"Parlament seçkilərindən sonra da düşmən ölkədə qarşıdurma davam edəcək""Gözləntilər əbəsdir. Rusiya və ABŞ Qarabağ məsələsində birgə səylər göstərməkdə maraqlı deyil, planlarında da birgə təşəbbüs yoxdur"
"Nəticə əldə edənə qədər Azərbaycan ordu siyasəti ilə Ermənistanı basqı altında saxlamalıdır"
Uzun aradan sonra Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların bərpa olunduğunu söyləmək mümkündür. Belə ki, konfliktin həllinə vasitəçilik edən ATƏT-in Minsk Qrupunun təşkilatçılığı ilə Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin ikinci görüşü keçirildi. Dekabrın 5-də İtaliyanın Milan şəhərində həmsədrlərlə birgə Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında təmas gerçəkləşdi.
Görüş zamanı növbəti danışıqların gələn ay davam etdirilməsi barədə razılıq əldə olunub. Məmmədyarov açıqlamasında bildirib ki, görüş 3 saata yaxın davam edib: "Üç saatadək davam edən görüşdə tərəflərin bir-birlərinin mövqeyini daha yaxşı anlaması baxımından çox mühüm və faydalı danışıqlar aparılıb. Bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimalla gələn ay davam etdirilməsi razılaşdırılıb".
Nazirin bu açıqlaması müəyyən qədər nikbin görünür. Çünki cənab Məmmədyarov tərəflərin biri-birini daha yaxşı anlaması baxımından Milan görüşünü faydalı adlandırır. Bununla yanaşı, növbəti dəfə bir araya gəlinəcəyinin anonsunu verir.
Danışıqların bərpası sayılacaq nazirlərin ikinci təmasından müəyyən ümid işartılarının olduğu qənaəti yaranır. Lakin Azərbaycanda bunun əksini düşünənlərin sayı çoxdur.
Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış politoloq Eldar Namazov "Şərq”ə müsahibəsində indiki geopolitik situasiyada Qarabağ danışıqlarının effekti, Ermənistandakı durum, həmsədrlərin fəaliyyəti haqqında geniş danışdı. Analitik deyir ki, hazırda Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Qarabağla bağlı daha sərt mövqe tutub...
- Nikol indi hakimiyyətini möhkəmləndirməyə çalışır. Ümumiyyətlə, Ermənistanda həmişə hakimiyyət dəyişiklikləri zamanı Qarabağ problemi "siyasi kart” kimi istifadə olunur. Mən Ermənistanda seçkilərlə bağlı debatları izləyirəm, hansı qüvvənin nə dediyinin monitorinqini aparıram. Demək olar ki, indi düşmən ölkədə seçki platformalarında əsas müzakirə Qarabağ məsələsi ilə bağlıdır. Bu gün Ermənistanda hər iki siyasi tərəf biri-birini satqınlıqda ittiham edir. Eyni zamanda hər iki tərəf daha sərt görünməyə, daha radikal mövqedən çıxış etməyə çalışır. Hesab edirəm ki, hazırda Minsk Qrupunun təşkil etdiyi nazirlərin görüşündən müsbət nəticə gözləmək böyük sadəlövhlük olardı. Çünki Ermənistan tərəfdə hazırkı siyasi situasiya Qarabağ münaqişəsinin sülhlə həlli istiqamətində hansısa ümid yaratmır.
- O zaman belə bir geosiyasi vəziyyətdə həmsədrlərin XİN başçılarını görüşdürməsinin nə əhəmiyyəti var?
