“Dünya ölkələri soyuq müharibə dövrünə qayıdır”

Asim Mollazadə: “ABŞ və Rusiya qarşıdurması xoşagəlməz istiqamətə inkişaf edir”“Biz iki nəhəng dövlətin bu formada münaqişə yaşamasını istəmirik. Çünki Azərbaycan coğrafi olaraq həm Rusiyaya, həm də Yaxın Şərqə çox yaxındır”
"NATO müttəfiqləri Rusiya əleyhinə ümumi cəbhədən çıxış edəcək. Çünki onların başqa yolu yoxdur”
ABŞ-Rusiya münasibətlərindəki gərginlik son bir neçə gündür pik nöqtəsinə çatıb. Gərginliyə səbəb isə Suriya problemidir. Biri-birini uğursuzluqda ittiham edən tərəflər Yaxın Şərq böhranının həll olunmamasında qarşı tərəfin günahkar olduğunu iddia edirlər. ABŞ rəsmilərinin gərginlik yaradan açıqlamalarından sonra Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova da Vaşinqtonun siyasətini tənqid edib. O deyib ki, Amerika hökuməti Rusiya ilə əldə olunmuş razılaşmaları icra edə bilməyib. Çünki Vaşinqtonun Suriyaya dair aydın, dürüst mövqeyi yoxdur.
Zaxarova həmçinin, bəyan edib ki, Ağ Ev təhdid xarakterli bəyanatlar səsləndirməməli, danışıqların pozulmasında təqsirli olduğunu etiraf etməlidir. Bundan başqa, Rusiyanın Suriyaya yerləşdirdiyi "S-300” raket sistemləri də gərginliyi artıran əsas faktorlardandır. Ən əsası isə bu iki dövlət Dağlıq Qarabağ probleminin həllində iştirak edən həmsdər ölkələrdir. Ona görə də ABŞ-Rusiya gərginliyi bütün dünyada maraqla izlənməkdədir. Xatırladaq ki, danışıqlar dayandırılandan sonra Suriyada savaş daha da şiddətlənib. Bəşər Əsədə bağlı hökumət qüvvələri strateji əhəmiyyət daşıyan Aleppo şəhərinin şərqini Rusiya aviasiyasının dəstəyi ilə ələ keçiriblər. Beynəlxalq təşkilatların verdiyi məlumata görə, yarım milyonluq şəhərdə humanitar fəlakət yaşanmaqdadır. Proseslərlə bağlı "Şərq”in suallarını cavablandıran millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ABŞ-Rusiya danışıqlarının dayandırılmasının əsas səbəbi Suriyada atəşkəs elan olunduqdan sonra BMT-nin humanitar karvanının böyük ehtimalla Suriya və yaxud da Rusiya təyyarələri tərəfindən bombalanması oldu. Bombardman nəticəsində 20 sivilin öldüyü bildirilirdi.
- ABŞ və Rusiya arasında Suriya məsələsi ilə bağlı yaranmış gərginliyi necə dəyərləndirirsiniz?
- Amerika hərbi gücləri xeyli müddətdir Suriyada gedən əməliyyatlarda iştirak edirlər. Rusiyanın hərbi bazası, silahlı qüvvələri də bilavasitə prosesə qoşulduğu üçün Suriyada vəziyyət daha da gərginləşib. Artıq dünya ölkələri soyuq müharibə dövrünə qayıdır. Ən ciddi gərginlik isə ABŞ və Rusiya arasında müşahidə olunur. Təbii ki, biz iki nəhəng dövlətin bu formada münaqişə yaşamasını istəmirik. Çünki Azərbaycan coğrafi olaraq həm Rusiyaya, həm də Yaxın Şərqə çox yaxındır. Bölgədə baş verən istənilən gərginlik bizə də təsir edir. Ona görə də gərginliyin hərb yolu ilə deyil, siyasi danışıqlarla çözülməsini arzu edirik. Regiondakı mövcud təhlükələrin üstünə əlavə problem gəlməməsi üçün sabitlik zəruridir.
- Tərəflərin ikisini də supergüc adlandırırlar. Amerika və Rusiyanı hərbi cəhətdən eyniləşdirmək olarmı?
- Əslində söhbət iki supergücdən getmir. Təbii olaraq ABŞ iqtisadi baxımdan Rusiyadan çox güclüdür. Dünyada ümumi iqtisadi məhsulunun 25 faizi ABŞ-ın öhdəsinə düşür. Burada Rusiyanın payı sadəcə 0.8 faizdir. Ancaq Moskvanın hərbi potensialı yüksəkdir. Rusiya hərbi sahədə çox fəaldır. Xüsusən, Suriya və Ukrayna məsələlərində əsasən militar müdaxilələrə üstünlük verir. ABŞ-ın ona qarşılığı isə sadəcə iqtisadi sanksiyalar tətbiq etməkdən ibarətdir. Əlbəttə, iqtisadiyyat da böyük rol oynayır. Şübhəsiz ki, Rusiyaya qarşı iqtisadi sanksiyaların artması bu ölkəni daha da çətin vəziyyətə salacaq. İqtisadi problemlərlə üzləşən Rusiya adekvat olaraq hərbi fəallığını artıracaq. Mənə elə gəlir ki, proseslər xoşagəlməz istiqamətdə inkişaf edir. Qarşıdurmadan kənar olmaq üçün mütləq danışıqlara qayıtmaq və problemi siyasi müstəvidə həll etmək lazımdır.
