tutmadı, çünki Azərbaycan xalqı və ölkəmizi sevənlər həmin kampaniyaya qarşı duruş gətirdilər. Hətta onları üstələyərək hücumları sıfıra endirdilər. İndi müşahidə edirik ki, həmin dairələr, qərəzli xarici medialar artıq yorulublar. Hiss olunur ki, əvvəlki "əzmlə” çalışa bilmirlər. Ona görə ki, əməlləri nəticəsiz qaldı. Üstəlik, Azərbaycandakı möhtəşəm yarışın dünya ölkələrinə canlı yayımlanması həmin dairələrin əl-qolunu bağladı. Əvvəllər o adamlar dünyaya car çəkirdilər ki, guya, Azərbaycan dəhşətli yerdir, burada insanların həyatı üçün təhlükə var və s. Ancaq Azərbaycana gələn idmançılar, onları müşayiət edən şəxslər və xarici jurnalistlər ölkəmizdə tamam başqa bir mühitin olduğunu gördülər və gördüklərini obyektiv şəkildə yazdılar. Bu səbəbdən anti-Azərbaycan kampaniyasına qoşulan qüvvələr tamamilə sıradan çıxdılar”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb