Dünya Qarabağa bir də boylandı

İnformasiya savaşında daha çox qazanan tərəf biz olduq



"Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu cəbhədəki gərginlik zamanı yaşanan informasiya savaşından, ölkəmizin diplomatik uğuru və digər ölkələrin Azərbaycana münasibətindən söz açıb. Ekspert "Şərq”ə bildirib ki, 1990-cı illərdəki döyüşlərlə indiki döyüş arasında bir fərq vardı:

"1990-cı illərin müharibəsində tamamilə informasiya blokadasında idik. O zaman ölkəmiz haqqında yalnız neqativ məlumatlar yayılırdı. Amma bu dəfə tam əksi müşahidə olundu. Çünki 22 il ərzində Qərblə əməkdaşlığa başladıq, boru xətləri inşa olundu, yeni enerji layihələri həyata keçirildi. Qərb Ermənistanın Rusiyaya bağlılığını gördü. Ona görə də, bu dəfə Qərb mətbuatı neytral mövqedə dayandı. Hətta dedilər ki, Qarabağ ətrafındakı rayonlar qaytarılmalıdır. Rusiya rəsmiləri də çox balanslı danışdı. "Azərbaycan düz eləmir” ifadəsini heç biri dilinə dolamadı. Bu da bir həqiqətdir ki, Rusiya mətbuatı iki yerə bölündü. Onların vuran əlləri olan jurnalist var, Kisilyov. O, balansı gözlədi. Amma ermənipərəst teleaparıcı Salavyov ölkəmizin əleyhinə çıxışlar edirdi. Salavyovun proqramı var. Analitikləri bir yerə yığıb, müzakirələr aparır. Ona həmin verilişdə Qarabağdan danışmağı qadağa etdilər. Heç verilişin girişində də döyüşlərdən danışmadı. Ona icazə vermədilər. Hiss olundu ki, Kreml bu dəfə balansın gözlənilməsi tapşırığını verib. Bununla yanaşı, bəzi telekanallarda anti-Azərbaycan mövqeyi sərgiləndi. Düşünürdüm ki, Rusiya teleməkanlarında ölkəmizə qarşı daha çox verilişlər yer alacaq. Amma olmadı. Bu, çox sevindirici haldır”.

Ekspert diqqətə çatdırıb ki, Moskvanın Bakıya silah satmasına ermənilər etiraz edir: "Bədnamların bu etiraz xəbərini alan kimi feysbukda bir status yazdım. Bildirdim ki, Roqozini təcili Bakıya dəvət edib, yeni növ silahların alınmasına dair danışıqlar aparmaq lazımdır. Proqnozum özünü doğrultdu. Roqozin D.Medvedyevlə birgə Bakıya gəldi və bəyan etdilər ki, Azərbaycana silah satışını davam etdirəcəklər. Bu da Ermənistana təzyiq vasitəsidir. Bizimkilər belə faktlardan istifadə edə bilər. Həmçinin xəbər aldıq ki, cəbhədə döyüşlər zamanı Rusiyanın Gümrüdəki hərbi bazasında adi iş rejimi olub. Ermənilər gözləyiblər ki, bazada canlanma olacaq. Amma nə yaxşı ki, olmadı. Bundan başqa, aprelin 8-də Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin XİN başçılarının İrəvanda toplantısı gözlənilirdi. Lakin ləğv olundu. Qazaxıstanla Belarus bundan imtina etdilər. İrəvanda toplaşmaq istəmədiklərini bildirdilər. Buna İrəvan da çox hiddətləndi. Sonra Dmitri Medvedyev onları Moskvaya dəvət etdi. Bütün bunlar deməyə əsas verir ki, hərbi sahədə qazanılan uğurlarla yanaşı, diplomatiya sahəsində də nailiyyətlərimizi artırmışıq”.

Ekspert Serj Sarkisyanın Almaniya səfərindən də danışıb: "Bu da çox maraqlıdır. Belə vəziyyətdə Sarkisyan səfəri təxirə sala bilərdi. Onun gedib, Berlində Moskvadan şikayətlənməsi Rusiyanı hiddətləndirə bilər. Həm də səfər çərçivəsində S.Sarkisyanın bir etirafı oldu. Qeyd etdi ki, Ermənistan ordusunun silahları 1980-ci illərdən qalıb. Azərbaycanda isə bütün silahlar müasirdir. O anlamır ki, Azərbaycan o silahları pul verib alıb, Ermənistan isə bir sağola əldə edib”.

E.Şahinoğlu onu da diqqətə çatdırıb ki, cəbhədə gərginlik zamanı İran ikibaşlı oyun oynadı: "Bir güneyli ilə görüşdüm. Bu adam bütün günü İran kanallarını izləyir. Dedi ki, fars teleşirkətləri döyüş başlayandan anti-Azərbaycan təbliğata başlayıb. Amma son anda belə bir şayiə də yayıldı ki, İranın ali dini lideri hansısa ərdəbilli deputata bildirib ki, Qarabağ müsəlman torpağıdır və ora işğaldan azad olunmalıdır. Əslində biz o amildən də Ermənistan əleyhinə istifadə edə bilərik. Separatçı ölkəyə psixoloji təzyiqlər göstərə bilərik. Nəzərlərinə çatdırmalıyıq ki, İran çətin anda bizim yanımızda olacaq. Çünki orada güney azərbaycanlılar var. Onlar İran hakimiyyətinə təzyiqlər göstərəcəklər. Bir sözlə, indi ağıl oyunu başlayıb”.

Mərkəz rəhbəri Sarkisyanın Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanla görüşünə də diqqət çəkib: "Petrosyanı Sarkisyanla Koçaryan devirib. İndi Sarkisyan onun yanına gedir. Deməli, bu da bir mesajdır ki, Moskva Sarkisyanı sıxır. Sarkisyana sual oluna bilər ki, mərhələli həll planı ilə razılaşmırdınsa, 18 il əvvəl Petrosyanı niyə devirirdin? Deyim ki, Sarkisyana çətin olacaq”.

E.Şahinoğlunun qənaətincə, Pakistan və Türkiyə ölkəmizə çox böyük dəstək göstərdi: "Hətta İslam Konfransı Təşkilatı və Belarus da bizi dəstəklədi. Baxın, Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatında yer alıb. Ermənistanın strateji müttəfiqidir. Amma Azərbaycanı dəstəkləyir. Bu da qazanılan diplomatik müvəffəqiyyətlərdən biridir. 22 il əvvəllə müqayisədə indi vəziyyət çox əla idi. İnformasiya savaşımız da yaxşı idi”.

Ayyət Əhməd