- Ümumiyyətlə, biz anlamalıyıq ki, Minsk Qrupunda biri-biri ilə geopolitik mübarizə aparan, rəqib olan iki əsas dövlət təmsil olunur – Rusiya və ABŞ. Bu dövlətlərin dünyada olan münaqişlələrin heç biri ilə bağlı birgə, ortaq yanaşması mövcud deyil. O cümlədən də Qarabağ konflikti ilə bağlı. Kreml və Ağ Ev bunu nə qədər pərdələsə də, desə də ki, Minsk Qrupu çərçivəsində birgə səylər göstərirlər, bu yalandır. Rusiya çalışır ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı öz maraqlarına uyğun nəticə əldə etsin. Rəsmi Moskva Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək niyyəti güdür. ABŞ da əksinə, Rusiyanın bu siyasətinin qarşısını almağa cəhd edir. Ağ Ev də Cənubi Qafqazda mövqelərinin möhkəmləndirilməsini istəyir. Belə olan halda, bu dövlətlərin Qarabağla bağlı hansı ortaq yanaşmasından söhbət gedə bilər? Bu dövlətlərin biri-birinə əks mövqeyi sülh danışıqlarında müsbət tendensiyanın yaranmasına imkan verə bilməz.

- Minsk Qrupundan kənarda Rusiyanın Qarabağla bağlı müəyyən təşəbbüsləri oldu...
- Bəli, Kreml birtərəfli təşəbbüslərlə çıxış etdi. Kazan görüşü, "Lavrov planı” deyilən təşəbbüslər var idi. Amma situasiya dəyişmədi. Bir müddət öncə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi cənab Con Bolton regiona səfər etdi. O, maraqlı bir açıqlama vermişdi. Bolton bildirdi ki, ABŞ Minsk Qrupu çərçivəsində də, həmsədrlikdən kənar da Qarabağ münaqişəsinin sülhlə həlli istiqamətində səylərini davam etdirəcək. Bununla ilk dəfə idi Ağ Ev mesaj verdi ki, Amerika da Minsk Qrupundan kənar, təkbaşına problemin həlli ilə bağlı hansısa təşəbbüslərlə çıxış edə bilər. Deməli, qənaətimiz möhkəmlənir ki, bu iki dövlət birgə səylər göstərməkdə maraqlı deyil, planlarında da birgə təşəbbüs yoxdur. Bu dövlətlərin bir niyyəti var – biri-birlərini Cənubi Qafqazdan sıxışdıraraq çıxarmaq. Rusiyanın və ABŞ-ın həmsədrlikdən kənar təşəbbüslər göstərmə cəhdləri onu göstərir ki, Minsk Qrupu çərçivəsində aparılan danışıqlardan hansısa müsbət nəticə gözləməyə dəyməz.
- Bəs rəsmi Bakı nə etməlidir?
- Azərbaycan öz gücünü 2016-cı ildə, "Aprel döyüşləri”ndə nümayiş etdirdi, bununla Ermənistan tərəfini qorxuya saldı. Həmin vaxt iki strateji əhəmiyyət kəsb edən yüksəklikləri qaytara bildik. Bu yaxınlarda Naxçıvan istiqamətində neytral sayılan, faktiki olaraq isə Azərbaycanın ərazisi olan Günnütü nəzarətinə götürərək, mövqelərimizi daha da gücləndirdi. Demək olar ki, hazırda Azərbaycan strateji yüksəkliklərə, yollara nəzarət etməkdədir. Hansı ki nəzarətimizdə olan yerlərdən Dağlıq Qarabağa silah-sursat daşınırdı. Bunlar xırda məsələlər deyil. Hazırda da Azərbaycan Ermənistana ciddi təzyiqlər etməkdədir. Ordumuz belə fəallıq göstərdiyi bir zamanda, diplomatiyamız da fəal olmalıdır. Diplomatiyamız Ermənistana qarşı təzyiq siyasəti aparmalıdır, eynilə ordumuzun etdiyi təzyiq kimi. Bu siyasət də həm beynəlxalq təşkilatlar səviyyəsində, həm də Minsk Qrupu çərçivəsində həyata keçirilməlidir. Məsələn, ermənilər işğal olunmuş ərazilərimizə dünyanın müxtəlif konflikt yaşanan bölgələrindən, Yaxın Şərqdəki müharibə gedən yerlərindən erməniləri yığıb gətirib Qarabağda yerləşdirir. İşğalda olan ərazilərimizdə coğrafi adları dəyişirlər, müxtəlif tikintilər aparırlar. Nəzərə alsaq ki, işğalda olan ərazilərlə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var, bu sənədlərdə torpaqların şərtsiz qaytarılması tələb olunur, buna uyğun Azərbaycan diplomatiyası beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsinə çalışmalıdır. Beynəlxalq təşkilatlar qarşısında ciddi tələb qaldırılmalıdır. Diplomatiyamız beynəlxalq qurumlarda ermənilərin Qarabağda yer adlarını dəyişdirməsini, orada məskunlaşma həyata keçirilməsini qadağan edən yeni sənədlərin qəbuluna nail olmalıdır. Yenə deyirəm, necə ki ordu vasitəsi ilə təzyiq edirik, eləcə də diplomatiyamız təzyiq siyasətinə keçməlidir.
