"Evdən çıxmadan, fotonu ticarət saytına yüklədikdə sistem uyğun gələn rəng və model növünü seçib, həmin virtual otaqlarda alıcıya tövsiyə edir"
"Azərbaycanda elektron ticarət qonşu ölkələrlə nisbətdə az inkişaf edib”.
Bunu "Sherg.az”a elektron ticarətin tənizmlənməsi məsələsindən danışarkən iqtisadçı- ekspert Natiq Cəfərli deyib.
O vurğulayıb ki, elektron ticarətin genişlənməsi ticarət və valyuta əməliyyatlarının şəffaflaşmasına, vergidən yayınma hallarının azalmasına müsbət təsir edən amilə çevrilə bilər:
"Bu prosesi dünya standartlarına uyğun həyata keçirmək üçün ilk növbədə bank sektoru hazır olmalıdır. İstənilən elektron ticarət platformasına uyğun bank kartlarının olması, əldə olunan məhsulların vaxtlı-vaxtında, keyfiyyətli şəkildə çatdırılması, yükdaşıma şirkətlərinin normal fəaliyyət göstərməsi vacib amillərdəndir. Hətta qanunvericiliyin dəyişdirilməsinə də müəyyən qədər ehtiyac var ki, elektron ticarətin təşviqinə xidmət edilsin.
Dünyada hətta elektron formada ticarət həyata keçirən ərzaq mağazaları belə mövcuddur. Bunların satış nöqtəsi məhduddur, ancaq anbardan ibarətdir. İnternet üzərindən sifariş verilən ərzaq məhsulları qısa zamanda evlərə çatdırılır, ödənişlər elektron şəkildə aparılır.
Elektron geyim ticarətində virtual soyunub-geyinmə otaqları belə reallaşdırılıb. Evdən çıxmadan, fotonu ticarət saytına yüklədikdə sistem uyğun gələn rəng və model növünü seçib, həmin virtual otaqlarda alıcıya tövsiyə edir.
Bütün bunları nəzərə aldıqda elektron ticarətin kifayət qədər inkişaf etdiyini vurğulamalıyıq. Elə ölkələr var ki, elektron ticarət ümumi ticarət dövriyyəsinin 25-30 faizini təşkil edir. Hətta bəzi ölkələr 2030-cu ilə qədər bu göstəricini 50 faizin üzərinə qaldırmağı hədəf qoyublar. Azərbaycanda da bu sahənin inkişafı ilə bağlı görüləsi işlər çoxdur. Söylədiyim kimi, bunun inkişafı üçün qanunvericilikdə müəyyən dəyişikliklərə ehtiyac var”.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında Birləşmiş Millətlər Təşkilatının "Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya”sına qoşulmaq haqqında qanun layihəsini müzakirə edilib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə müzakirə edilən konvensiyanın 2005-ci ildə qəbul edildiyini xatırladıb və əlavə edib ki, bu konvensiyaya qoşulmaqla elektron ticarətin tənizimlənməsi ilə bağlı dünya standartlarının tətbiqinə başlanılacaq.
Aysel Aslan