“El həyatı” məcmuəsi
Akif Aşırlı
Nübar nüsxəsi 1918-ci ilin yanvarın 14-də işıq üzü görən "El həyatı” jurnalının cəmi üç sayı çap olunub. Birinci Dünya müharibəsinin sonlarında, gərgin hərbi-siyasi vəziyyətdə oxucuların istehlak hüquqlarını qorumaq mahiyyəti daşıyan və üç sayı ilə tarixləşən bir məcmuənin spesifikası, toxunduğu mövzuların əhatəliyi, əhalini maarifləndirmək missiyası kifayət qədər maraq doğurur. "El həyatı” təkcə istehlakçı hüququndan, Qafqazda tüğyan edən ərzaq qıtlığı və qiymətlərin süni şəkildə artırılmasına yazılar həsr etmirdi, dövrün ən vacib problemlərini də diqqətə gətirir, fərqli baxış bucağında oxuculara çatdırırdı.
Tək nüsxəsi 50 qəpiyə satılan, illik abunəsi 12 manat olan, "Açıq söz” qəzeti redaksiyasının mətbəəsində nəşr edilən bu məcmuənin redaksiyası Bakıda Petrovski meydanında, "Prikaspiyski soyuz”un kooperasiya kontorunda” yerləşirdi. "Siyasi, ədəbi, ictimai, iqtisadi 15 gündən bir nəşr olunan türk məcmuəsi” olduğunu bildirən "El həyatı” ilk sayında öz məqsədlərini belə bəyan edirdi: "Məlum olduğu üzrə davam etməkdə olan Cahan müharibəsinin 2-ci sənəsindən başlayaraq Qafqaziyanın mərkəzi ədd edilən Bakıda gündən-günə artmaqda olan istehlak cəmiyyətlərinin ittifaqı, "Prikaspiyski soyuz” kooperasiyası təşkil edilib xırda cəmiyyətlər üçün iş icrasında ruh kimi bir mövqe tutmuşdur. Filhəqiqə xırda istehlak cəmiyyətləri əhali üçün böyük iqtisadi rol oynamış isə, mühüm qəhətlik qarşısında durub xırda ihtikarçılar ilə mübarizədə və mücadilədə bulunmuş isə, nəticə yoxdur”. Vəziyyətin acınacaqlı hal aldığını qeyd edən baş məqalə müəllifi çıxış yolunu xırda istehlak cəmiyyətlərinin birləşməsində görürdü. Jurnalın tək istehlak, qiymət bahalığı və qəhətlikdən yazmayacağını qeyd edən müəllif məcmuədə müxtəlif siyasi əqidəyə sahib yazarların iştirakını oxuculara çatdırırdı: "Bunun üçün nəşrinə başladığımız məcmuədə hər firqəyə mənsub fikir sahibi mühərrir arkadaşlarımız iştirak edə biləcəklər. Məcmuəmiz haman mühərrir arkadaşlara xitab edərək deyir: "Möhtərəm el həyatı xadimləri, ədəbiyyat bağçasının xoş gülləri! Sizin məqalələrinizə əhalinin ehtiyacı vardır”. Müxtəlif siyasi əqidəli yazarları bir araya gətirmək missiyasını həyata keçirəcəyi vədini verən məcmuə sahibləri bu istəyi həyata keçirə bilmədi. Azərbaycanda sosial demokrat firqəsinə mənsub olub, sosial ədalət şüarı ilə çıxış edənlər məcmuənin ən aparıcı simaları oldu. Jurnalın 25 fevral 1918-ci il 3-cü sayındakı abunə elanında "El həyatı”nın müəllif heyəti barədə verilən məlumata əsasən demək olar ki, bu mətbu orqanın aparıcı yazarları sosial demokratlardan ibarət idi: "Məcmuə 16 səhifədən ibarət olub, indilik 15 gündə bir dəfə nəşr olunub, islam həyat ictimaiyyəsinə, müsəlman müstəhlək cəmiyyətlərinə dair kafi məsələlərlə məzindir. Yaxın zamanda müstəhlək cəmiyyətlərinə dair nüsxələr də məsur ediləcəkdir. Məcmuədə müsəlman yazıçılardan doktor Nəriman Nərimanov, Hüseyn Sadıq, doktor Sultan Məcid Qənizadə, Ağababa Yusifzadə, Dadaş Bünyadzadə, Abdızadə Ağaəli Qasımov, Dərviş və sairləri iştirak etməkdədirlər. Məcmuə heç bir firqənin məruc-əfkarı olmayıb, yalnız fəqiri-kasibənin müdafiəçisi olacaqdır”. Adları sadalanan yazar kontingenti sırasında yalnız Hüseyn Sadıq millətçi, Sultan Məcid Qənizadə isə "ittihadçı” mövqeyə sahib idi.