- Yəni ordu ilə diplomatiya birgə addım atmalıdır...
- Kordinasiyalı işlər görülməlidir, vahid Qarabağ strategiyası olmalıdır. Bu gün ordu quruculuğu və ordunun möhkəmləndirilməsi yüksək səviyyədə həyata keçirilir, cəbhədə təzyiq siyasəti davam etdirilir. Bu baxımdan müəyyən ciddi uğurlar da əldə edilib. Lakin diplomatiyamız axsayır. Diplomatik sahədə "danışıqlar davam etdirilir”, "ümidlər var” kimi bəyanatlar verilir ki, bu, yetərsizsdir. Vahid strategiya ilə müsbət nəticə əldə edilə bilər. Ordu bir istiqamətdə, diplomatiya başqa bir istiqamətdə fəaliyyət göstərərsə, ümid azalır. Hesab edirəm ki, bu gün ordu siyasəti daha uğurludur – daimi təzyiq olmalıdır. Nəticə əldə etmək üçün Ermənistan tərəfi basqı altında saxlanmalıdır. O zaman diplomatik "masalarda əlimiz güclənəcək”. Beynəlxalq hüquq normaları da Azərbaycanın tərəfindədir, haqlı tərəf də Azərbaycandır. Eyni zamanda Azərbaycan diplomatiyasının arxasında real ordu gücü var. Bütün dünya artıq qəbul edir ki, Azərbaycan Silahlı Qüvvələri öz torpaqlarını işğaldan azad etməyə qadirdir.
- Ordu quruculuğu, ordumuzun gücü demişkən, NATO dövlətləri Azərbaycana silah embarqosunu götürdü. Artıq Fransa ölkəmizə silah satışını həyata keçirəcək...
- Bundan əvvəl də Azərbaycan NATO üzvü olan müxtəlif ölkələrdən silah alıb. Söhbət təkcə Türkiyədən getmir, bir neçə Avropa dövlətlərindən silah tədarükü faktları var. İndi bu proses daha da genişlənir. Təkcə Fransa deyil, ABŞ-da da belə fikirləşirlər ki, Rusiya bölgəyə silah satırsa, bundan istifadə edərək təsir imkanlarını gücləndirirsə, biz niyə bunu etməyək?! Məsələ budur ki, Ermənistanın maliyyə resursları yoxdur ki, silah almaq baxımından Azərbaycanla rəqabətə girsin. Hər kəs anlayır ki, bölgə dövlətlərinə NATO ölkələrinin silah satışı embarqosunun götürülməsindən Azərbaycan bəhrələnəcək. Avropa dövlətlərinin Azərbaycana silah satışı prosesi bir neçə ildir başlayıb. Artıq Fransa və ABŞ-ın da silah tədarükünə başlamaq istəyi, prosesi daha da sürətləndirəcək.
- Yəni bu, NATO dövlətləri ilə yanaşı, bizim də xeyrimizədir...
