Ekspert "Maşın"şounun portretini cızdı: "Bu da şou ulduzların əxlaqıdır "





"Əyləndirici şoular jurnalistika predmeti deyil”.

Bunu Sherg.az-a ATV-nin efirində yayımlanan "Maşın” realiti şousunda iştirakçıların efir zamanı bir-birinə qarşı "Qatıqlama, həyasız" kimi qeyri -etik ifadələrə yol verməsinə münasibət bildirərkən tanınmış media eksperti Zeynal Məmmədli deyib. 

O bildirib ki, televiziya cəmiyyəti göstərir:

"Bu, bir növ rentgen rolunu oynayır. İstəmədiyimizi eşitməyək, istədiyimizi eşidək şəklində yanaşma da doğru deyil. Bu, şou ulduzların əxlaqıdır. Əxlaq bəzilərində belə, bəzilərində isə başqa cürdür. O başqa məsələdir ki, televiziya bunu tirajlamalıdırmı? Veriliş canlı yayım olduğuna görə, belə hadisələrin gözlənilmədən baş verməsi təbiidir. Amma bunun tərbiyələndirici tərəfi odur ki, onlar televiziyadan özlərinə baxanda dəyişəcəklər yoxsa yox? Bu şoularda da müsbət dəyişmə baş verməyəcəksə, realiti şou öz məqsədinə nail olmayacaq. 

Realiti şounun məqsədi sadəcə tamaşaçıları maraqlandırmaq, reklam qazanmaq deyil, eyni zamanda cəmiyyətə o mesajlar da verilməlidir ki, insanlar bir maşını qazanmaq üçün niyə bir-birini aşağılamağa, təhqir etməyə qədər gedirlər? Düşünürəm ki, şouda baş verənləri sadəcə tənqid etməklə vəziyyət düzəlməyəcək. Bu, şou aləminin portretidir, qaçmamalıyıq. Eyni zamanda mövcud durumu dəyişmək üçün nəyə ehtiyacımız var? Araşdırmaq, düzgün diaqnoz qoymaq və müalicə etmək lazımdır. Düzgün diaqnoz qoyub, müalicə etmək yoxdursa, belə şouları günahlandırmaqla bir addım da irəli getməyəcəyik”.

Qeyd edək ki, ATV-nin efirində yayımlanan "Maşın” realiti şousunda rəqqasə Oksana Rəsulova müğənni Səidə Sultana həyasız deyib. Bundan sonra verilişdə bu iki xanım arasında gərginlik yaşanıb. Həmçinin müğənni Təranə Qumral da aktyor Sərxan Kərəmoğlu ilə aralarında yaranan qarşıdurma zamanı "Qatıqlama, həddini bil" deyib. 

Ayyət Əhməd