Ekspertdən sərt TƏLƏB: " Özəl çimərliklər vergiyə cəlb olunmalıdır"

Məhərrəm Zülfüqarlı: "Bu çimərliklərdə kassa aparatı, VÖEN hesabı olub, vergi verən işçilər yoxdur. Amma onlar qurduqları obyektlərin vasitəsilə çoxlu pul qazanırlar. Əsas günahı isə səlahiyyətli məmurlarda görürəm


"Özəl çimərliklərdə qiymətlərin bahalığı bu sahədə fəaliyyət göstərən məmurların özbaşınalığının nəticəsidir”.

Bunu Sherg.az-a sözügedən problem haqqında danışarkən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri, ekspert Məhərrəm Zülfüqarlı deyib. 

O bildirib ki, çimərliyə gedən şəxslərin qarşısını hər hansı şəxslər kəsib, pul istəyirsə, bu qeyri-qanunidir:

"Həmin özəl çimərliklərdə kassa aparatı, VÖEN hesabı olub, vergi verən işçilər yoxdur. Amma həmin şəxslər insanların dənizə getməsindən istifadə edib, orada qurduqları obyektlərin vasitəsilə çoxlu pul qazanırlar. Ona görə, bunun əsas günahını səlahiyyətli məmurlarda görürəm.

Yaradılan obyektlərin vergi ödəməsi qaydasında olmalıdır, icra hakimiyyətləri, polislər həmin əraziləri özbaşına buraxmamalıdır. Çimərlik sahibləri qiymətləri ona görə qaldırırlar ki, sadalananların hamısı bundan bəhrələnir. Nəticədə məsələ mediaya daşındıqda jurnalistlərin gündəmə gətirməsi ilə müvəqqəti həmin məsələ yığışdırılır. Sonra isə yenidən davam edir. 

Köklü islahat aparılmalıdır. Necə ki, Azərbaycanın hər yerində nağd ödənişlərin olmamasını, hesaba pul köçürülməsini tələb edirlər, çimərliklərdə də elə aparat quraşdırılmalıdır ki, qanuni şəkildə ödənişləri kassaya ödəyib, çeki götürüb, rahat istirahətimizi edək. Artıq pul vermək qeyri-qanuniliyə şərait yaradır və gündən-günə yeni qiymətlərin ortaya çıxarılmasına səbəb olur. Bu məsələlər yuxarıdan həll olunmalı, ciddi nəzarət mexanizmi qurulmalıdır”.

Qeyd edək ki, Abşeron yarmadasının ən bahalı çimərlikləri Novxanı, Bilgəh və Şıxov ərazisində olan özəl çimərliklər sayılır. Həmin çimərliklərdə 1 nəfər üçün giriş qiyməti 15-50 manat arasında dəyişir.

Aysel Aslan