- Əlbəttə xeyrimizədir. Çünki Rusiyadan silah almağımızla bağlı problem olmasa da, narahatlıq vardı. Azərbaycan Rusiyadan beş milyard dollarlıq silah almaqla bağlı ikitərəfli müqavilə imzalayıb. Çox ciddi rəqəmdir. Beş milyard dollar Rusiyanın hərbi sənaye kompleksi üçün çox önəmli məsələdir. Bu pullar Rusiyanın silah zavodlarının işləməsinə imkan verir. Nəzərə almaq lazımdır ki, son illər Rusiyanın dövlət büdcəsindən silah sənayesi üçün ayrılan maliyyənin miqdarı azaldılıb, ölkənin maliyyə vəziyyəti ağırlaşıb, beynəlxalq sanksiyalar altındadır. Belə bir məqamda Azərbaycanla beş milyard dollarlıq silah satışı müqaviləsini imzalamaq, Rusiya silah sənayesi üçün çox vacibdir. Həmin pullarla zavodlarını işlək vəziyyətdə saxlayırlar. Bizim üçün narahatlıq doğuran odur ki, Rusiya istehsal etdiyi silahlardan Azərbaycan torpaqlarını işğal etmiş, işğalçılığı davam etdirən Ermənistana verir. Bunu ya kredit şəklində satır, ya da hədiyyə edir. Ermənistana kreditlə silah vermək, hədiyyə etmək kimi bir haldır. Çünki Ermənistan nə əvvəl, nə indi, nə də bundan sonra o kreditləri qaytaracaq. Buna düşmən ölkənin maliyyəsi, gücü çatmır. Təbii ki, bu, Azərbaycan tərəfində narahatlıq yaratmaya bilməz. Çünki biz nağd şəkildə pul verib, silah alırıq, Rusiyanın silah sənayesinə töhfə veririk. Rusiya isə bizim ərazilərimizi işğal edən Ermənistana silah hədiyyə edir. Bu, ədalətsiz yanaşmadır. Ona görə də düşünürəm ki, Azərbaycan ordusunun texniki-təchizatını gücləndirmək üçün nə qədər çox ölkə ilə əməkdaşlıq etsə, bir o qədər xeyrimizədir. Söhbət Rusiyadan da güclü silah istehsal edən ölkələrdən gedir. Məsələn, bu gün Fransa dünyada silah sənayesi sahəsində kifayət qədər inkişaf etmiş, bu sahədə aparıcı ölkələrdən biridir. Fransanın istehsal etdiyi raket sistemləri NATO-da ən yaxşı silahlardan sayılır. Böyük Britaniya, İtaliya və digər Avropa ölkələri öz ordularını Fransanın istehsal etdiyi müasir sistemlərlə təchiz ediblər. Hesab edirəm ki, ABŞ-la da, Fransa ilə də, digər müasir silah istehsalçısı ölkələrlə əməkdaşlığımız nə qədər güclənsə, bir o qədər bu bizim milli maraqlarımıza uyğundur.
- Bazar günü Ermənistanda parlament seçkiləridir. Hazırda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın hakimiyyətdə qalıb-qalmayacağı sual altındadır. Çünki faktiki düşmən ölkədə gərgin seçki situasiyası hökm sürür. Paşinyanla yanaşı sabiqlər, "Koçaryan-Sarkisyan klanı” da hakimiyyətə iddialıdırlar. Paşinyan seçilsə və yaxud da sabiqlər qalib gəlsələr, Yerevanın Qarabağla bağlı siyasəti necə olacaq?