- ABŞ-ın Rusiyanı terror təhlükəsi ilə hədələməsinin arxasında nə durur? İddia edildiyi kimi, Vaşinqton Rusiyada etnik və dini qarşıdurma yaratmaq istəyirmi?
- Əgər iki dövlət qarşı-qarşıya gəlirsə, onlar istənilən təhdidi, ittihamı səsləndirirlər. Belə açıqlamalar qarşı tərəfdə qarışıqlıq və qorxu yaratmaq üçün verilə bilər. Amma prosesə bütövlükdə baxmaq lazımdır. Hazırda ciddi gərginlik müşahidə olunur və bu gərginlik bizi çox narahat edir.
- Görünən odur ki, Avropa ölkələri Rusiyaya qarşı ABŞ-a açıq formada dəstək vermirlər. Avropa ölkələrinin susqunluğuna səbəb nədir?
- Susqunluq müəyyən qədər hiss olunur. Amma Almaniya Bundestaqı Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi təklif edib. Fikrimcə, NATO müttəfiqləri Rusiya əleyhinə ümumi cəbhədən çıxış edəcək. Çünki onların başqa yolu yoxdur.
- ABŞ-ın Suriyada uğursuzluğa düçar olduğunu iddia edirlər. Sizcə, Vaşinqton Yaxın Şərq böhranında Rusiyaya uduzdumu?
- ABŞ bölgəyə girmədən prosesləri idarə etmək istəyirdi. Amma Amerika Suriyada hərbi uğursuzluğa düçar oldu. Rusiya və İranın proseslərə bilavasitə müdaxiləsi Əsəd rejimini daha da gücləndirdi. Nəticədə hökumət qüvvələri ilə müxaliflər arasında savaş şiddətləndi və minlərlə sivil vətəndaş, qoca, uşaq, qadın həyatını itirdi. İndi Suriyada əsl humanitar faciə yaşanır. Qaçqınların sayı isə durmadan artır. Təbii ki, bunlar Obama hökuməti üçün uğur sayılmır.
- Rusiya ABŞ-da keçiriləcək prezident seçkisini maraqla gözləyir. Amerika rəsmiləri isə iddia edirlər ki, Kreml seçkilərə təsir göstərməyə çalışır. Sizcə, Moskvanın "favorit” namizədi kimdir - Donald Tramp, yoxsa Hillari Klinton?
- Moskva namizədlər içindən Trampı dəstəkləyir. Ona görə də rus xakerlər tez-tez Demokrat Partiyasının saytına, Klintonun təbliğat işinə müdaxilələr edirlər. Eyni zamanda ölkədə rəqib namizəd barəsində təxribat xarekterli məlumatların yayılmasına çalışırlar. Yəni ABŞ-ın iddia etdiyi "seçkiyə təsir” məsələsi elektron xidmətlərlə bağlıdır. Ancaq düşünürəm ki, bu məsələdə Rusiyanın imkanları çox cüzidir.
- ABŞ-Rusiya gərginliyi fonunda Türkiyənin mövqeyini necə dəyərləndirirsiniz?
- Bu bölgədə, xüsusən indiki məqamda Rusiya-Türkiyə qarşıdurması çox təhlükəli olardı. Türkiyə NATO üzvü kimi Yaxın Şərqdəki əməliyyatlarda birbaşa iştirak edir. Həm də radikal islamçı qruplaşmalara və eyni zamanda Türkiyəni qarışdırmağa çalışan terrorçularla mübarizə aparır. Hələlik, Qərbə dəstək verən Türkiyə ilə Rusiya arasında hansısa qarşıdurma hiss olunmur. Səbəbi də odur ki, Rusiya və Türkiyənin savaşdıqları bölgələr fərqlidir.
- Minsk Qrupunun iki həmsədr ölkəsi arasında yaranmış gərginlik Dağlıq Qarabağ münaqişəsinə necə yansıyacaq?
- Onsuz da ATƏT-in Minsk Qrupu həlledici funksiya daşımır. İndiyə qədər nə ABŞ, nə də Rusiya münaqişənin həlli istiqamətində heç bir müsbət addım atmayıb. Onların biganəliyi isə Ermənistanı ruhlandırıb və düşmən ölkə status-kvonu qoruyub saxlamağı bacarıb. Bu səbəbdən ABŞ-Rusiya əlaqələrinin normal və ya gərgin olması münaqişə baxımından əhəmiyyət kəsb etmir.
İsmayıl