
Əlini ver, yaranı sarıyım, əsgər
Müharibəyə getmək istəyən gənc qızlar ilkin tibbi yardımı bilməlidirRadə Abbas: “Hərbi-tibbi yardım tibbi təhsildən əlavə bacarıq tələb edir”

Aidə Əsədova: "Bu sahədə yeni olan gənclərə ekstremal şəraitdə davranış qaydaları öyrədilir”
Azad İsazadə: "Bu gün üçün Azərbaycanda mülki əhalinin, xüsusən də qadınların tibb
işçisi kimi orduya cəlb olunma zərurəti yoxdur”
Son günlər cəbhə xəttində baş verən hadisələr Qarabağda müharibənin yenidən alovlanma ehtimalını hər gün bir az daha artırır. Aprel ayının əvvəlində həyata keçilirən hərbi əməliyyatlar, əsgərlərimizin şəhid olması müqabilində iki kəndin və önəmli döyüş mövqelərinin ələ keçirilməsi cəmiyyətdə ruh yüksəkliyi yaradıb. Görünən odur ki, Azərbaycan cəmiyyəti sakit günlərdə vətənpərvərlik ruhunu hiss etdirməsə də, Qarabağda kiçik bir tərpəniş zamanı bütünlüklə ayağa qalxmağa hazırdır. Hətta yaxın zamanlarda müharibənin başlayacağına ümid edib, könüllü döyüş bölgəsinə getməyi arzulayanlar da az deyil.
Deməli, ordumuzun tez zamanda üstünlüyü ələ alaraq düşmən tərəfi təşvişə salması fonunda Azərbaycanın müharibəyə tam hazır olduğunu deyə bilərik. Amma bir şeyi də nəzərə almalıyıq ki, hərbi əməliyyatların geniş miqyas alması fonunda çoxsaylı itki və yaralılarımız olacaq. Görəsən, döyüş şəraitində yaralıya ilkin müdaxilə necə edilməlidir və bu sahədə əsgərlərə sadəcə mənəvi dəstək nümayiş etdirməkdən "bezən” könüllülərin rolu nədən ibarət ola bilər?
"Kişilər düşmən çəpəridir” deyirlər. Vətəni, ailəni qorumaq onların borcudur. Lakin Qarabağ müharibəsi zamanı qadınlarımız da kişilərlə bərabər müharibənin ən qaynar nöqtələrində böyük
şücaət göstəriblər. Tarix boyu bu torpaq qəhrəmanlar yetişdirib. Bu gün onlar unudulmur, xalqımız öz qəhrəman qadınlarını hər zaman hörmətlə anır. Odur ki, elə bizi maraqlandıran suallarla bağlı ilk olaraq Qarabağ müharibəsinin qaynar nöqtələrində tibb bacısı kimi iştirak edən qadınlarımızla əlaqə saxlayıb, onlardan döyüş təcrübələrini bölüşmələrini xahiş etdik.
"... Siz müharibədə əsgərlərə bir ana kimi lazımsınız!”
"Müharibə Veteranları Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbas Ağdam cəbhəsində yaralanan əsgərləri yenidən həyata qaytarmaq üçün saatlarla cərrahiyyə əməliyyatında olub və bu gün də bu amac uğruna cəbhəyə yollanmağa hazırdır: "Birinci Qarabağ savaşında hərb sahəsində ixtisaslaşdırılmış tibb işçilərinin çatışmazlığı ucbatından yaralıların ağırlaşması, əsgərlərimizin ölüm sayı həddindən artıq çox olurdu. Tibbin öz qaydaları var, hərbi tibbin isə qaydaları çox fərqlidir. Yaralanma, sümük sınıqları ilə bağlı ətraflı bilgi olmalıdır. Bəzən ağır yaralanma zamanı sinir gərginliyindən xəstələr huşunu itirə, şoka düşə bilirlər. İnsanlar elə vəziyyətdə gətirilirdi ki, iki əlini, qolunu, gözünü mərmi aparırdı. Amma biz bütün bunlara baxmayaraq, onların sağ qalması üçün əlimizdən gələni edirdik. Belə hallarda nəticə əldə etmək üçün tibbdə xüsusi hazırlıq olmalı, səhra əməliyyatlarına hazırlıqlı olmalıyıq. Bunun üçün də müxtəlif kurslar təşkil olunmalıdır. Bu gün hərbi-tibbi hazırlıq ancaq tibbi təhsil ocaqlarında aparılır. Amma digər ixtisaslarda gənclər müharibə qaydalarına uyğunlaşdırılmır. Hansı ki, hərbi-tibbi yardım tibbi təhsildən əlavə bacarıq tələb edir”.
