"Rusiya-Ukrayna müharibəsi fonunda danışıqlar prosesi yenidən gündəmə gəlsə də, tərəflər arasında razılaşma əldə olunması hələ də real görünmür. Vladimir Putin son açıqlamalarında Rusiyanın döyüş meydanında üstünlük əldə etdiyini bildirərək Ukrayna rəhbərliyi ilə bağlı sərt mövqe ortaya qoyub. Bununla yanaşı, ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Ukraynaya səfəri və tərəflər arasında vasitəçilik səylərinin yenidən intensivləşdirilməsi gözlənilir. Ukrayna tərəfi də sentyabr ayında danışıqlar prosesində müəyyən irəliləyişlərin mümkün olduğunu bildirir".
Bunu Sherg.az-a Milli Cəbhə partiyasının başqanın müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
O qeyd edib ki, Hazırkı mərhələdə Rusiya və Ukrayna arasında fundamental fikir ayrılıqları səbəbindən hər hansı yekun razılaşmanın əldə olunması olduqca çətindir:

"Moskvanın əsas tələbləri ilə Kiyevin ərazi bütövlüyü və təhlükəsizlik məsələsində mövqeləri arasında ciddi ziddiyyətlər qalır. Rusiya-Ukrayna müharibəsi yalnız iki ölkə arasında ərazi münaqişəsi deyil, eyni zamanda daha geniş geosiyasi qarşıdurmadır. Moskvanın strateji məqsədlərindən biri Ukraynanı yenidən öz təsir dairəsinə qaytarmaq və Rusiyanın böyük güc statusunu möhkəmləndirməkdir. Kremlin Ukraynanı Rusiya təsir dairəsində saxlamaq və NATO-nun şərqə doğru genişlənməsinin qarşısını almaq istəyinin müharibənin əsas strateji məqsədlərindən biridir".
Analitik əlavə edib ki, əgər Rusiya Ukraynada öz məqsədlərinə böyük ölçüdə nail olarsa, bunun Cənubi Qafqaz və Mərkəzi Asiya üçün də ciddi geosiyasi nəticələri ola bilər:
" Xüsusilə Azərbaycan və Ermənistan üzərində Moskvanın siyasi və diplomatik təzyiq imkanlarının artması mümkün ola bilər. Eyni zamanda, Mərkəzi Asiya ölkələri də Rusiyanın ənənəvi təsir dairəsini qorumaq cəhdləri ilə üzləşə bilər. Bununla belə, bu, avtomatik olaraq həmin ölkələrə qarşı hərbi müdaxilə demək deyil; daha çox siyasi, iqtisadi, təhlükəsizlik və diplomatik təsir uğrunda mübarizənin güclənmə ehtimalıdır. Qeyd edim ki, Vladimir Putinin siyasətini yalnız Ukrayna ilə məhdudlaşmır. Moskvanın daha geniş məqsədi postsovet məkanında Rusiyanın strateji təsir imkanlarını qorumaq və böyük güc kimi mövqeyini möhkəmləndirməkdir. Ukrayna müharibəsi isə bu geosiyasi mübarizənin əsas cəbhəsinə çevrilib".