Dünya ölkələrindən ABŞ və Şimali Koreyaya çağırış: "SAKİTLƏŞİN !"

ABŞ və Şimali Koreya arasındakı gərginlik beynəlxalq ictimaiyyəti ciddi şəkildə narahat etməyə başlayıb.
"Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki, Fransa, Yaponiya, İngiltərə, Almaniya və Rusiya  tərəfləri gərginliyi dinc yolla aradan qaldırmağa çağırıblar. 
Hadisələrə ilk olaraq Çinin prezidenti Si Szinpin reaksiya verib.
O, ABŞ prezidenti Donald Trampa zəng vuraraq bildirib ki, Şimali Koreya ilə nüvə problemini müharibəsiz, danışıqlar yolu ilə həll etmək lazımdır. Bu barədə Çinin ictimai televiziyası xəbər yayıb. Çin lidri  Koreya adasında sülhün qorunmasında maraqlı olduqlarını bəyan edib. 
Bundan başqa Fransa prezidenti Emmanüel Makron da tərəfləri gərginliyi səngitməyə səsləyib. Bu halın beynəlxalq təhlükəsizliyə böyük təhdid olduğunu söyləyib: 
"İndiki vəziyyət həm də qonşu ölkələrin təhlükəsizliyinə xələl gətirə bilər". 
Almaniyanın kansleri Angela Merkel qeyd edib ki, Berlin də gərginliyin hərb deyil, sülh yolu ilə həllinin tərəfdarıdır: 
"Hətta bu yöndə aparılamalı olan danışıqlarda iştirak edə bilərik". 
Böyük Britaniyanın xarici işlər naziri Boris Conson vurğulayıb ki, böhranın aradan qaldırılması üçün diplomatik yol tapılmalıdır: 
"Bu problemin kökündə Şimali Koreya rejimi dayanır. Artıq beynəlxalq ictimaiyyət Şimali Koreyanın təcavüzkar əməliyyatlara son qoyması üçün birləşib. Biz ABŞ və Şimali Koreya arasındakı böhranın diplomatik yolla həllinə dair yollar axtarmağa çalışırıq". 
Rusiya xarici işlər naziri Sergey Lavrov mövcud böhranın Moskvanı da narahat etdiyini deyib:" 
Moskva bu gərginliyin  güclənməsindən çox narahatdır. Bu ölkələr arasında konfliktin baş verməməsi üçün Rusiya əlindən gələni edəcək".
Şimali Koreya ilə ABŞ arasındakı gərginliyi bu linkdən oxuya bilərəsiniz:
Tərcümə etdi: Ayyət ƏHMƏD