Radə xanım tibbi təhsili olmayan, lakin bu sahədə hazırlıq keçmək istəyən gəncləri öyrətməyə hazır olduğunu deyib: "Müharibə olsa, gənclərdən öncə biz getməliyik. Çünki bizim təcrübəmiz var. Bilirsinizmi, o vaxtlar müharibədə yaşanan ən ağır şey nə idi? Təcrübəli insanlar öndə olmalıdır, əgər onlar öndədirlərsə, deməli, qalibiyyət də olacaq. Gənclər də bizə baxıb ruhlanacaq. Bizim bu yaşda gücümüz gənclər qədər olmasa da, ən azından onlarda ruh yüksəkliyi yaratmaq və onları vətənpərvərliyə səsləmək bizlərin üzərinə düşür. Ancaq onu deyim ki, tibbi təhsili olmayan gənc qızlarımız üçün kurslar təşkil olunsa, müharibə təcrübəsi olan bir mütəxəssis olaraq, böyük məmnuniyyətlə həmin təlimlərdə iştirak etməyə hazıram. Düzdür, kənardan baxanda bu iş əhəmiyyətsiz kimi görünə bilər ki, könüllü tibbi yardım göstərməyin nə xeyri var!? Amma heç də bu qədər sadə deyil. İnanın ki, könüllü xanımlarımız orduda çox böyük işə yarayırlar. Əslində xanım, bəy bölgüsü aparmaq da istəmirəm. Bəlkə də, müharibə zamanı tibbi yardım prosesinə oğlanlarımızın cəlb olunması daha məqsədəuyğun olardı. Çünki yaralıları döyüşün ortasından çəkib, çıxarmaq fiziki güc tələb edir. Amma oğlanlarımız daha çox əlinə silah alıb, düşmənlə döyüşə həvəsli olduğu üçün bu iş qadınlarımızın üzərinə düşür. Əgər hansısa qurum bu kursların təşkilini öz üzərinə götürsə, mən onlarla işləməyə hazıram. Son olaraq onu da deyim ki, müharibədə iştirak edən tibb bacılarının hər biri döyüşçülərimiz üçün anadır, bacıdır. Əlindən heç nə gəlməsə belə, əlini yaralının alnına qoyub, "necəsən” deməsi onun üçün dünyalara dəyərdi. Belə hallar əsgərlərimizdə döyüş ruhunu artırır və onları sadəcə qələbəyə kökləyirdi. Bunu unutmayaq və xanımlarımızı da bu ruhda tərbiyə edək ki, siz müharibədə əsgərlərə bir ana kimi lazımsınız!”
Onları həyatda tutmaq üçün əlimizdən heç nə gəlməyəndə çox məyus olurduq
Qarabağ müharibəsi iştirakçısı, tibb bacısı Aidə Əsədova isə deyib ki, müharibə zamanı hərbi-tibbi yardım nazirliyin göstərişi əsasında həyata keçirilir. Ancaq yaralılar çox olduğu halda əlavə yardıma ehtiyac duyularsa, könüllülərdən istifadə olunur. Öz adımdan onu deyə bilərəm ki, bir tibb bacısı olaraq, yenidən ən qaynar döyüş nöqtələrində xidmət etməyə, öz borcumu yerinə yetirməyə hazıram”.
1992-ci ildə Ağdərə zonasında xidmət etdiyini vurğulayan Aidə xanım tibb bacısı kimi fəaliyyət göstərmək üçün könüllü gələnlərin həddindən artıq çox olduğunu deyib: "Könüllü gələnlər daha çox kiçik tibb bacısı kimi xidmət edir, yaralılara qulluq edirdilər. Əməliyyat zamanı alətlərin yuyulmasına kömək edənlər də vardı. Tibb təhsili olanlar əməliyyatda necə durmaq lazımdır, gətirilən yaralılara ilkin olaraq hansı yardımlar edilməlidir, bilirdi. Amma könüllülər daha çox qulluq işlərində əllərindən gələni etməyə çalışırdılar. Təbii ki, onları heç kəs məcbur eləmirdi. İçlərindəki Vətən sevgisi idi, qadınlarımızı döyüşün ortasına gətirən. Onu deyim ki, real olaraq müharibə olmasa da, bu gün cəbhə kəndlərinin əhalisi əlindən gəldiyi qədər əsgərlərimizə dəstək olur. Hosbitala gələn insanlar yemək gətirir, yaralıların əl-ayağını yumağı təklif edirlər. Amma burada biz özümüz bu işləri gördüyümüz üçün onlara sadəcə təşəkkür edib, yola salırıq”.