Nəriman Nərimanovun aparıcılıq etdiyi bu jurnalın yaradıcılıq işlərinə məcmuənin katibi sosial demokrat Ağababa Yusifzadə nəzarət edirdi. Maliyyə və kağız cəhətdən "kooperasiya idarəsi”nin təmin etdiyi "El həyatı”nda həm də bədii yazılara, dil və ədəbi tənqid məsələlərinə, iqtisadi təhlillərə də yer verilirdi.
Məcmuədə mövqe üstünlüyü peşəkar jurnalistikanın prinsiplərini mükəmməl bilən və publisist kimi cəmiyyətdə yaxşı tanınan "Hümmət” Partiyasının sədri Nəriman Nərimanova məxsus idi. Jurnalın hər üç sayında baş məqalənin müəllifi də odur. "El həyatının səadəti eldən asılıdır” adlı məqalələri məcmuənin birinci və ikinci saylarda çap olunan Nəriman Nərimanov Azərbaycan ailələrində yaşanan ağır vəziyyəti bədii boyalarla, təsirli bir üslubda qələmə alaraq yazırdı: "Gecələr yorğana bürünmüş quru yerdə dükanlar qabağında növbələrdə yatanları gördünüz. Gündüzlər uşaqlarını evdə sahibsiz qoyub üç-dörd kirvənkə kartof üçün yüz, iki yüz növbədə duran arvadları hazırda görməkdəsiniz. Fəqət, bu küçələrdə yuxulayanların, bu növbədə duran arvadların evlərindən, bu evlərdə tökülən qanlı yaşlardan, aclıqdan mərəz tutmuş şam kimi əriyən çılpaq bədənlərdən, körpə balaların dadsız, südsüz ana əmcəklərini hirslə buraxıb bağırmalarından xəbəriniz yoxdur zənn edərəm”. Ərzaq qıtlığı və bahalığın Azərbaycan insanına gətirdiyi faciələri xatırladan müəllif bu vəziyyətin ölkənin gələcəyi üçün də böyük təhlükə törədəcəyinin fərqində idi. Körpə uşaqların, ana bətnində olan fidanların belə ağır vəziyyətdə inkişafdan qalacağını məmləkətin ən böyük problemi olduğunu ixtisasca həkim olan N.Nərimanov ürək ağrısı ilə dilə gətirirdi: "Boy atan uşağın bədəni müəyyən əczalara möhtacdır. Körpənin sümüyü və bunun bərkişməyi üçün ana südündə müəyyən əczalar lazımdır. Çolaq, əyriqıç, əyribel, bütün bədəndən zəif, vəzli, çxotkalı, bir gün yaxşı, on gün baş ağrısından yer tapmayan uşaqlardan nə gözləyə bilərik? Məktəbə, sənətə yaramayan bu zavallı millət balaları camaatın hansı işinə yarayacaqlar?” Bu problemləri müharibənin yaratdığı haqqında söylənən iddiaları qismən qəbul edən müəllif savaşdan öncədə də zirzəmilərdə acından can verənlərin olduğunu, sadəcə, vəziyyətin çılpaqlığını müharibənin üzə çıxardığını bildirir və qeyd edir ki, yenə də özlərinə nicat yolu açan fəhlə və zəhmətkeşlər oldu. 1944-cü ildə ingilis şəhərlərinin birində işsiz qalıb ağır günlər keçirən fəhlələrin məşvərətinin nəticəsi olaraq kooperativlərin yaradıldığını tarixi misallarla oxuculara çatdıran N.Nərimanov Çarls Qovardsın adını çəkərək, onun rəhbərliyi ilə fəhlələrin bir araya gəlib 25 manata dükan açaraq uğur qazanmalarını fakt kimi göstərdi və Bakı üçün bu modeli təklif etdi: "...Düz, doğru yol ilə gedən kooperativ cəmiyyəti günbəgün tərəqqi edib böyük maqazinlər açdı və axırda da haman bu cəmiyyətin fabrikaları, zavodları meydana gəlib, paraxodları dərya ləpələrində üzə-üzə qeyri şəhərlərə, məmləkətlərə ucuz, saf mallar daşıyırdılar”.
"Əcəba, bu 25 manat ilə açılmış dükan nə üçün tərəqqi etdi” sualına cavab verən müəllif qeyd edir ki, bu cəmiyyətin üzvləri ittifaq edib, özlərinə söz verdilər ki, üzvlər şəhərin harasında sakin olsalar da, alverlərini öz dükanlarında etsinlər və bununla da həyatda yaşamlarını təmin etsinlər. Ərzaq qıtlığının, bahalığın qarşısında az əməkhaqqı alan zəhmətkeşlər qismən də olsa öz ehtiyaclarını ödədilər.
