Ekspertdən ittiham:"İmtahandan qazanc götürməyə çalışmayın"




"Qəbul imtahanlarının ödənişli həyata keçirilməsi nə pedaqoji prosesin fəallığına, nə də insanların sosial vəziyyətinə uyğundur”.

Bunu Sherg.az-a qəbul imtahanlarının ödənişli keçirilməsinə münasibət bildirərkən Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev deyib. 

O bildirib ki, Dövlət Qulluğu, işə qəbul kimi imtahanlar kütləvi olmadığından ödənişli həyata keçirilə bilər, lakin bu qətiyyən qəbul imtahanlarına aid edilməməlidir:

"Mən təhsil sahəsinin mütəxəssisi olduğuma görə, buna tam pedaqoji proses kimi baxıram. Təhsilin pedaqoji proses olması məktəbəqədər dövrdən başlayır. İllər keçir, buraxılış, qəbul imtahanları həmin pedaqoji prosesə daxildir. Əgər dövlət öz müəssisələrində bunu həyata keçirirsə, dövlətin konstitusiyasında təhsil haqqında qanununda göstərilən hər kəsin təhsil almaq hüququ nəzərə alınmalıdır. Bu ərəfədə imtahanlardan sui-istifadə edib, pul qazanmaq doğru hal deyil. Möhtərəm prezidentimiz ilk dəfə imtahan verənlərin imtahanlarının ödənişsiz keçirilməsi haqqında sərəncam verdi. Bu sərəncam yalnız qərarın yüngülləşdirilməsi deyil, digər şəxslərə mesajdır ki, siz təhsil sahəsində imtahan-imtahan oyunundan qazanc götürməyə çalışmayın. Təhsil dövlətin strateji əhəmiyyətli sahəsidir. Bu sahədə maneələr yaratmaq, qəbul və ya hər hansı imtahanı ödənişli etmək insanların kütləvi təhsil almaq arzusunu ürəyində qoymaqdır. Bununla pulu olmayan abituriyentlər imtahanlarda iştirak etməyəcək. Nəticədə başqa sahələrə getməyə məcbur olacaqlar. Təhsil insanları bəsit düşüncədən ayırır, sərbəst müstəqil fikir yürütmək, dövləti, dövlətçiliyi başa düşməyinə şərait yaradır. Təhsilin tək pedaqoji deyil, mənəvi, ideya-siyasi, psixoloji yanaşması var. Ona görə, bu qərarlar çıxarılarkən, bütün bunlar nəzərə alınmalıdır. Məhdud düşüncə ilə yanaşmaq, təhsilin qarşısını hansısa ödənişlərlə almaq olmaz. Qəbul imtahanları ödənişsiz olmalıdır”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, bu il ilk dəfə qəbul imtahanlarında (istər orta ixtisas təhsili, istərsə də ali təhsil müəssisələrinə) iştirak üçün ərizə verən gənclərin imtahan ödənişi dövlət tərəfindən ödəniləcək.Ancaq ikinci dəfə imtahan verənlər, magisr və dissertantlarlar imtahanları ödənşli verəcək. Amma elə adamlar var, 2-3 il ard-arda qəbul imtahanlarında iştirak edir və onların imtahan ödənişləri özləri tərəfindən ödənməlidir. 

Aysel Aslan