Təcrübəli tibb bacısının sözlərinə görə, müharibə başlamasa belə, bu sahədə yeni olan gənclərə ekstremal şəraitdə davranış qaydaları öyrədilir: "Müharibə görməyən adam üçün yaralıya qulluq etmək çətindir. İstər-istəməz adamda həyəcan olur. Elə adam var ki, ürəyi dözmür, ağlayır. Amma müharibə elə bir şeydir ki, insan istər-istəməz onun qaydalarına öyrəşməli olur. Qarabağ müharibəsində mənim cəmisi 19 yaşım vardı, amma qorxu nədir bilmirdim. Ölümü belə gözə almışdıq. O vaxtları bizim amalımız yaralı əsgərlərə yardım etmək idi. Demək olar ki, özümüz olmaqdan çıxmışdıq, bütün fikrimiz-zikrimiz əsgərlərin yanında idi. Onları həyatda tutmaq üçün əlimizdən heç nə gəlməyəndə çox məyus olurduq”.
Müharibə zamanı mülki əhali döyüşçülərdən daha aciz vəziyyətdə qalır
Son günlər cəbhədə baş verənlərin doğrudan da ciddi xarakter aldığını vurğulayan hərbi ekspert-psixoloq Azad İsazadənin sözlərinə görə, Qarabağ savaşı ətrafında həlqə artıq daralıb: "Orduda tibb xidməti ştat cədvəlində yer alıb. Peşəkar həkimlər, hərbi həkimlər, peşəkar, hərbi və orta tibbi personaldan ibarət olur. Sıravi əsgərlər arasında isə sanitar-instrukturlar seçilir. Tibbi ləvazimatlar, ilkin yardım çantası onda olur. Əsgərlərin isə hər birində tibb paketi olur. Hansı ki, əvvəlcədən onlara döyüş fəndlərinin təlimi zamanı yaralandıqları halda özlərinə və cəbhə yoldaşlarına ilkin tibbi yardım qaydaları öyrədilir”.
Azad İsazadənin sözlərinə görə, döyüşlər kəskin xarakter alanda yaralılar da çox olur və tibb işçilərinə tələbat artır. Bu zaman da orta tibb işçiləri və mülki əhali orduya cəlb olunurlar: "Bu gün üçün Azərbaycanda mülki əhalinin, xüsusən də qadınların tibb işçisi kimi orduya cəlb olunma zərurəti yoxdur. Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti və hazırlığı yüksək səviyyədə təşkil olunub. Amma istənilən halda mülki əhalinin orduya dəstək olması, müharibə başlayacağı halda qadınlarımızın könüllü yardım müraciətləri təqdirəlayiqdir. Hesab edirəm ki, ehtiyac olacağı halla hərbi komissarlıqların tərkibində hərbi-tibb kursları açmaq və könüllülərə təlim keçmək olar. Hansı ki, bizdə hərbi sürücülərin hazırlanması təcrübəsi artıq var. Bu kurslar zamanı qadınlara, hətta hərbi xidmət keçməyən gənc oğlanlara ilkin tibbi yardımın qaydalarını öyrətmək olar”.
Hərbi ekspertin sözlərinə görə, müharibəyə hazırlıq ilk növbədə sərhədyanı bölgələrdən başlamalıdır: "Könüllü gənclərlə yanaşı, cəbhə xəttinə yaxın rayonlarda da yerli əhali üçün ilkin yardım kursları təşkil etmək olar. Müharibə zamanı mülki əhali döyüşçülərdən daha aciz vəziyyətdə qalır. Orduda hərbi struktur da var, əsgərlər də azdan-çoxdan bu barədə bilgiləndirilir. Amma kəndlərdə isə tibb bacısı və feldşerlərin sayı az olur. Mərkəzi rayon xəstəxanaları uzaq olduğu üçün bəzən yaralını çatdırmaq olmur. Bu mənada yerli əhalinin ilkin hərbi-tibbi yardım qaydalarını öyrənməsini daha məqsədəuyğun hesab edirəm”.
Şəymən