"Ədəbiyyat turizmi" nədir və onu Azərbaycanda necə reallaşdıraq ? - İZAH

Son illər Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqətin ayrılması turizm sahəsinin ön plana çəkilməsinə səbəb olub. Turizmin inkişafı üçün ölkədə müxtəlif infrastruktur layihələri və beynəlxalq əhəmiyyətli tədbirlər həyata keçirilir. Bununla yanaşı müəyyən boşluqlar hələ də qalmaqdadır. Yəni turizm sektoruna məxsus elə elementlər var ki, bu barədə Azərbaycan da heç məlumat belə yoxdur, nəinki tətbiqat. 
Məsələn, turizmin bir qolu olan "Ədəbiyyat turizmi" haqqında ölkəmizdə məlumat çox azdır və ya heç yoxdur desək yanılmarıq. Biz də ilk olaraq bu məsələ haqqında tanınmış jurnalist, "Ayna"-Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı, tanınmış jurnalist, Azərbaycan Dövlət Televiziyasının sabiq ilk Türkiyə təmsilçisi İbrahim Nəbioğlu və "Yeni Nəsil” jurnalistlər birliyinin rəhbəri Arif Əliyevin təqdimatında "AYNA TV"-də yayımlanan verilişlərin birində qısaca məlumat əldə etdik. Mövzunun aktuallığını, perspektivini nəzərə alaraq bu turizm növünün mahiyyətini təşkil edən amillər və onun necə həyata keçirilməsi ilə bağlı E.Şıxlı və tanınmış naşir Şahbaz Xuduoğlu ilə ətraflı söhbət apardıq.
Elçin Şıxlı məsələni belə izah etdi:
"Həmin verilişmizdə "Ədəbiyyat turizmi" ifadəsini İbrahim Nəbioğlu işlətdi. Ola bilsin ki, bu işin incəliklərini onun qədər bilməyim. Amma "Ədəbiyyat turizmi" deyəndə söhbət nədər gedir? Məsələn, nəyimiz olmasa da qədim dövrlərdən bəri şair və nasirdən boluq. Hətta ölkəmizdə çox gözəl ədəbiyyat müzeyimiz də  var. Turistlər olur ki, üz tutduqları ölkələrin ədibləri ilə maraqlanır. Bu, müəyyən mənada ölkənin mədəniyyəti ilə bağlı olan amildir. Tutalım, hansısa turist gəlib Azərbaycanda Molla Vəli Vidadi ilə maraqlanır. Bunun üçün marşrut hazırlamaq olar. Biz qazaxlıyıq deyə demirəm. Yəni ilk yadıma düşən odur. Qazaxa getmək olar. Qazaxda Səməd Vurğunun ev müzeyi var. Hüseyn Arif demişkən yerlibaz deyiləm, amma Ağstafanı da özümüzünkü sayıram. Hüseyn Arifin ev müzeyi var. Molla Vəli Vidadi və Osman Sarıvəllinin məzarları Qazaxdadır. Mütəfəkkirlər bağlı deyilən yer var. Sonra Qazaxın özündə Ədəbiyyat müzeyi fəaliyyət göstərir. Azərbaycan ədbiyyatının görkəmli ədibləri ilə maraqlanan turist olarsa, onun üçün marşrutlar olmalıdır. Hansısa turist Vidaninin qəbrini ziyarət emtək istəyirsə, gedə bilsin. 
Amma hər şeydən əvvəl onun qəbri abıra salınmalıdır. Orada Vidadi haqqında məlumat lövhələri yerləşdirilməlidir. Daha sonra deyim ki, Səməd Vurğunun ev müzeyi normaldır. Qazaxdakı Ədəbiyyat müzeyini yenidənbərpadan sonra görməmişəm. Orada olmamışam. Dəqiq bilmirəm. Hər halda müəyyən stendlər quraşdırıblar. Gəncənin özündə Şeyx Nizaminin məqbərəsi var. Orada çox maraqlı şeylər mövcuddur. Bakını da nəzərdə tuturuqsa, burada da marşrutlar olmalıdır. Maşallah paytaxtda Füzuli, Nizami, Səməd Vurğun, Cəfər Cabbarlı, Mikayıl Müşfiq və başqalarının heykəlləri, abidələri var. Ölkəni turistə bu yöndən də tanıtdırmaq olar. Məsələn, Xızının özündə Cəfər Cabbarlı və Mikayıl Müşfiqlə bağlı da komplekslər mövcuddur. Bunların hamısının marşrutlarını tutursan və turist gələndə təklif edirsən. Təklif olanda maraqlanan olacaq. Biri özü üçün dəniz qırağını seçəndə, digəri də ədəbiyyat müzeylərini seçəcək. İlboyu dəniz qırağı olmur axı. Belə olan halda həm də ölkənin mədəniyyətini tanıdırıq. 
Məsələn, Polşanın Krakov şəhərində bu ölkənin məşhur yazıçılarından birinin adını daşıyan kafe, restoran fəaliyyət göstərir. O yazıçı həmin həmin kafedə otururmuş. Onun xüsusi yeri də var. İndi adına görə, o kafeyə minlərlə adam gəlir. Orada həmin yazıçı ədəbi nöqteyi - nəzərdən təbliğ olunmur. Amma o adamı hamı tanıyır. Ədəbiyyat turizmi deyəndə bax, bu nəzərdə tutulur"
"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu isə yazılmış məşhur əsərlərə əsasən turizmin yaradılmasının geniş yayıldığını diqqətə çatdırıb:
"Məsələn, Orxan Pamukun "Məsumiyyət muzeyi” adlı kitabının əsasında qurulmuş muzey var. Onlarla insan həmin muzeydə həm kitabı dinləyir, həm də kitabdakı yerlər, coğrafiyası, vaxtı, məkanı, əsərdəki obrazlar haqqında ətraflı məlumat alır. Bu, bir nümunədir. Qabriel Qarsia Markezin "Yüz ilin tənhalığı” adlı əsəri əsasında turizm səyahəti qurulur. Əsərdə təsvir olunan kəndləri, adıçəkilən yerləri gəzmək, görmək, onlar haqqında müfəssəl məlumat almaq mümkündür. Deməli bu, turizmə xidmət edir.
Azərbaycanda da belə nümunə bu yaxınlarda sosial şəbəkələrdə yayıldı. Qurban Səidin "Əli və Nino” əsərinə əsasən İçərişəhərdə olan yerlərin tanıdılması, obrazların gəzdikləri dar küçələrin səyahətçilərə tanıdılması məqsədilə turistik gəzinti təşkil edildi. Bu "Əli və Nino” əsərinin oxuyan bir şəxsin təşəbbüsü idi. Əsərdəki Əlixan və Nino obrazının gəzdikləri yerlər, oxuduqları məktəb, getdikləri teatr və opera, yaşadıqları evlər haqqında ətraflı məlumat maraqlananlara çatdırıldı. Bu çox müsbət turizm nümunəsidir. Düşünürəm ki, bu yalnız kitabı təbliğ etmir, həm də əyani şəkildə insanlara kitabı oxutdurmuş olur”.
Hazırladı: Aysel Aslan, Ayyət Əhməd