Ekspertlər daha çox aprel döyüşlərində jurnalistlərin sərgilədiyi mövqeyi alqışladılar




Yola saldığımız 2016-cı il Azərbaycan mediası üçün bir sıra uğurlar və çətinliklərlə yadda qaldı. Dövlət tərəfindən mətbuatın inkişafı üçün bir çox addımlar atıldı. Bu, istər redaksiyaların maddi-texniki bazasının möhkəmlənməsində, istərsə də jurnalistlərin sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılmasında özünü göstərdi.

Düzdür, devalvasiyadan sonra çap mediası müəyyən çətinliklər yaşadı. Buna baxmayaraq, həm də yeni -yeni internet media orqanları yarandı. Eyni zamanda bir sıra media orqanları daxilində islahatlar aparıldı, yeniliklər oldu.

Elə bütün bu dəyişiklikləri həmin media qurumlarının rəhbər şəxslərinin dilindən eşitmək üçün media təmsilçiləri arasında sorğu keçirdik. Media nümayəndələri isə 2016-cı ilin mətbuat üçün uğurlu olduğunu və bu uğurların 2017-ci ildə də davam edəcəyinə inandıqlarını söylədilər.

2016-cı ilin qlobal maliyyə-iqtisadi böhranı ilə xarakterizə olunduğunu vurğulayan Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq
Ələsgərlinin sözlərinə görə, bu, media sahəsinə də təsirsiz ötüşməyib:

"Hətta məşhur transmilli KİV-lərdən bir qismi özlərinin ştat vahidlərində, dövriyyələrində ixtisarlar etmək məcburiyyətində qaldılar. Azərbaycan mediasının ən böyük uğuru bu oldu ki, 2016-cı ilin qlobal maliyyə-iqtisadi böhranından itkisiz çıxmağı bacardı. Hər hansı media qurumu maliyyə səbəbindən öz fəaliyyətini dayandırmadı, gündəmdən çıxmadı. Bu, həm də Azərbaycan dövlətinin KİV-lərə ciddi yardımı nəticəsində mümkün oldu. Azərbaycan yeganə ölkələrdəndir ki, burada "KİV-in inkişafı üçün dövlət konsepsiyası” qəbul edilib, həmçinin, KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu fəaliyyət göstərir. 2016-cı ildə həm KİVDF vasitəsilə KİV-lərə maliyyə yardımı ayrıldı, həm də Prezident İlham Əliyevin Sərəncamı ilə KİV-lərə birbaşa maliyyə yardımı göstərilib ki, bu da milli KİV qurumlarının qlobal maliyyə böhranından yan keçməsinə şərait yaradıb. Qısa olaraq, 2016-cı ili Azərbaycan KİV-i üçün sabit il kimi dəyərləndirmək mümkündür”.

"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev isə 2016-cı ilin ümumilikdə götürəndə media üçün çətin keçdiyini hesab edir. Onun sözlərinə görə, ilin əvvəlindəki devalvasiya prosesləri çap mediası üçün problemlər yaşadıb:

"İl ərzində mediamız yeni şəraitə uyğunlaşmağa çalışdı. Yeni şəraitə uyğun strategiya müəyyənləşdirmə yolunda mediada bir sıra addımlar atıldı. Şükürlər olsun ki, ciddi media orqanları bu sınaqdan üzüağ çıxdılar. Ciddi media qurumlarında fəaliyyətini dayandıran, işçilərini ixtisara salan media qurumlarına rast gəlmədik. Mövcudiyyətimizi qoruyub saxlaya bildik. 2016-cı il mediamızın peşəkarlaşması baxımından da müsbət çalarla yadda qaldı. Yola saldığımız ildə daha çox təcrübəli qələm sahibləri üzə çıxdılar. Aprel döyüşləri vaxtı peşəkar medianın nümayiş etdirdiyi mövqeyi xüsusi vurğulamaq istərdim. Bundan əvvəl cəbhədə atəşkəs pozulan zaman mediamız ekstremal şəraitə hazır olmadığını göstərmişdi. Aprel döyüşləri göstərdi ki, bu istiqamətdə qısa müddət ərzində xeyli iş görülüb. Aprel ayında Azərbaycan mediası dövlətimizin maraqlarını peşəkar səviyyədə qoruya bildi. Müdafiə Nazirliyi və digər güc strukturları ilə paralel şəkildə iş aparıldı. Təsdiqlənməmiş məlumatların ictimaiyyətə ötürülməsinin qarşısı alındı. Bu da aprel döyüşlərindəki uğurlarda bizim də pay sahibi olmağımızın göstəricisi sayıla bilər”.