Məqalədə qaldırılan problemlərə və bu çətinliklərin həll yolları barədə təkliflərə münasibət məcmuənin 2-ci sayındakı baş məqalədə oxuculara çatdırılır. Birlik və həmrəyliyin nəticəsində nəinki maddi, həmçinin mənəvi ehtiyacların da ödənilməsini qeyd edən müəllif yazır: "Keçən nömrədə məqsədimiz barədə yazmışdıq. Bugünkü nömrəmizdə "El həyatı”nın səadəti eldən asılıdır” ünvanilə keçmiş nömrəmizdə başlatdığımız məqalənin axırına diqqət etsəniz görərsiniz ki, həqiqətən el cəmiyyəti dükanları, daha doğrusu, budkaları meydana gətirən cəmiyyətlər düz-doğru yolla gedərlərsə, nəinki bir maddi və hətta mənəvi həyatdan camaata böyük xidmətlər göstərə bilərlər. Kooperativ cəmiyyətlərin tarixindən el darülfunları və türlü-türlü sənət məktəblərinin meydana gəlmələri göz qabağındadır”. Zəhmətkeşlərin həmrəyliyinin nəticəsində formalaşan bu formatdakı ticarət mərkəzlərinin bütün dünyada, o cümlədən Avropada imperializmə quyu qazmaqda olduğu barədə müəllifin iddiaları təbii ki, siyasi mövqedən doğurdu.
Aztəminatlı ailələrin, sosial çətinliklə üz-üzə dayanan zəhmətkeşlərin hüquqlarını ön plana çıxaran N.Nərimanov müharibənin inqilabi situasiya yaratdığını "El həyatı”nın 3-cü sayında "Avropa fikrində və həyatında müdam inqilab” məqaləsində təsvir edərək yazır: "Avropa həyatında və fikrində inqilab çoxdan görünməkdədir. Zamanla ruhanilərin təsiri altında yaşayan hökumət öz yerini eqan tələb etdiyi qanunlarıyla meydana gələn siyasi hökumətə tapşırdı. Din və əql hər biri müstəqil yaşamağa başladı. İnsan qarışıq qaranlıq pərdələri qaldırıb, həyatının mənasını düşünüb inqilaba yol açdı. Bu inqilabın meydana gəlməsinə nəinki maddi, siyasi hüquqi məsələlər səbəb oldu”.
Dünyada inqilabın baş verəcəyinə əminliyini ifadə edən Azərbaycanın inqilab rəhbəri qeyd edirdi ki, inqilaba səbəb həqiqəti nahaqdan seçən, doğrunu yalandan ayıran insana məxsus düşüncələrdir.
Yaranmış iqtisadi çətinliklərin gətirdiyi faciələrin ölkədə yeni siyasi şərait yaratdığını duyan Azərbaycan sosialistlərindən biri də Dadaş Bünyadzadə idi. D.Bünyadzadə məcmuənin ikinci sayında "Fəhlə və kooperasiya” sərlövhəli məqalə ilə çıxış etdi. N.Nərimanov kimi təsirli tonda oxuculara müraciət edən müəllif yazırdı: "Yemək yox! Hər şey baha! Dükançı öz insaf və insaniyyətini unudub malın üstünə artıq qiymətlər qoyaraq alver dəftərçəsini yazmaqdadır. Ət dükanları qabağında uzun quyruqlarla camaat cərgəyə düzülmüş, ət çatmayır. Odun iskladında odun yox. Süd tapılmayır... Uşaqları bu həngamə qarşısında nə ilə doydurmaq? Necə geyindirmək və nə təhər bu bahalıqda dolandırmaq?”
Azərbaycan sosialistlərinin inqilab qoxuyan yazılarını öz səhifələrində dərc edən "El həyatı” hərdən bir oxucu məktubları da çap edirdi. Mir Həsən Munsif jurnalın ərsəyə gəlməsində iştirak edənlərə təşəkkür edərək yazırdı: "Zəmanəmizin şu ağır günlərində vətənimizin şu hərc-mərclik vəqtində və vətəndaşlarımızın məlumata möhtac olduğu bir halda "El həyatı” qəzetəsini nəşr etdirdiyinə görə təşəkkür edirəm”.
Jurnalın bir neçə sayında "Müstəhləklər cəmiyyətinin nizamnaməsi” dərc olunaraq şəhərdə və ətraf bölgələrdə kooperativlər yaratmaq qaydaları oxuculara çatdırılır, bir növ bu sahədə təbliğat aparılırdı.
(Davamı var)
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb