“Elə aktyor olub ki, iki dəfə ev veriblər”

Ağaxan Salmanlı: “Amma mənim 75 yaşım olur, bir otaqlı ev belə verilməyib ki, mən orda yaşaya bilim”
“Heç nə istəmirəm, bir otaqlı hansısa metroya yaxın yerdə evim olsun ki, işə gedib-gələ bilim”


Həyat olumla ölüm arasında kiçik bir epizoda bənzəyir. Yaşından asılı olmayaraq istənilən insan yaşadığı illərin necə gəlib keçdiyini hiss etmir. Dəyərli insan odur ki, bu epizodu baş rol qədər ifa edə bilsin, yəni ömrünü mənalı yaşasın. Dahi rejissor, pedaqoq Konstantin Stanislavski demişdir: "İstedadlı aktyor rolu oynamamalıdır, yaşamalıdır”. Bu isə o deməkdir ki, insan həyatda olduğu kimi olmalıdır, yəni səmimi.

Bu gün həmsöhbətim epizodik rolları baş rol qədər dəyərləndirə və təqdim edə bilən Xalq artisti Ağaxan Salmanlıdır. Xalq artisti 75 illik yubileyi ərəfəsində "Şərq”ə maraqlı açılamalar verdi. O, əsl sənətkar olduğunu bir daha sübut etdi. Bir daha təkəbbürlü olmadığını, bəzilərindən elə bu qədər saf olduğu üçün, bəzən böyüməyən, qəlbi hələ də uşaq kimi təmiz olduğunun cavabları ilə təsdiqləmiş oldu. Biz də Xalq artisti ilə söhbət müddətində bir daha onun ömür yolunu izləmiş olduq.

- 75 illik yubileyə hazırlaşır Ağaxan Salmanlı...

- Əslində mən hazırlaşmıram (gülür). Gənc Tamaşaçılar Teatrının kollektivi və rəhbərliyi, deyəsən, yubileyimizi qeyd etmək istəyir. Məsələ ondadır ki, teatrımızın iki aktyorunun bu il yubileyidir. Yasin Qarayevin və mənim. Yasin Qarayevin yubileyi mayda tamam oldu. Mənim yubileyim isə oktyabr ayında olacaq. Ona görə də teatr belə qərara gəlib ki, iki aktyorun ümumiləşmiş yubileyini təşkil etsin. Teatr Muzeyi Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə tədbir keçirdi. Mədəniyyt Nazirliyindən Nahidə xanım İsmayılova və bir çox ziyalılılar bu tədbirdə iştirak edirdi. Azərpaşa Nemətov, Əli Əmirli və bir çox digərləri təbrik etdilər, hədiyyəmizi verdilər. Hər ikimizin tamaşalarından çarxlar düzəltmişdilər, təqim etdilər. Ancaq mən özüm 75 illik ömür yolumun xatirələrini yazmışam. İstərdim ki, bu xatirələri kitab şəklində çap edim. Nəşriyyat tapa bilmirəm ki, çap etsinlər. Yəni bu kitabı çap etməyə dəstək olan olsa, çox sevinərəm. İki diskimi hazırlamışam. Bir diskimdə məktəb səhnəsi üçün kompozisiyalarımdı, adının "Gülsün, günəş” adlandırmışam. Digər diskdə isə mənim öz pyeslərim, nağıllarım əsasında səhnələşdirdiyim pyeslər, tərcümə etdiyim əsərlərdən ibarət tamaşalardı. Kitab da hazırlamışam. Görək də, nəşriyyat axtarıram, sponsorluq etsə, çap etdirərəm. Yeni mövsümdə isə uşaqlar üçün yeni bir tamaşa hazırlamağı düşünürəm”. Məlikməmmədin nağılı”. Bir də Yasin Qarayevlə mənim bir yerdə hazırladığımız komediya üzərində işləmək istəyirəm. Bu da olsun bizim yubileyimizə hədiyyə. Gələcəkdə bir tamaşam da Salyan Dövlət Kukla Teatrında səhnəyə qoyulacaq. Bir də Mingəçevir teatrında əsərim səhnəyə qoyulacaq.

- 60 illik yubileyinizdə iştirak edirdim. O zaman qeyd etdiz ki, mən 60 illik yubileyimi qeyd etsəm də, ruhum hələ də gəncdir. Üstündən 15 il ötür. Yenə də ruhunuz gəncdir.

- Sözün doğrusu, mən yaş hiss etmirəm. Hərdən ayaqlarım bir az tutulur, açılmır. Onda başa düşürəm ki, hə, deyəsən qocalıram. Amma qəlbən yaş hiss etmirəm. Elə həmin qəlbi kövrək, həmin sadə qəlbli, uşaq kimi tez aldanan, bəzən ərköyün, aldanmağa meyilli insanam. Hər gördüyümə emosional yanaşan bir adamam. Bu gün də elə qalmışam. Məni də Allah belə yaradıb, nə edə bilərəm.

- Əslində bəlkə də elə bu qədər sadə olduğunuz üçün sevilmisiz. Bəziləri kimi təkəbbürlü deyilsiz...

- Yox. Təkəbbürüm yoxdu mənim. Sizə bir olmuş epizod danışacam. Bu yaxınlarda "Xoxan” filminin 2-cisinə çəkilmişəm. Elməddəin, Fərda və mən. Bir neçə gün öncə baş verib. Son çəkilişim idi. Hardasa saat 7-də çəkiliş bitdi. Mən evə gəlməliyəm. Onlar istəyirdilər ki, mənə taksi tutsunlar. Çəkilişlər də Pirşağıda keçirilirdi. Dayanacaqda dayandım ki, avtobusa oturum. 23 nömrəli avtobus gəldi. İçi də adam dolu, basabas, minməyə yer yox. Birtəhər özümü soxuşdurdum içəri. Gördüm arxamca səslənirlər ki, Ağaxan müəllim getmə, getmə. Mən getdim. Yəni mənim üçün fərqi yoxdu. İctiami nəqliyyatdan da istifadə edirəm. Ayaqla da yol çox gedirəm. Yəni o barədə çox dözümlüyəm. Məni atam əsgər böyüdüb. Naz-qəmzəli, ədalı, təkəbbürlü deyiləm. Necə deyərlər, xalqın dözümlü nümayəndəsiyəm.

- Yəni avtomobiliniz yoxdu...

- Yox, maşınım yoxdu.

- Heç vaxt olmayıb?

- Olub. 1993-cü ildə maşın qəzasına düşdüm. O gündən gözüm qorxdu. Daha həmin gündən maşın sürməyə cəsarət etmirəm. O xof məndə qaldı. Ayağım pedala dəyəndə əsirəm.

- O qədər də asan səhnə yolunuz olmayıb.

- Çox çətinliklər yaşamışam. Zülmlə gəlib bu günümə çıxmışam. Nə arxamda duran kimsəm olub, nə dayım, nə əmim. Sənət aləmində də mənə dəstək verən yaxınım, qohum-əqrəbam olmayıb. Mən zəhmət çəkərək bu səhnədə dayanmışam. Aktyor sənəti əsgəri bir sənətdi. Çətinliyi, ağırlığı çox olur. Gecəsi, gündüzü olmayan dönəmi olur. Mən əsgərəm, desələr filan vaxtı bu yerdə olmalısan, bu tamaşada oynamalısan, mən buna hazır olmalıyam. Vaxtsız-vədəsiz çəkilişlər, məşqlər olur. Yaddaşın yerində olmalıdır. Ağlın varsa, bunun unutmamalısan. Aktyor naz etməməlidir ki, ya yoruldum, acmışam, susuzam, halım pisdi.

- Amma elə sənətçilər, aktyorlar var ki, onlar dəvət aldıqları zaman şərtlərini dilə gətirirlər ki, mənim üçün filan şərait qurulmalıdı, bu olmalıdı....

- Mən heç vaxt bunu bacarmamışam. Razıyam, bəli, elə aktyorlar, aktrisalar var. Hətta bizdə eləsi var idi ki, gedib-gəlməmək üçün Pirşağıda mehmanxanada qalırdı, ki, rahat olsun ona. Mən elə nazlılardan deyiləm, yooox. Qətiyyən.

- Bəlkə siz də elə şərtlər qoysaydız, daha çox dəyərli görünərdiz....

- Övladım, bu xasiyyətdi. Bu kodlaşıb. Bunu dəyişmək mümkün deyil. Bundan sonra isə heç mümkün deyil.

- Səhnə həyatınızda haqsızlıqlar görmüsüz?

- Olub, niyə olmayıb ki? Sadəcə mən belə şeylərə önəm verməmişəm. Görsəm də işimi davam etmişəm. Təbii ki, mənə təsir edəni də olub. Amma mən yenə rolumu oynamışam. Mənim rolumu başqasına da veriblər, nə bilim, başqa haqsızlıqlar da görmüşəm. Amma dözmüşəm. Desəm nə dəyişərdi ki? Demək mənim naxışım belə gətirib. Mən bu barədə xatirələrimdə yazmışam. Qismət olsa, çap etdirə bilsəm, oxuyan olar. Mənim dayım, əmim olmayıb ki, məni kimsə tapşırsın. Ona görə də mən ancaq özümə güvənmişəm. Çalışmışam. Yorulmadan çalışmışam. Həyatda haqsızlıq görmüşəm. İnsan məxluqu çətindi. Kimisi şöhrətə, kimisi var-dövlətə əyilib. Mən zəhmətimin sahəsində, bir də Allahın mənə verdiyi səbr, güc sayəsində bu günümə gəlib çatmışam. Bir Allah bəndəsi mənə kömək etməyib.

- Elə aktyorlar olub ki, sizdən sonra sənətə gəliblər, amma sizdən daha böyük rollara sahib olublar, daha tez dəyərləndiriliblər. Təsir edib bunlar sizə?

- O qədər olub ki, sonra gələn məndən qabağa keçib. Məşqlərdə tənqid olunanlar olub ki, rolu oynaya bilməyiblər, filan, tənqid olunublar. 5 gün sonra ondan da böyük rolu həvalə ediblər həmin adama. Məndən sonra gələnlər olub ki, məndən də qabaq Xalq artisti adına layiq görülüb, məndən sonra gələnə ev də verilib. Bu, bəxt məsələsidi. Bilirsiz, bütün bunlar alın yazısı, taleyin bir oyunudu. Taleyin oyununu kimsə dəyişə bilməz. Mən görmüşəm ki, qarşımdakı məndən zəifdi, amma səsimi çıxarmamışam, başımı salıb işimi görmüşəm. Mən Allahıma şükr edirəm ki, mənə dəstək olub. Tək bir Allaha inanmışam. Sıxanlar da olub, yolumu kəsmək istəyənlər də olub. Mən fikir verməmişəm.

- Mübarizəni sevməmisiz? Axı deyirlər mübariz insanlar həyatda qazanırlar...

- Mən işimdə mübariz olmuşam, çalışmışam yaxşı rol oynayım, əziyyət çəkmişəm ki, kimsədən zəif olmayım. Amma bir də insanın bəxti olmalıdı.

- Dediniz həmkarlarınıza ev verilib. Sizə heç vaxt ev verilməyib? Ağaxan Salmanlı evsizdi?

- Elə aktyor olub ki, bir dəfə yox, iki dəfə ev verilib ona. Amma mənim 75 yaşım olur, bir otaqlı ev belə verilməyib ki, mən orda yaşaya bilim. Mən 3 otaqlı ev istəmirəm ki... Bir otaqlı ev verəydilər, heç olmasa, şəhərə yaxın olaydı bir az. İşə gedib-gələndə bu qədər əziyyət çəkməzdim. Mən "Xoxan”a çəkiləndə gün ərzində 5-6 saat yolda vaxt itirirdim. 2 saata, bir az da çox getməyə. Sonra da o qədər vaxtı evə qayıtmağa vaxtım gedir. Soruşursuz evin var? Evim var. Babamın evidi. 100 il əvvəl tikilən ev. Babamdan atama, atamdan mənə qalıb. Yəni baba yurdumdu. Amma b günə qədər hökumət mənə 4 divarlı, bir otaq verməyib ki, orda yaşayım. Mənim yaşım da az deyil. Daha nə vaxt görəcəm bunu? Verilişlərə dəvət alıram, çox vaxt uzaq yerdə yaşadığım üçün imtina edirəm. Səhər verilişinə gəlib çatmaq üçün ən azı səhər 7-də gərək evdən çıxım ki, gəlib saat 10-da verilişdə iştirak edə bilim.

- İnşallah, 75 illik yubileyiniz oktyabrda tamam olacaq. İnşallah, ev almaq xəbərinizə görə sizi təbrik edək.

- İnşallah. Qızım, inanın, bu mənim üçün böyük bir hədiyyə olar. Mən heç vaxt iddialı olmamışam. Amma insanam da, bu yaşda bir otaq istəməyə. Arzulamağa yəqin ki, artıq haqqım çatır. Mən 75 yaşına çatmışam, bu günə qədər hökumət mənə bir dəfə də olsun ev təklif etməyib. Mən sənətkaram. Mənim bir otaqlı da olsa evə ehtiyacım var. Buna haqqım çatır axı. İnşallah, səsinizi eşidən olar. Məni də evlə təmin edərlər. Heç nə istəmirəm, bir otaqlı hansısa metroya yaxın yerdə evim olsun ki, işə gedib-gələ bilim. Yenə deyirəm, mən ruhumla hələ də gəncəm, çalışmaq istəyirəm. Mən heç vaxt şan-şöhrət arxasınca qaçmamışam. Heç vaxt kiməsə paxıllıq etməmişəm. Heç vaxt da kiməsə yaltaqlıq edə bilməmişəm. Yəqin yaltaqlığı bacarsaydım, bu günə qədər mənə də ev verilərdi.

Tahirə Məmmədqızı