2017-ci ildən gözləntilərinə gəldikdə isə İ.Quliyev üzümüzə bu ildə iqtisadi reallıqların dəyişəcəyinə ümid etdiyini deyib: 

"Ümid edirik ki, dövlət dəstəyi ilə yazılı mətbuata yardımlar bir qədər artırılacaq. Bundan başqa gəlirlərin artacağına ümid edirəm. Çünki hazırda medianın reklam bazarı çox dardı. Satış bazarının genişləndirilməsi üçün qəzetlərə müəyyən yardımların olunmasını arzu edirəm. Bundan əlavə yazılı mətbuatla yanaşı, saytımızın 2017-ci ildə daha da gücləndirilməsini planlaşdırıram. Burada söhbət həm ingilis və rus dilləri, həm də Azərbaycan dili versiyalarımızın gücləndirilməsindən gedir”.

APA TV-nin xəbər müdiri Cavid Cabbaroğlu:

- Bilmirəm hansı şairin sözüdür - "halim məmləkətin hali”. Bu prizmadan yanaşanda Azərbaycan mediasının halı da məmləkətin halıdır. Axı media cəmiyyətin güzgüsüdür. Bu ilin ən mühüm siyasi, hərbi və media hadisəsi heç şübhəsiz ki, aprel döyüşləri oldu. Avqust döyüşlərindən fərqli olaraq, mediamız bu dəfə üzərinə düşəni layiqincə yerinə yetirə bildi, dezinformasiyalarla cəmiyyəti çaşqın duruma salmadı. Əksinə, cəmiyyətin Vətən uğrunda səfərbər olması işində əlindən gələni əsirgəmədi.

Azərbaycan kiçik ölkə olduğu üçün informasiya məkanı da kiçikdir. Ona görə də mediamız gündəmi həm də xaricdə, xüsusən Rusiya və Türkiyədə baş verən hadisələrlə doldurmaq zorunda qalır. Bu baxımdan Türkiyədə baş verən hərbi çevriliş cəhdi Azərbaycan mətbuatının "işinə yaradı”. Mediamızın özündə ciddi, yaddaqalan hadisə olduğunu xatırlamıram. Heç yeni imzalara da rast gəlmədik. Hələ ki, köhnə imzalarla keçinirik. Görək axırı necə olacaq. Yeni ildən gözləntilərim təbii ki, pozitiv olmalıdır. Ən azı mediamızdakı nöqsanların aradan qaldırılacağına ümid etmək istərdim.

Milli.az informasiya portalının baş redaktoru Anar İmanov isə geridə qoyduğumuz 2016-cı ilin Azərbaycan mediası üçün uğurlu il olduğunu düşünür. Onun sözlərinə görə, mediamız daha da güclənib, peşəkarlıq daha da artıb: 

"Tarixə qovuşan 2016-cı ildə əlbəttə ki, çətinliklər də oldu, amma onların sayı azalmaqdadır. Müəyyən çətinliklərə baxmayaraq, ciddi media-strukturların sayı artıb. Eyni zamanda bir pis tendensiyaya da fikir vermək lazımdır - normal, dünya və Azərbaycan ictimaiyyətinə həqiqətləri çatdıran media ilə yanaşı, yalanları tirajlayan və oxucuları aldadan KİV-lər də öz fəaliyyətlərini davam etdirdilər. Hesab edirəm ki, yeni, 2017-ci ildə bu, qeyri-peşəkar və qanunlara zidd, müxtəlif yollarla yalnız İP-lərə işləyən və bunun üçün açıq-aşkar dezinformasiya yayan KİV-lərlə mübarizə daha da güclənməlidir. Fikrimcə, bunların Azərbaycan mediasından təmizlənməsi, oxuculardan uzaqlaşdırılması üçün cəzalar sərtləşməlidir. Belə KİV-lər Azərbaycan xalqına və dövlətə qarşı işləyirlər və qeyri-peşəkarlıqları ilə mediamıza böyük ziyan vururlar. Hazırda bu istiqamətdə ciddi iş aparılır və əminəm ki, çox qısa zamanda bu fəaliyyət öz töhfəsini verəcək və nəticədə Azərbaycan mediası daha da güclənəcək”.

Ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədov isə hesab edir ki, 2016-cı ildə mediada ən yaddaqalan hadisə aprel döyüşlərindən üzüağ çıxması olub: 

"Nəhayət, hamı çəkici bir yerə vurub, informasiya müharibəsində erməniləri qabaqlaya bildi. Devalvasiyadan sonra bir çox mətbuat orqanının bağlanması isə ən pis hadisələrdən oldu. Maddi çatışmazlıq ucbatından xeyli həmkarımız işsiz qaldı. Xüsusilə ilin sonunda reket jurnalistlərlə mübarizənin aktivləşməsi isə əsl jurnalistlər üçün bayramdır. Jurnalistikaya ləkə salan belə şəxslərin tamamilə uzaqlaşdırılması üçün bu il daha da səylə mübarizə aparılmalıdır.

İnternet medianın KİVDF tərəfindən maliyyələşməsi ideyasının bu il reallaşacağı isə ən yaxşı hadisə kimi tarixə düşə bilər. Bu, öncül saytları bağlanmaqdan xilas edər.

Ümumilikdə xəbər sarıdan bol olduğuna görə sağ əli 2017-nin başına. Yeni ildə hamıya uğurlar arzulayırıq”.

"Report” informasiya agentliyinin rəhbəri Murad Əliyev 2016-cı ilin Azərbaycan mətbuatı üçün bir çox hadisələrlə yaddaqalan olduğunu deyib. 

"İstər ölkə daxilində baş verən proseslərin işıqlandırılmasında, istər regionda yaşanan kataklizmlərin işıqlandırılması ilə bağlı uğurlu hesab etmək olar. Lakin, şübhəsiz, Azərbaycan mətbuatının sınaq anı aprel döyüşləri zamanı oldu - mətbuatımız aktiv informasiya müharibəsinə necə hazır olduğunu nümayiş etdirməli idi və bunun da öhdəsindən kifayət qədər uğurla gələ bildi. Misal üçün, "Report” agentliyinin müharibə şəraiti, Azərbaycan ordusunun uğurları ilə bağlı 100-dən artıq informasiya dərc etmişdir ki, bunun da mütləq əksəriyyəti saytın rus və ingilis dili versiyalarında dərc olunub. Bundan əlavə, mətbuat üçün ötən ilin əhəmiyyətli hadisələri sırasına bu il iyunun 17-19-da Bakıda ilk dəfə keçirilən Formula 1 üzrə Avropa "Qran Pri”sini qeyd etmək olar, həmçinin "Rio-2016” Yay Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycan idmançılarının uğurlu sayıla biləcək çıxışları.

Ölkə səviyyəsində önəmli hadisələrdən biri də sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsi (referendum) olub ki, ölkə mətbuatı da bu hadisənin işıqlandırılmasında kifayət qədər operativ işləyib. Misal üçün, 2009-cu ildə keçirilmiş referendumu işıqlandırmış jurnalist kimi deyə bilərəm ki , ötən 7 ildə ölkə mediasının belə önəmli hadisəni işıqlandırmaq təcrübəsi xeyli artıb.

2017-ci ildə də mətbuatımızdan ən azı ötən ilki qədər aktiv olmağı, taleyüklü məsələlərə dərhal reaksiya verməyi gözləyirəm. Bu xüsusda elə "Report” agentliyi də jurnalistikamızın artan tempindən geri qalmamağı hədəf seçəcək”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb