Ekspertdən SOS: "Dönərxana, restoran, bağça və xəstəxanalarda yararsız ət verilir" - QTA hara baxır ?

Eyyub Hüseynov:"Bazarlarımızda it əti və bu ətdən hazırlanan kolbasalar satılsa, təəccüblənməyəcəm"
"İstehlakçılara xarab, istifadəsi qadağan olunan ətlərin təklif edilməsi həqiqətən də ürəkaçan vəziyyət deyil"
Bunu "Sherg.az"a ağır xəstəliklərin daşıyıcısı olan, istifadəyə yararsız külli miqdarda heyvan ətinin aşkar olnması ilə bağlı danışarkən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.
Onun sözlərinə görə, bazarlarımızda it əti və bu ətdən hazırlanan kolbasalar satılsa, təəccüblənməyəcəm:
"İki il öncə Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi dedi ki, Azərbaycanda heç bir ətin satışına qadağa yoxdur. Sadəcə, istehlakçını aldatmayıb, ətin adını yazmaq lazımdır. Mən bununla razılaşmıram. Düzdür, it və pişik ətinin satışına qadağa yoxdur. Lakin ölkəmizdə mental dəyərlər var. Buna yol verməmək lazımdır. Amma dövlət orqanının rəhbərinin belə açıqlama verməsi Toplan və Alabaş kolbasasının istehsal edilməsinə şərait yaradır. Sadəcə onu deyə bilərəm ki, bu çox anormal vəziyyətdir. AİB buna qarşı 20 ildir, mübarizə aparır. Qida Təhlükəsizliyi Agentliyinə (QTA) bu xoşagəlməz halla dəfələrlə təhlillər vermişəm. 
Ölkə prezidenti tərəfindən 2016-cı ildə imzalanmış "Kənd Təsərrüfatının İnkişafına Dair" strateji yol xəritələrində ictimai nəzarət ayrı bir bölmə kimi göstərilir. Lakin ölkədə bu nəzarətin həyata keçməsində böyük problemlər var. Burada da QTA -nın zəif işinin şahidi oluruq. Lakin bu qurumdan çox böyük nəticələr gözləyirdik. Məncə, QTA öz işinə ciddi yanaşıb, əhalinin rəğbətini qazanmalıdır. Təəssüf ki, hazırda əhaliyə xarab, istifadəyə yararsız ət satılır. Bunların da əksəriyyəti dönərxanalarda baş verir. Bununla yanaşı restoranlardan tutmuş, xəstəxana və uşaq bağçalarına qədər bu arzuolunmaz vəziyyət gedib çıxır. Qida Təhlükəsizliyi Agentliyi bir qurum kimi çox əhəmiyyətli vəzifəni icra edir. Daxilindəki cinayətkarlıqla məşğul olan adamlardan canını qurtarmağa çalışmalıdır və ictimayyətlə sıx əlaqədə olmalıdır”
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun yaydığı birgə məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə müvafiq sahədə mövcud olan xidmət qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə müxtəlif ünvanlarda yerləşən emal sahələrinə baxış keçirilib. Aparılmış istintaqla Qida Təhlükəsizliyi Agentliyinin 5 saylı qida nəzarət məntəqəsinin həkimi Xaspolad Mirimov, bundan başqa bazara keyfiyyətsiz ət tədarük etmiş Həsənov Əli Tahir oğlu, Nəbiyev Şamxal Kərim oğlu, Tağıyev Vasif İbadulla oğlu və Səlimov Cahangir Xələf oğlunun birgə istehlakçıların dələduzluq yolu ilə xeyli miqdarda əmlaklarını ələ keçirməyə cəhd etmələrinə şübhələr üçün əsaslar müəyyən edildiyindən onlara Cinayət Məcəlləsinin 29, 178.2.1 və 29, 200.2.2-ci maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib
Kənan Eynuroğlu