Əfvdən sonra müsbət dəyişiklik olacaq

Həmməruzəçilərin yay səfərində elə də böyük məsələlərə baxılmayacaq



Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) monitorinq komitəsinin həmməruzəçiləri bu il iyun ayının birinci yarısında Azərbaycana səfər edəcəklər. Bununla bağlı AŞ PA-nın həmməruzəçisi Ştefan Şennak bildirib. Onun sözlərinə görə, hazırda tərəflər səfərin dəqiq tarixini razılaşdırırlar.

Xatırladaq ki, həmməruzəçilər Sezar Florin Preda və Ştefan Şennak aprelin 11-də Azərbaycanda keçirilmiş Prezident seçkilərində AŞ PA müşahidə missiyasının heyətində Bakıda olublar.

Həmməruzəçilərin yay ayında baş tutacaq səfəri ilə bağlı fikirlərini "Şərq”lə bölüşən hüquq müdafiəçiləri hələ ki, müzakirə olunacaq məsələlər barədə dəqiq məlumatlı olmadıqlarını bildirdilər.
Hüquq müdafiəçisi Novella Cəfəroğlunun sözlərinə görə, əfv olduqdan sonra bəzi məsələlər ortadan qalxacaq:


 "Düşünürəm ki, həmməruzəçilərin yay səfərində elə də böyük məsələlərə baxılmayacaq. Bunu da müsbət qarşılayıram. Çünki may ayında əfvi gözləyirəm, əfvdən sonra daha dəqiq danışmaq olar”.

Həmməruzəçilərin proqramı ilə tanış olmadığını deyən hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib ki, yayda baş tutan səfər hər zamankı işgüzar səfərlərdəndir: "AŞ PA həmməruzəçiləri ildə bir neçə dəfə ölkəmizə gəlib dövlət sturukturları, hökumət təşkilatları, hüquq müdafiəçiləri ilə görüşüb məlumatlar toplayır, onları maraqlandıran suallara cavab axtarırlar. 

İlin sonu üçün onlar Azərbaycanla bağlı hesabat hazırlamalıdırlar. Həmin hesabatlarda toplanan materialları hər dəfə Azərbaycana gələndə bizdən aldıqları bilgilər əsasında hazırlayırlar. Başqa bir məqsəd yoxdur. Bu sadəcə onların növbəti işgüzar səfəridir”.

Yeganə Bayramova