- Əslində biz Qarabağ məsələsində Paşinyandan da sabiqlərdən, yəni Koçaryan-Sarkisyandan da heç nə gözləməli deyilik. Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin yeganə yolu ordumuzun buna qadir olmasıdır. Fərqi yoxdur Ermənistanda Sarkisyandır hakimiyyətdə, Paşinyandır və ya bir başqasıdır. Düşmən ölkədə kimin hakimiyyətdə olmasından asılı olmayaraq biz torpaqlarımızı qaytaracağıq, ərazi bütövlüyümüzü təmin edəcəyik. Azərbaycanın əsas istiqaməti gücümüzə arxalanaraq iradəmizi ortaya qoymaqdan ibarət olmalıdır. Paşinyan və Sarkisyan nə qədər biri-birinə əks qütblərdə dayansalar da, onların heç birindən Qarabağ məsələsində ciddi güzəşt gözləmək olmaz. Məncə, Paşinyan bu seçkilərdə qalib gələcək. Çünki "məxməri inqilab”dan çox az vaxt keçib. Hələ erməni cəmiyyətində Paşinyana müəyyən qədər inam var. Bu da seçkilərə təsir edəcək. Amma günü-gündən Paşinyanın vəziyyəti daha da pisləşir. Birincisi, islahat həyata keçirmək üçün onun kadrları yoxdur. İkincisi, özü və təyin etdiyi kadrlar daxili və xarici siyasətdə ciddi səhvlərə yol verir. Üçüncüsü isə Rusiya bütün imkanlarından, resurslarından istifadə edəcək ki, Paşinyan hakimiyyətini çökdürsün. Kremlin Ermənistanda gücü hamıya bəllidir. Orada rusiyapərəst qüvvələr çoxdur, Moskvanın Yerevana təsir rıçaqları kifayət qədərdir. Bununla Rusiya Paşinyanı gücdən, nüfuzdan salacaq ki, növbəti mərhələdə öz istədiyi şəxsi hakimiyyətə gətirə bilsin. Belə bir şəraitdə şəxsən mən Ermənistanın Qarabağ məsələsinin sülh yolu ilə həlli istiqamətində addım gözləmirəm. Düşünmürəm ki, Paşinyan bu seçkidə qalib gəlsə də, 5 il stabil şəkildə hakimiyyətdə qala bilsin. Ermənistanda ciddi siyasi böhranlar hələ qabaqdadır. Parlament seçkilərindən sonra da düşmən ölkədə qarşıdurma davam edəcək.
- Qarşıdurma demişkən, faktiki separatçıların başçısı Bako Saakyanla Paşinyan arasında ciddi gərginlik var...
- Bəli, Ermənistan daxilindəki parçalanmalarla yanaşı, Qarabağ separatçıları ilə də qarşıdurma güclənəcək. Faktiki olaraq separatçılarla Paşinyan hakimiyyəti arasında zidiyyətlər hər gün bir az da artmaqdadır. Çünki Qarabağ separatçı rejimi Sarkisyanın formalaşdırdığı komandadan ibarətdir. Onlar da Paşinyana hər an zərbə vurmağa çalışacaqlar. Belə vəziyyətdə, anarxiyanın, böhranın yaşandığı bir dövlətin rəhbərliyindən Qarabağ konflikti ilə bağlı hansısa addım gözləmək olmaz. Azərbaycan yalnız cəbhədə təzyiqlərini artırmalıdır. Dediyim kimi, ordumuzun basqısı ilə yanaşı, diplomatik səyləri gücləndirməliyik. Beynəlxalq təşkilatlara qəbul etdirməliyik ki, Ermənistan sizin qəbul etdiyiniz qətnamələri yerinə yetirmir, beynəlxalq hüququ tapdalayır, sizə hörmətsizlik edir. Bu yollarla beynəlxalq aləmi Ermənistana təzyiq mexanizmini həyata keçirməsinə vadar etməliyik. Xəbərdarlıq olunmalıdır ki, əgər Ermənistana ciddi təzyiqlər edilmirsə, o zaman Azərbaycanın ərazilərini hərbi yolla azad etməsi üçün "yaşıl işıq” yandırılsın.
Anar Bayramoğlu