Düşüncələrimiz bizi məhvə aparır

Oğlan uşaqlarının da çox övladlığa götürülməsi ciddi mesajdır
"Bir gün gözümüzü açıb görəcəyik ki, qızlar evdə oturub və çölə çıxanda təhlükə ilə üzləşir, təhsildən yayınırlar"


Statistik məlumatlara görə, ötən il Azərbaycanda 751 uşaq övladlığa götürülüb ki, bu da 2017-ci illə müqayisədə 14,4 faiz azdır.

Əvvəlki ilə nisbətən övladlığa götürülən oğlanların sayı 13,7 faiz azalaraq 402 nəfər, qızların sayı 15,1 faiz azalaraq 349 nəfər olub.

2018-ci ildə əvvəlki illə müqayisədə övladlığa götürülmüş 3 yaşa qədər olan uşaqların sayında 10,5 faiz, 3-5 yaşlı uşaqların sayında 19,2 faiz, 6-10 yaşlı uşaqların sayında 21,0 faiz, 11-17 yaşlı uşaqların sayında isə 11,9 faiz azalma müşahidə olunub və bu yaş qruplarında müvafiq olaraq 376, 139, 132 və 104 uşaq övladlığa götürülüb.

Ötən il ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 14 uşaq övladlığa götürülüb ki, onların da 4-ü qızdır.

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın "Şərq”ə açıqlamasına görə, daha çox oğlan uşaqlarının övladlığa götürülməsi mental dəyərlərlə də bağlıdır: 

"Qız uşaqlarını selektiv abort edirlər ki, gələcəkdə əxlaq məsələləri ilə bağlı problem yaşamasınlar.
Eyni zamanda övladlığa götürən zaman da bu məsələni özləri üçün prioritet götürürlər. Lakin başa düşmürlər ki, əgər genetik olaraq valideyn yaxşı olmayıbsa, oğlan uşaqları ilə bağlı da problem yaşana bilər. İnsanlar düşünür ki, oğlan uşaqlarını tərbiyə ilə istədikləri kimi formalaşdıracaqlar, lakin qız uşaqları genetik olaraq mütləq anası ilə eyni həyatı yaşaya bilər. 

Bu düşüncələrdən irəli gələrək qız uşaqlarının övladlığa götürülmə halları azalıb. Selektiv abort edən valideynlər də eynilə övladlığa uşaq götürən valideynlər kimi düşünürlər. Birmənalı olaraq insanların şüurunu dəyişməliyik.

 Qız uşaqlarının cəmiyyətdə rolunu artırmalıyıq. Amma cəmiyyətə bu mesajları çatdırmırıq. Məsələn, bu günlərdə sosial şəbəkələrdə qızların çılpaq videosu yayıldı. Bu, qız uşaqlarının övladlığa götürməməsi üçün kifayət qədər təsiredici amildir. Belə görüntülər həmçinin qız uşaqlarının təhsildən uzaqlaşması, onların evdən çölə buraxılmaması üçün zəmindir.

Bəlkə saytlar bu problemin fərqində deyillər. Onlar başa düşmürlər ki, yaydıqları xəbər qız uşaqları haqqında kütlənin düşüncəsini neqativ istiqamətə yönləndirir. Belə məlumatlar qız uşaqlarına qarşı aqressiyanı artırır, bütün qızlar və qadınlar haqqında mənfi imic formalaşdırır, qızların qapanması və yaxud dünyaya gəlməməsi üçün şərait yaradır”.

M.Zeynalova bildirib ki, bir tərəfdən dövlət qız uşaqlarının dünyaya gəlməsi ilə bağlı müvafiq proqramlar hazırlayır, digər tərəfdən isə saytlar zərərli informasiyalar yayaraq buna mane olurlar: 

"Belə hallar hər zaman olub. 100 il bundan öncə də bu cür hadisələr baş verirdi. Amma saytlar belə məlumatları o formada verirlər ki, sabah bu, kütlə üçün ciddi mesaj halına gəlir. Sabahdan etibarən görəcəyik ki, övladlığa uşaq götürən şəxslər ümumiyyətlə qız uşaqlarından imtina edirlər. Bu da böyük bir diskriminasiyaya gətirib çıxardacaq. Videosu yayılan qızların hadisəsindən sonra ölüm halları olsa, buna kim cavab verəcək? Söhbət ondan gedir ki, ümumiyyətlə, saytlar cəmiyyətə çox ciddi mesajlar verir. Məlumatları açıq formada vermək, yaymaq, tirajlamaq tamamilə başqa bir təhlükədir. İnsanları da başa düşmək lazımdır. 

Çünki onlar nəyi görürlər, onu da təkrarlayırlar. Mətbuat tamamilə fərqli yöndə qız uşaqlarına dəstək verməlidir. Görünür ki, ayrıseçkilik var. Bir gün gözümüzü açıb görəcəyik ki, qızlar evdə oturub və çölə çıxanda təhlükə ilə üzləşir, təhsildən yayınırlar. Bütün bunların hər biri ciddi problemdir. Hesab edirəm ki, bu məsələ ilə bağlı Mətbuat Şurası saytlara çox ciddi qadağalar qoymalı və müəyyən cəzalar tətbiq edilməlidir”.

Yeganə Bayramova